"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ, 24/01/2025, 05:23
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 24 » Cabbarlı Cəfər Qafar oğlu
09:32
Cabbarlı Cəfər Qafar oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

     Cabbarlı Cəfər Qafar oğlu — azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi (1932).

    1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamışdır. Azərbaycan teatr sənətinin inkişafında böyük xidməti olmuşdur. Cəfər Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının ən gözəl cəhətlərini davam etdirməklə bərabər dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanıb. O, Azərbaycan dramaturgiyasında sosial realizmin banisi sayılır.

       Həyatı

       Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı məhəlləsi" adlanan yuxarı hissəsində yaşamışdır. Atası Qafar kişi Bakıda kiçik ticarət ilə məşğul olurdu. 1904-cü ildə Qafar kişi vəfat etdikdən sonra ailənin bütün yükü Cəfərin anası Şahbikə xanımın üzərinə düşür.

       İlk təhsil illəri

     Şahbikə xanım heç olmasa kiçik oğlunu təhsildən məhrum etməmək üçün Cəfəri əvvəlcə məhəllə mollasının yanında "çərəkə" oxumağa, bir az sonra isə Molla Qədirin yanında Quran oxumağa qoyur. Bu vaxtlar 6-7 yaşında olan Cəfər anasının bişirdiyi çörəkləri alverçilərin dükanına daşımaqla ailəsinə kömək edir. Mollaxananın ona bir şey verməyəcəyini başa düşən Cəfər başqa şəhər uşaqları ilə birlikdə 1905-ci ildə "Starıy Poçtovı-25"də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli "7-ci müsəlmani və rusi" məktəbinin birinci sinfinə daxil olur. Cəfərin ilk müəllimləri görkəmli pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1908-ci ildə "7-ci müsəlmani və rusi" məktəbini bitirib bir müddət ailəyə kömək edir. Sonralar Bakıda Alekseyev adına 3-cü ali-ibtidai məktəbdə oxuyur. 1915-ci il aprelin 2-də məktəbi bitirən gənc Cəfər sənədlərini Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə verir.

     Hələ ibtidai məktəbdə oxuduğu zaman Abdulla Şaiq və Süleyman Sani Axundov kimi yazıçı və müəllimlərin təsiri ilə Cəfərdə ədəbiyyata həvəs daha da qüvvətlənir və o, Azərbaycan və rus şairlərini mütaliə etməklə bərabər özü də şeir yazmağa başlayır.

     Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şeir, hekayə, opera mətni və hətta roman da vardır. Bəzi tədqiqatçılar Cabbarlının 1913-cü ildən öz yazıları ilə qəzet idarələrinə gəldiyini göstərirlər. 1990-cı ilin əvvəllərinə qədər belə həsab edilirdi ki, Cabbarlının ilk mənzuməsi 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində çap olunmuş "Bahar" şeiridir. Lakin dramaturqun əsərlərini son illərdə tədqiq edən tədqiqatçı-alim Asif Rüstəmlinin axtarışlarından məlum oldu ki, C. Cabbarlının ilk lirik və satirik şeirlərinin tarixini 1915-ci ilin aprel və iyun aylarında çap edilmiş "Bahar" və "Əl götür" şeirlərindən deyil, "Həqiqəti-Əfkar" qəzetinin 5 noyabr 1911-ci il 2-ci nömrəsində dərc edilmiş "Eşidənlərə" və "Şücaətim" şeirlərindən başlamaq lazımdır.

     1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alır. Sonra Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. Lakin bu sənət onu maraqlandırmadığına görə ərizə yazıb həmin fakültədən çıxır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.

     Cabbarlı ədəbiyyata yüngül bir həvəslə gəlməmişdi. Onu ədəbiyyata çəkən qüvvə ictimai həyatda fəal iştirak etmək ehtiyacı idi. O, hətta ilk əsərlərində də böyük maarifçi-yazıçıların, realistlərin yolu ilə getməyə çalışaraq, hər əsərində ictimai bir fikir ifadə edirdi, onun hər əsəri müəyyən daxili həyəcanın, düşüncənin nəticəsi kimi meydana çıxırdı.

      1915-1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövrdür. O, bir-birinin ardınca "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi və ya Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi Azərbaycan səhnəsini düşündürən əsərlər yazmış, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir.

