|
18:23
Akademiyada elmi tədqiqatların keyfiyyətini ölçən yeni sistem tətbiq olunur
| |
|
Azərbaycanda elmi işçilərin fəaliyyətini ölçən yeni rəqəmsal model hazırlanıb Azərbaycan Milli Elmlər Akademiyasında elmi idarəetmənin müasirləşdirilməsi və tədqiqatların keyfiyyətinin artırılması məqsədilə yeni qiymətləndirmə modeli hazırlanıb. Noyabrın 27-də Akademiyanın Rəyasət Heyətinin iclasında elmi əməkdaşların və tədqiqat müəssisələrinin illik fəaliyyətinin vahid bal sistemi əsasında rəqəmsal qiymətləndirilməsi mexanizmi müzakirə edilib. Yeni sistem həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin birlikdə ölçülməsinə əsaslanır. Qaydalara görə, alimlərin nəşrləri və elmi nəticələri rəqəmsal bazalar və rəsmi sənədlər vasitəsilə təsdiqlənəcək. Elmi işlərin keyfiyyəti isə iki müstəqil ekspertin rəyi əsasında yüz ballıq şkala üzrə beş əsas meyar üzrə dəyərləndiriləcək. Əgər ekspertlərin verdiyi qiymətlər arasında iyirmi baldan çox fərq yaranarsa, prosesə üçüncü müstəqil ekspert cəlb olunacaq. Bundan əlavə, humanitar və ictimai elmlərin xüsusiyyətləri də yeni modeldə nəzərə alınıb. Yeni tarixi mənbələrin elmi dövriyyəyə daxil edilməsi və elmi tənqidi mətnlərin hazırlanması ayrıca elmi nəticə kimi hesablanacaq. Akademiya rəhbərliyi bildirib ki, bu rəqəmsal yenilik elmi mühitdə şəffaflığı və akademik dürüstlüyü daha da gücləndirəcək.
Mənbə: Yazıda Azərtac internet səhifələrindən istifadə edilmişdir. K.Ələkbərli | |
|
| |
| Baxılıb: 25351 | | |
| Ümumi Şərhlər: 0 | |