     Yaradıcılığının ilk dövrü

     Lirik və satirik şeirləri. Hekayələri və ilk dram əsərləri

     Cabbarlının yaradıcılığı zaman etibarilə çox davam etməsə də, siyasi-ictimai cəhətdən çox əhəmiyyətli bir dövrü, 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə edir. Çox mühüm ictimai-siyasi hadisələrlə dolu olan bu tarixi dövrü nəzərdə tutaraq deyə bilərik ki, Cabbarlının ədəbi fəaliyyəti Azərbaycanda, xüsusən Bakıda kapitalizm münasibətlərinin sürətlə inkişaf etdiyi burjua və mülkədar Azərbaycanının fəhlə-kəndli sovet respublikasına çevrildiyi illərdə keçmişdir. Cabbarlının böyük yaradıcılıq yolu çətin və ziddiyyətli olsa da, əsasən, yüksəliş və tərəqqi yolu olmuşdur.

    Azərbaycan demokratik-realist klassik ədəbiyyatına, zəngin xalq yaradıcılığına əsaslanan Cabbarlı, başlıca olaraq, Mirzə Fətəli Axundov realizmindən qidalanırdı. Mirzə Fətəli Axundovun maarifçi-demokratik fikirlərini, həyatla dərindən bağlı olan realizmini Cabbarlı ümumiyyətlə Azərbaycan ədəbiyyatı üçün, xüsusən özü üçün ən düzgün bir yaradıcılıq yolu hesab edirdi.

    Cabbarlının əsaslandığı realizm xalq həyatı ilə, Azərbaycan zəhmətkeşlərinin azad və gözəl həyat haqqındakı arzuları ilə, xalqın irəliyə, işığa və sədaqətə doğru coşqun meylləri ilə bağlı idi.

    Qeyd edildiyi kimi, Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri 1911-ci ildə "Həqiqəti-Əfkar" qəzetində dərc olunmuşdu. 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində onun "Bahar" adlı şeiri nəşr olunmuşdu.

    "Məktəb" jurnalı tutduğu mövqe və məktəblilər arasında geniş yayılması ilə C.Cabbarlını da özünə cəlb edə bilmişdi. Deməli, C.Cabbarlının yaradıcılığa başlamasında "Məktəb" jurnalının da müəyyən rolu olmuşdur. 1915-ci ildə "Qurtuluş" jurnalı tərəfindən elan edilmiş müsabiqədə Cabbarlının "Qürub çağı bir yetim" şeiri bəyənilmiş və o, birincilik qazanaraq Sabirin "Hophopnamə"si və "Qurtuluş" jurnalının birillik abunəsi ilə mükafatlandırılmışdı.

      Gənc Cabbarlı hələ uşaq yaşlarından insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görür, birincilərin ağır, məşəqqətli həyat içərisində yaşamasını müşahidə edir və bütün bunları qələmə almağa, onlara öz münasibətini bildirməyə çalışır. Ayrı-ayrı ailələrin ağır vəziyyəti onu düşündürür. O, düşündüklərini "Boranlı qış gecəsi", "Bayram saxlayanlara", "Dilənçi" və "Novruz bayramına hazırlaşan müsəlmana töhfə" kimi şeirlərində əks etdirmişdir.

      Cabbarlı yaradıcılığının ilk dövründə mühüm yer tutan satira ədibin bir realist, bir demokrat kimi yetişməsində mühüm rol oynamışdır. Onun ilk satirik şeirlərində həm mövzu, həm də forma cəhətdən Sabir ruhu duyulmaqdadır. XX əsrin əvvəllərində Azərbaycanda yetişən realist satirik şairlərin hamısı bu və ya başqa şəkildə Sabir satirasının qüvvətli təsirini hiss etmişlər. Gənc Cabbarlı da ilk satirik şeirlərini bu böyük satirikin təsiri altında yazmışdır.

   Sabirdən öyrənmək, onun demokratik fikirlərindən mütəəssir olmaq, satirik üsullarından istifadə etmək Cabbarlının müsbət cəhətidir. Sabir yaradıcılığı onun üçün ilk realizm məktəbi, vətəndaş poeziyası məktəbi, cəmiyyətə, xalqa xidmət məktəbi idi.

      Cabbarlı öz satirik şeirlərini sadə, aydın yazmağa, fikrini real və canlı ifadə etməyə çalışarkən çox vaxt Sabirə müraciət edir və ondan bacarıqla istifadə etməyə müvəffəq olur. Aşağıdakı parçalar buna ən yaxşı misal ola bilər:

     "Qızıma" adlı satirasında qızlarını cəhalətdə saxlayan köhnə fikirli atalar tənqid edilmişlər. Maraqlıdır ki, Cəfər Cabbarlının "Qızıma" satirası Oksford Universiteti tərəfindən çap olunmuş dərsliyə daxil edilmişdir.

       Zahirən yüngül və bir qədər də "məzəli" görünən bu satirik şeirlərdə Cabbarlının qəzəbli səsi aydınca eşidilirdi. Onun ilk satirik şeirlərində qadın azadlığı mövzusuna xüsusi yer verilmişdir.

       "Hürriyyəti-nisvançılara protesto", "Arvadlar deyirlər", "Kişilər deyirlər", "Qızlardan kişilərə protesto" və başqa şeirlərində şair vaxtilə dəb halını almış qadın azadlığı məsələsinin yarımçıq həll edildiyindən, qadınların hələ də ibtidai hüquqlardan məhrum olduğundan bəhs edirdi. Bəzən şairin tənqid atəşi ictimai, siyasi məsələlərə doğru yönəlir, dövlət quruluşundakı nöqsanları ifşa edir.

    Cəfər Cabbarlının pyes və hekayələrində olduğu kimi, satirik şeirlərində də kapitalizm şəraitində qadına münasibət məsələsi mühüm yer tutur. Yazıçı satirik şeirlərində pis kişinin qadına, naxələf övladın anaya və eləcə də feodal-burjua cəmiyyətin qadına mənfi münasibətlərini tənqid edərək, onları öz hüquqlarını müdafiə etməyə çağırır.

    İlk şeir, hekayə və dramlarını Cabbarlı 1915-1916-cı illərdə yazmışdır. İlk hekayələrindən olan "Aslan və Fərhad"ın üzərində 15 iyul 1916-cı il tarixi vardır. "Mənsur və Sitarə" hekayəsinin əlyazma nüsxəsi və həmçinin "Sitarə" adlı operanın əlyazma nüsxəsində tarix yoxdur. Lakin əlyazmaların xəttindən, əsərlərin üslubundan asanlıqla təyin etmək olar ki, bunlar da 1915-ci ilin axırları və ya 1916-cı ilin ortalarında yazılmışdır.

      Cabbarlının ilk satirik və lirik şeirləri ilə bir zamanda yazılan bu əsərlərin mövzusu da, demək olar ki, bir-birinə çox yaxındır. Müəllif bu əsərlərində də cəmiyyətdəki ədalətsizlikdən bəhs edir. Gördüyü zülmə və haqsızlıqlara soyuqqanlı baxa bilməyən gənc yazıçı öz həyəcanını, qəzəb və nifrətini ifadə etməyə çalışır.

    C.Cabbarlı yaradıcılığa şeirlə başlasa da, ən gözəl əsərlərini dramaturgiya janrında yazmış və Azərbaycanın görkəmli dramaturqu və teatr xadimi kimi tanınmışdır. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaratmış, eyni zamanda incəsənətin müxtəlif sahələrində də fəaliyyət göstərmişdir.

    C.Cabbarlının yaradıcılığının ilk dövrünə aid olan "Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş" əsərinin üzərindəki qeydə görə əsər 30 dekabr 1915-ci ildə yazılmışdır. Müəllif bu əsərində cəmiyyətdəki ədalətsizlikdən bəhs edir, gördüyü haqsızlıqlara qəzəb və nifrətini bildirirdi. Bu əsərdə dramaturq burjua-mülkədar cəmiyyətində hökm sürən nadanlığın, cəhalətin və avamlığın bir-birini təmiz məhəbbətlə sevən gənclərin həyatlarına böyük maneə olduğunu göstərmişdir.

     "Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş" əsərindən sonra yazıçı "Solğun çiçəklər" əsərini yazmışdır. Əsər 1915-ci ildə yazılmışdır. Dramda yazıçı ictimai quruluşa qarşı öz etirazını bildirmişdir. Yazıçı "Solğun çiçəklər"də yaşadığı burjua-mülkədar cəmiyyətinin ziddiyyətlərini əsas götürərək, onu bir ailə daxilində verməyə çalışmışdır. Eyni zamanda həmin cəmiyyətdə hakim rolu olan pulun və dövlətin insanların əxlaqını pozaraq, daxili aləmlərini eybəcərləşdirdiklərini, sədaqətli, təmiz qəlbli insanlara əzab və işgəncələr verildiyini ifşa etmişdir. Əsər ilk dəfə 1916-cı ildə İsmailiyyədə oynanılmışdır.

      Ailə-məişət mövzusuna həsr olunmuş pyes Cabbarlının qüvvətli dramaturq istedadına malik olduğunu göstərir. Cəfər Cəfərov "Solğun çiçəklər" və "Vəfalı Səriyyə" pyesləri haqqında yazır:

     "Klassik Azərbaycan dramaturgiyasının ən yaxşı ənənələrinə sadiq qalan Cabbarlı eyni zamanda özünəməxsus bir səpgisi, orijinal xüsusiyyəti olan, ədəbiyyata yeni mövzular, obrazlar və ideyalar gətirən bir ədib kimi meydana çıxır.

     Bu pyeslərin ən qiymətli cəhəti mənfəət düşgünlərinin qəddar, qaba və nadan adamlar olduğunu ifşa etməsidir".

     Əsərdə Cabbarlı həyatı realist boyalarla təsvir edərək, ədalətsizliyin, fəlakətlərin mənbəyini göstərə bilmişdir.

  "Nəsrəddin şah" C.Cabbarlının ilk tarixi pyesidir. Ədibin əlyazmaları içərisində "Nəsrəddin şah" pyesinin variantlarının ən köhnəsi təxminən 1916-cı ilə aiddir. Əsərdə Cabbarlı İranda hökm sürən şah despotizmi fonunda zəhmətkeş kəndlilərin ağır həyatını, xanların azğınlığını, mütərəqqi İran gənclərinin azadlıq uğrunda mübarizəsini göstərmişdir.

    Cəfər Cabbarlı Azərbaycanda ilk dəfə olaraq tarixi dram janrını milli-azadlıq ideyaları ilə, geniş xalq kütlələrinin şah mütləqiyyətinə qarşı çıxışı ilə zənginləşdirmişdir.

    "Nəsrəddin şah" pyesində istibdad və mütləqiyyətə qarşı geniş xalq kütlələrinin mübarizəsinin əks olunması onun fərqli xüsusiyyəti olmuşdur. Azərbaycan dramaturgiyasında və C.Cabbarlının yaradıcılığında tarixi mövzunun işlənilməsi "Nəsrəddin şah"la yeni mərhələ idi. "Nəsrəddin şah" ilk dəfə Aşqabadda 1919-cu ildə tamaşaya qoyulmuşdur.

    1920-ci illər Cəfər Cabbarlı dramaturgiyası üçün dərin sarsıntılar, iztirablı axtarışlar, varlığa estetik münasibətdəki eniş yoxuşlar mərhələsi idi. Azərbaycan Demokratik Cumhuriyyəti dövründə (1918-1920) bir çox yazıçılar kimi, gənc Cabbarlının da dərindən çulğalamış milli problematika, milli iftixar, qürur və vətənpərvərlik ruhu ilə yazılmış "Ulduz və ya Trablis müharibəsi" (1917), "Ədirnə fəthi" (1917) pyesləri tənqid tərəfindən "ziyanlı sənət", "zərərli təmayül" kimi qarşılanmışdı. Hər iki əsərin mövzusu türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdən götürülmüşdür. Obraz və mövzu yaxınlığını nəzərə alaraq "Ədirnə fəthi" pyesini "Trablis müharibəsi və ya Ulduz" pyesinin davamı hesab etmək olar. Bu əsərlər türk məişətini, türk qəhrəmanlığını və şücaətini təbliğ etdiyi üçün hələ yazıldığı gündən vulqar tənqid tərəfindən "pantürkist", "panislamist" təmayüllü əsərlər kimi qarşılanmış, az sonra tamamilə səhnədən çıxarılmışdır.

    "Trablis müharibəsi və ya Ulduz" və "Ədirnə fəthi" əsərlərinin mövzusu qardaş Türkiyə türklərinin mübarizə dolu tarixinin yaxın keçmişindən (1911-1913-cü illər) götürülmüşdür.

     "Ulduz" (1917) və "Ədirnə fəthi" (1917) əsərlərini müəllif ömrünün gənclik çağında (18 yaşında), yaradıcılığının ilkin mərhələsində yazmışdır. C.Cabbarlı Bakı Politexnik məktəbinin tələbəsi olmasına baxmayaraq, Türkiyə tarixinin Balkan müharibəsi (1911-1913) dövrünü mətbuat məlumatları əsasında diqqətlə izləmiş, bəhrələndiyi tarixi faktlara yaradıcı münasibət bəsləyərək, problemlərin və xarakterlərin ziddiyyətli məqamlarını üz-üzə qoyaraq oxucuları və tamaşaçıları təsir altına, gərgin həyəcanlı anlara sala biləcək, bu gün də Azərbaycanda mövcud olan ictimai vəziyyətlə bağlı əlahiddə aktuallıq kəsb edən dəyərli səhnə əsərləri yaratmışdır.

    "Ulduz"da hadisələr İtaliya-Türkiyə müharibəsi fonunda cərəyan edir. "Ədirnə fəthi" faciəsini gənc Cabbarlı 1917-ci il oktyabrın 17-də bitirmiş, əsər elə həmin il, dekabrın 15-də tamaşaya qoyulmuşdur. Pyesin əsas məzmunu Balkan müharibələri dövründə təslimçi, riyakar mövqe tutmuş hakim dairələrə qarşı türk xalqının qəzəbi, itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, qəhrəmanlıq və rəşadəti təşkil edir.

    Yazıçının "Bakı müharibəsi" əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaqlarının azərbaycanlılara garşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla qəhrəman xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılırdı. Həmin faciə 1919-cu il sentyabrın 16-da Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulmuşdur. Lakin çox təəssüf ki, əsər bu günə kimi tapılmamışdır.

     Cabbarlının satirik və lirik şeirlərdən başlanıb ictimai-məişət pyeslərinədək gələn ilk yaradıcılıq dövrünün ümumi istiqaməti belədir. Cəmi 3-4 il sürən bu dövrü yazıçının ədəbi təcrübə illəri adlandırmaq daha düzgün olar. Bu dövrdə yazdığı əsərlərin bir çoxuna Cabbarlı nəinki böyük əhəmiyyət verməmişdi, hətta onların çap olunmasına da çalışmamışdı.

    Lakin buna baxmayaraq, bu dövr gənc yazıçının yaradıcılıq yolunda qanunauyğun bir mərhələ, ciddi ədəbi təcrübə əhəmiyyətinə malik idi. Bu dövrdə Cabbarlı realizm yoluna düşmüş və ictimai-məişət mövzularını işləməyə başlamışdı. İlk satirik və lirik şeirlərində o, cəmiyyətdəki nöqsanlara incə bir kinayə ilə gülməyi, onları acı-acı qamçılamağı, ifşa etməyi və onlara qarşı nifrət oyatmağı öyrənmişdi; hekayələrində insanlar arasındakı münasibətləri nisbətən geniş təsvir etməyə, yaxşı-yamanı, xeyir-şəri bir-birindən ayırmağa çalışmışdı. Bu hekayələrində Cabbarlı hələ cəsarətsiz bir şəkildə olsa da, xarakterlər yaratmağa təşəbbüs etmişdi. İlk pyeslərində isə bu təşəbbüs daha da artmışdı; yazıçı məişət səhnələrini, burjua cəmiyyəti ilə toqquşan fərdlərin faciəsini və nəhayət, ictimai ədalətsizliyə qarşı mübarizə meyllərini göstərməyi təcrübə etmişdi.

     Sənətkarlıq və dil cəhətdən də bu dövr Cabbarlı üçün bir hazırlıq məktəbi idi.

     Cəfər Cabbarlı mükafatı

    Cəfər Cabbarlının xatirəsini əziz tutan ailəsi və tədqiqatçıları böyük yazıçı və sənət adamının 100 illik yubileyi ərəfəsində ədəbiyyat, elm, musiqi və incəsənət sahələrində fərqlənən şəxsləri təltif etmək üçün "Cəfər Cabbarlı mükafatı"nı təsis ediblər. Cəfər Cabbarlı mükafatı ilk dəfə 1999-cu ildə, ikinci dəfə isə 2010-cu ildə təqdim edilmişdir.

     Vəfatı

     Sona xanımın xatirələrindən:

    "Ümumiyyətlə, bu illərdə Cəfər səhhətinin pozulduğuna baxmayaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə də kurorta, ya sanatoriyaya getməmişdi. Hətta, bağa, yaylağa da gəlməyə vaxt tapmırdı; gələndə də ancaq işləmək üçün, yazmaq üçün gəlirdi".

    İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət verməməsi nəticəsində Cabbarlı çox zəiflədi və 1934-cü ilin sonunda, dekabrın 31-də, səhər saat 4-də ürək iflicindən vəfat etdi.

     Məhəmməd Əmin Rəsulzadə öz əsərində qeyd edirdi:

     "O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu nitqində o, "həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş" üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır".

    Cabbarlının coşqun bir həvəs və enerji ilə yazıb yaratdığı bir zamanda gözlənilmədən vəfat etməsi Azərbaycan ədəbiyyatı və teatrı üçün, Azərbaycan xalqı üçün böyük bir itki idi.

       Səməd Vurğunun yazdıqlarından:

    "C.Cabbarlı XIX və XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən nadir simalarından biridir. Cabbarlı öz yaradıcılığının vüsəti, sənət xəzinəsinin zənginliyi etibarilə Mirzə Fətəli AxundovdanCəlil Məmmədquluzadədən (Molla Nəsrəddin) sonra XX əsr ədəbiyyatının ən görkəmli simasıdır. Cabbarlı Azərbaycan klassik dramaturgiyası və klassik şeiri zəminəsində yetişmiş, milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirmiş, yeni bir dramaturgiya ədəbi məktəbini yaratmış bir şəxsiyyətdir".

Əsərləri

Cəfər Cabbarlı. Əsərləri: I cild – Şeirləri, "Qız qalası" poeması, hekayələri;

Cəfər Cabbarlı. Əsərləri: II cild – Pyesləri;

Cəfər Cabbarlı. Əsərləri: III cild – Pyesləri;

Cəfər Cabbarlı. Əsərləri: IV cild – Kiçik həcmli və natamam pyesləri, librettoları, məqalələri.

  1. Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş (1915)
  2. Solğun çiçəklər (1917)
  3. Oqtay Eloğlu (1922)
  4. Od gəlini (1928)
  5. Gülzar (1924)
  6. Dilarə (1924)
  7. Dilbər (1927)
  8. Sevil (1928)
  9. Almaz (1931)
  10. Yaşar (1932)
  11. Dönüş (1932)

Şeirindən nümunə

Tellər oynadı

Bir mən idim, bir sən idin, bir də yamaclar,
Meşə yolu, yarpaq dolu yaşıl ağaclar.
Onda ki, ağ umuzlara töküldü saçlar,
Əsdi yarpaq, coşdu irmaq, güllər oynadı,
Ürəyimdə kaman kimi tellər oynadı.

Bir biz idik, bir düz idi, bir də al boya,
Dağ başında uçan quşlar endilər çaya.
Sən dedin ki: "Bütün dünya qoy dönsün toya!"
Çaldı qaval, uzaq kənddə ellər oynadı,
Ürəyimdə kaman kimi tellər oynadı.

Filmoqrafiya

  1. Abbas Mirzə Şərifzadə (film)

  2. Ağasadıq Gəraybəyli (film, 1974)

  3. Almaz (film, 1936)-ssenari müəllifi, əsər müəllifi

  4. Azadlığa gedən yollar (film, 1990)

  5. Bakı bağları. Buzovna (film, 2007)

  6. Balıqçılar (film, 1927)

  7. Cavid ömrü (film, 2007)

  8. Cəfər Cabbarlı (film, 1944)

  9. Cəfər Cabbarlı (film, 1969)

  10. Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973)

  11. Cəfər Cabbarlının dəfni (film, 1935)

  12. Hacı Qara (film, 1929)

  13. Qayıdış (film, 1992)

  14. Qəmbər Hüseynli (film, 2007)

  15. Onlar belə sevirdilər (veriliş, 2007)

  16. Sevil (film, 1929)

  17. Sevil (film, 1970)

  18. Solmaz bir bahar kimi (film, 1979)

  19. Yarasa (film, 1995)

Həmçinin bax

Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 691 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar