"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ AXŞAMI, 19/11/2026, 23:52
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

BÖLMƏ

Sədərək
Sədərək rayonu - 15.01.1990
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
Xocalı
Xocalı rayonu - 26.02.1992
Şuşa
Şuşa rayonu - 08.05.1992
Laçın
Laçın rayonu - 18.05.1992
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
Tərtər
Tərtər rayonu - 07.07.1993
Ağdam
Ağdam rayonu - 23.07.1993
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
Füzuli
Füzuli rayonu - 23.08.1993
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
Zəngilan
Zəngilan rayonu - 29.10.1993

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

-BİTV- Odysee Kanal

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Vandalizm


Ağdam rayonu - 23.07.1993

VANDALİZM

Azərbaycan Respublikası Ağdam rayonu

Ağdam rayonu 1930-cu il avqustun 8-də yaradılmışdır və Azərbaycan Respublikasının inzibati rayonudur. Rayon Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının cənub-qərbində yerləşir. Bakıdan 358 kilometr aralıdadır. Rayon ərazisindən Yevlax, Laçın, Naxçıvan, Ağdərə və Füzuli magistral şose yolları keçir. 

Ağdam şəhəri Qarabağ düzünün ən iri şəhərlərindən biridir. Ona 1828-ci ildə şəhər statusu verilmişdir. Rayonun ümumi sahəsi 1154 kvadrat kilometr, əhalisi isə 194.800 nəfərdir. İnzibati əraziyə 1 şəhər, 1 qəsəbə və 119 kənd daxildir. Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı kəndləri rayonun iri yaşayış məntəqələridir. 

1993-cü il iyulun 23-dən etibarən Ağdam şəhəri də daxil olmaqla rayon ərazisinin böyük bir hissəsi erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində ərazi Ermənistan silahlı dəstələri tərəfindən talan olunmuş, vəhşicəsinə dağıdılmış və yandırılmışdır. İşğal səbəbindən Ağdam rayonunun yalnız 10 kəndi Azərbaycanın nəzarəti altında qalmışdır. 

Rayonun tarixçəsi — Ağdam rayonu Azərbaycanın qədim və füsunkar təbiətli Qarabağ bölgəsinin mərkəzində, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində və Kür-Araz ovalığının qərbində yerləşir. 

"Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişmişdir. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir. Bu mənada, "Ağdam" günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. 

Azərbaycan ərazisində dövlətin formalaşmağa başladığı dövrdə, yəni eramızdan əvvəl V-IV əsrlərdən etibarən Ağdam ərazisində alban tayfalarından biri olan qarqarlar məskən salmışdı. Qədim yunan və Roma müəlliflərinin əsərlərində qarqarların özünəməxsus dilləri olduğu deyilir. Mənbələrdə göstərilir ki, onların danışığında özünəməxsus boğaz səsləri var idi. VII əsrdə yaşamış alban tarixçisi Moisey Kalankatlı özünün "Alban tarixi" ("Avqan tarixi") əsərində göstərirdi ki, Aluen (bəzən Aquen də deyilir) alban çarlarının yay iqamətgahı idi. Tarixdə məşhur hadisələrdən biri olan Aluen yığıncağının 488-ci il mayın 13-də keçirildiyi deyilir. 

Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqatlar zamanı məlum olmuşdur ki, Ağdam qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın olmuşdur ki, ilk qədim insanlar rayon ərazisində 6-8 min il bundan əvvəl, yəni Eneolit dövründə yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Eneolit dövrü eramızdan əvvəl VI-IV minillikləri əhatə edir və "misdaş" dövrü adlanır. 

Alimin rayonun digər qədim yaşayış məskənləri olmuş Leylatəpə və Üzərliktəpə ərazilərində apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və Orta Tunc dövrünə (eramızdan əvvəl II minilliyin birinci yarısı) aid dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edilmişdir. Buradan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat sürmüş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərliktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Cənubi Qafqazda (Zaqafqaziyada) ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.  

Azərbaycan SSR dövründə, 1954–1956-cı illərdə Ağdamın şərqində Orta Tunc dövrünə aid qəsəbədə arxeoloji qazıntı işləri aparılmışdır. 

Professor Rəşid Göyüşovun araşdırmalarında qeyd olunur ki, Qafqaz Albaniyasının 26 tayfasından biri olan qarqarlar digər tayfa və qəbilələrdən seçilirmiş. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir. 1958-ci ildə yenə Rəşid Göyüşovun tədqiqatlarına görə, alban hökmdarlarından birinin qəbri olan möhtəşəm məbədin qalıqları məhz Ağdam ərazisindəki Sofulu kəndində yerləşən Govurqalada aşkar edilmişdir. 

XX əsrin 80-ci illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında tapılan, Son Tunc və Erkən Dəmir dövrünə (eramızdan əvvəl XIX-XIII əsrlər) aid möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən eramızdan əvvəl XIII-XII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur. Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlamışdır. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi. Onlardan biri olan və yüksək mədəniyyətə malik qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyunca məskunlaşmışdılar. 

1993-cü il iyulun 23-dən etibarən Ağdam rayonu erməni silahlı dəstələri tərəfindən işğal edilmiş, rayonun əraziləri və zəngin təbii sərvətləri talan olunaraq vəhşicəsinə dağıdılmışdır. 

Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan Demokratik Respublikası) dövrü — 1918-ci il oktyabrın 1-də türk generalı Nuru Paşa Ağdama gəlmişdir. Onu qarşılamaq üçün qara çərkəzi geyimdə olan yerli gənclərdən ibarət 30 nəfərlik fəxri qarovul göndərilmişdir. Şəhərin girişində məktəblilərdən ibarət orkestr və yerli könüllü hissələr dayanmışdı. Birinci zəfər qapısının yanında isə ruhanilər və beynəlmiləl komitə üzvləri əllərində şəhərin açarlarını tutmuşdular. Səhər saat 10-da qoşunlar bu tərkibdə şəhərə daxil olmuşlar: öndə süvarilər, arxasınca topçular və pulemyotçular. Qoşunların arxasınca isə Qaladərəsi qəhrəmanları Sultan bəy və İldırım bəy Qarabağ süvariləri ilə hərəkət edirdilər. Nuru Paşa Ağdamda Azərbaycan bayrağını qaldırdıqdan sonra Şuşaya doğru hərəkət etmişdir. 

Qarabağ müharibəsi və işğal dövrü — Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən proseslərin mərkəzi olmuşdur. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş ermənilər Azərbaycanın Dağlıq Qarabağ ərazisini işğal etmək məqsədilə 1988-ci ilin fevralında müharibəyə başlamışlar. Bu müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar rayonun və onun əhalisinin üzərinə düşmüşdür. 

1988-ci ilin son aylarında Ermənistandan, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətindən öz doğma yurdlarından silah gücünə, amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirmişdir. 

1991-ci il oktyabrın 1-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri Allahverdi Bağırov və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılmışdır. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərdən ibarət olan bu batalyon "Vətən oğulları" adlanırdı. Həmin il Eldar Bağırov Bakıda Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilmişdir. Qardaşının ölümündən sonra Allahverdi Bağırov saqqal saxlamış və batalyona rəhbərlik etmişdir. O, Ağdam əhalisinin göstərdiyi maddi yardım və öz şəxsi vəsaiti hesabına Qarabağ kəndlərində yaradılmış kiçik özünümüdafiə dəstələrinə yaxından kömək göstərmişdir. Allahverdi Bağırov Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşmuşdur. 

1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən erməni silahlı dəstələri Rusiya ordusuna arxalanaraq Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etmişlər. Xüsusən Ağdama edilən hücumların ardı-arası kəsilmirdi. 

1992-ci il iyunun 14-də təcili iş üçün Ağdama geri çağırılan Allahverdi Bağırovun olduğu avtomobil Naxçıvanikdən qayıdarkən minaya düşmüşdür. Avtomobildə olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov, sürücüsü və həkim Nizami şəhid olmuşlar. 

Üçüncü Respublika dövründə Qarabağ müharibəsi zamanı Ağdam şiddətli qarşıdurmalara səhnə olmuşdur. 1993-cü ildə Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində Ağdamın müdafiəsi xeyli zəifləmişdi. Ona tabe olan qüvvələr cəbhədəki mövqeləri tərk edərək Bakıya doğru hərəkət etmişdilər. Erməni silahlı dəstələri bu fürsətdən istifadə edərək 1993-cü il mayın 11-dən hücum əməliyyatlarını intensivləşdirmiş, iyunun 12-də isə Ağdam üzərinə genişmiqyaslı hücuma keçmişlər. İyulun 5-dək Ağdam şəhəri faktiki olaraq hər tərəfdən mühasirəyə alınmış və iyulun 23-dək "Qrad" qurğularından atəşə tutulmuşdur. Həmin gün Ağdam şəhəri süqut etmiş və erməni silahlı dəstələri tərəfindən tam işğal olunmuşdur. Şəhər yandırılmış, vəhşicəsinə dağıdılmış və talan edilmişdir. 

"Human Rights Watch" təşkilatı qərbli diplomatlardan birinin dediklərinə istinad edərək öz hesabatında yazır ki, bütün şəhərin yandırılması qoşunların intizamsızlığından deyil, erməni rəhbərliyi tərəfindən hərtərəfli düşünülmüş planın həyata keçirilməsindən xəbər verir. 

Ağdam rayonunun işğalından sonra BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupunun keçmiş sədri Mario Rafaellinin hesabatı əsasında 853 nömrəli qətnamə qəbul etmişdir. Bu sənəddə Ağdamın işğalı pislənilmiş, işğalçı dəstələrin ərazidən çıxarılması və qaçqınların öz yaşayış yerlərinə qayıtması tələb olunmuşdur. 

Ağdama edilən son hücumda 6.000 nəfər erməni döyüşçüsü iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər və muzdlular da var idi. Ağdam uğrunda gedən döyüşlərin birində erməni terrorçusu Monte Melkonyan gənc azərbaycanlı kəşfiyyatçı İbad Hüseynov tərəfindən öldürülmüşdür. 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində erməni silahlı dəstələri Ağdam rayonunun 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etmişlər. Qarabağ uğrunda gedən döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid olmuşdur. 

2008-ci ildə "Lonely Planet" jurnalı Ağdamı "Qafqaz Hiroşiması" adlandırmışdır. 2010-cu ildə "Əl-Cəzirə"nin internet nəşri Ağdamı "ruhlar şəhəri" siyahısına daxil etmişdir. 2010-cu ilin noyabr ayında Dağlıq Qarabağ separatçı rejimi rayonun adını erməniləşdirmək məqsədilə Ağdamın adını dəyişərək "Akna" qoymuşdur. Separatçıların verdiyi məlumata görə, Ağdamın işğal altında olan ərazilərində 360 nəfər daimi məskunlaşmışdır. 

Ağdam rayonunun kəndləri və qəsəbələri — Ağdam rayonunun inzibati ərazisinə Ağdam şəhəri, Quzanlı qəsəbəsi və 17 yeni salınmış qəsəbə daxildir. Yeni salınmış qəsəbələr bunlardır: Quzanlı, Ayaq Qərvənd, Xındırıstan, Ergi, Alıbəyli-1, Alıbəyli-2, Bənövşələr-390, Bənövşələr-70, Səfərli, Baharlı, Dördyol-1, Dördyol-2, Təzəkənd, Qasımbəyli, İmamqulubəyli, Quzanlı-1 və Quzanlı-689. 

Rayonun tərkibinə kəndlərlə birlikdə ümumilikdə 130-dan çox kənd daxildir. Şotlanlı, Şurabad, Umudlu, Qasımlı, Qurdlar, Şelli, Poladlı, Şıxbabalı, Muğanlı, Papravənd, Qarapirimli, Qullar, Qaradağlı, Gülablı, Abdal, Novruzlu, Kəngərli, Şirvanlı, Qaraqaşlı, Yusifcanlı, Göytəpə, Cəvahirli, Kosalar, Abdunlu, Sırxəvənd, Qaraşlar, Bəşirlər, Məlikli, Bas Güneypəyə, Yeni Qaralar, Xatınbəyli, Sarıcalı, Dadaşlı, Həsənxanlı, Kökəltmə Birliyi, Qazancı, Açarlı, Qarazeynallı, Orta Güneypəyə, Ballıqaya, Quzanlı, İmamqulubəyli, Çullu, Eyvazlı, Üçoğlan, Alıbəyli, Kiçikli, Ballar, Baharlı, Ortaqışlaq, Böyükbəyli, Qaradağlı, Rzalar, Evoğlu, Zəngişalı, Mahrızlı, Əfətli, Hacıməmmədli, İsalar, Küdürlü, Hacıturanlı, Qəhrəmanbəyli, Məm-mədbağırlı, Çəmənli, Şükürağalı, Xındırıstan, Sarıçoban, Paşabəyli, Baharlı, Bəybabalar, Baş Qərvənd, Orta Qərvənd, Ayaq Qərvənd, Əhmədağalı, Çıraqlı, Mirəşəlli, Kolqışlaq, Yusifli, Kəlbəhüseyinli, Birinci-yüzbaşılı, İkinciyüzbaşılı, Seyidli, Sarıhacılı, Bozpapaqlar, Qiyaslı, Keştazlı, Ətyeməzli, Əlimədədli, Əliağalı, Qalayçılar, Xaçındərbətli, Mollalar, Kürdlər, Cinli, Maqsudlu, Eyvazxanbəyli, Şişpapaqlar, Tərnöyüt, Talışlar, Çullu, Təpəməhlə, Şahbulaq, Tükəzbanlı, Salahsəmədlər, Xıdırlı, Əhmədavar, Çuxur-məhlə, Güllücə, İlxıçılar, Suma, Tağıbəyli, Boyəhmədli, Qızıllı Kəngərli, Salahlı Kəngərli, Sofulu, Bağban-lar, Saybalı, İsmayılbəyli, Pirzadlı, Muğanlı, Şıxlar, Nəmirli, Təzəkənd, Məlikli, Mərzili kəndləri daxildir. 

Ağdam Cümə məscidi — Məscid memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868–1870-ci illərdə tikilmişdir. Ağdam Cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratın şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişləndirərək ona düzbucaqlı forma vermişdir. İbadət salonunun cənub divarının ortasında uca mehrab tağçası quraşdırılmışdır. Sadə bəzəkli mehrab tağçasının üzərindəki kitabədə dekor ustasının adı (mərhum Kərbəlayı Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizi) və təmir tarixi (hicri 1331-ci, miladi 1913-cü il) yazılmışdır. 

Memar Kərbəlayı Səfixan Qarabaği orta əsr Azərbaycan memarlığında geniş yayılmış qoşa minarəli Cümə məscidləri ənənəsini davam etdirərək Ağdam məscidində öz dövrünün tələblərinə, Qarabağın memarlıq abidələrinə və inşaat təcrübəsinə uyğun özünəməxsus məscid obrazı yaratmışdır. 1993-cü ilin iyul ayında Ağdamın erməni silahlı dəstələri tərəfindən işğalı zamanı Cümə məscidi də digər tikililər kimi dağıdılmışdır. 

Məhv edilməkdə olan tarixi və memarlıq abidələri — Ağdam rayonundakı tarixi, mədəni və dini abidələrin əksəriyyəti erməni silahlı dəstələri tərəfindən məhv edilmişdir. Dünya əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri sırasına XIV əsri əhatə edən qiymətli nümunələr daxildir. Ağdam rayonunun ərazisində qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri vardır: 

Ağdam şəhərində Üzərliktəpə abidəsi; 

Xaçındərbəndli kəndində 1314-cü ilə aid Qutlu Sarı Musa oğlu türbəsi; 

Kəngərli kəndində XIV əsrə aid türbə və daş abidələr; 

Xanoğlu türbəsi (XVII əsr); 

Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr) və türbəsi (XIX əsr); 

Papravənd kəndində XVIII əsrə aid iki türbə və məscid; 

Xan qızı Natəvan və onun oğlunun türbəsi (XIX əsr); 

Şahbulaq ərazisində yerləşən Şahbulaq qalası və karvansara. 

Bu abidələr Ağdamın minillik tarixindən xəbər verirdi. Xaçındərbəndli kəndindəki Qutlu Musa oğlu türbəsi və Kəngərli kəndindəki türbə rayonun ən qədim memarlıq abidələridir. 

İşğaldan əvvəl Ağdam şəhərində kinoteatr, mədəniyyət evi və səkkiz xəstəxana fəaliyyət göstərirdi. İşğal nəticəsində rayonda olan memarlıq abidələri, Ağdam Muğam Məktəbi, məscid və onun minarələri erməni silahlı dəstələri tərəfindən vəhşicəsinə dağıdılmış və talan olunmuşdur. Həmçinin muzeylər və onların eksponatları da məhv edilmişdir. Bunlara Ağdam Çörək Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası daxildir. Bundan əlavə, rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər dini ziyarətgahlar da dağıdılmışdır. 

Ağdamdakı tarixi memarlıq abidələri müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Bu maddi-mənəvi abidələr müxtəlif bölgülər əsasında qruplaşdırılmış və "Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü" adlı kitaba daxil edilmişdir. 

Azərbaycan Respublikasının bu tarixi dövrləri əhatə edən abidələrinin işğal altında olması Ermənistanda yaşayan ermənilərə Azərbaycanın tarixini saxtalaşdırmaq üçün müəyyən imkanlar açır. 

2002-ci ildə Ağdam Tarix-Diyarşünaslıq Muzeyi rayonun işğal altında olmayan Qaradağlı kəndində bərpa edilmişdir. 

Coğrafiyası — Ağdam rayonunun düzənlik hissəsində Antropogen və Neogen, dağlıq hissəsində isə Təbaşir və Yura çöküntüləri yayılmışdır. Ərazidə əhəngdaşı və digər tikinti materialları (sement xammalı, çınqıl, qum) yataqları vardır. 

Rayonun dəniz səviyyəsindən yüksəkliyi 410 metrdir, cənub-qərbində yerləşən Qarabağ silsiləsinin şimal burnunun maksimum hündürlüyü isə 1365 metrə çatır. Ərazidə geniş yer tutan Qarabağ və Mil düzləri cənub-qərbdən şimal-şərqə doğru tədricən alçalır. İqlimi əsasən mülayim isti və quraq subtropikdir. Dağətəyi yerlərdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür və illik yağıntı 300–550 millimetr təşkil edir. 

Ağdam rayonu yeyinti və yüngül sənayeyə, eləcə də inkişaf etmiş kənd təsərrüfatına malikdir. Kənd təsərrüfatında pambıqçılıq, üzümçülük, heyvandarlıq və taxılçılıq mühüm yer tutur. Ağdamda Qarabağ atı yayılmışdır. Şəhərdə 1949-cu ildən Ağdam Atçılıq Zavodu fəaliyyət göstərmişdir. 1960–1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Atçılıq Zavodunun maddi-texniki bazasının möhkəmləndirilməsi və cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaratmışdır. Zavod yaradıldıqdan sonra cins daxilində ailə və xətlərin formalaşması, eləcə də bir sıra Ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin illərə təsadüf edir. 

Coğrafi mövqeyi yaşayış və təsərrüfat üçün çox əlverişli şərait yaradır, ərazisindən Qarqar və Xaçın çayları axır. Rayon Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında, əsasən Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Burada düzənlik Ağdam şəhərinin yuxarısında 40 kvadrat kilometr, Güllücə-Qızıl Kəngərli sahəsində 20 kvadrat kilometr, Ağdam şəhərindən aşağıda 13 kvadrat kilometr və Qaradağlı-Çəmənli kəndləri sahəsində 10 kvadrat kilometr meylliliyə malik olub, 450–500 metr mütləq yüksəkliyə qədər qalxır. Dağlarla düzənlik arasında relyefdə yaxşı təzahür edən dərin tektonik yarıq keçir. 

Bu relyef kəskin keçid əlamətləri yaradır. Şimal-şərq istiqamətində Qarabağ düzənliyinin yüksəkliyi tədricən azalır və Ağdam rayonunun Tərtər, Bərdə və Ağcabədi rayonları ilə sərhədində 120–130 metrə qədər alçalır. Meyilliyin az olması ilə əlaqədar düzənliyin səthi çox zəif parçalanmışdır. Eroziya kəsimi yalnız Qarqar, Xaçın çayları və onların tərk edilmiş qollarının yataqlarında artır və 6–7 metrə, bəzi yerlərdə 10–15 metrə çatır. 

Relyefin bu xüsusiyyəti bütün ərazinin əkinçilik üçün yararlı olmasını təmin edir, suvarma işlərini və kənd təsərrüfatı maşınlarının istifadəsini asanlaşdırır, torpaqları eroziya proseslərindən qoruyur, onların münbitliyini və məhsuldarlığını artırır. Səthin və torpaqların yuyulması başlıca olaraq suvarma ilə əlaqədar olub çox cüzidir. Rayon ərazisi Qarqar, Xaçın, Qabartı, Papravənd (Gülyataq) və Gülablı çaylarının dərəsi boyunca 15–16 kilometr məsafədə Qarabağ silsiləsinin şimal-şərq ətəklərinə qədər uzanır. Bu yerlərdə mütləq yüksəklik 600–700 metrə çatır, maksimum hündürlük isə Kolanı ərazisində 1365 metrdir. Rayonun bu hissəsi xüsusilə Xaçın çayının aşağı axarında, Dərbənd çökəkliyində çox genişlənir. Dağların Ağdam rayonu ərazisinə düşən hissəsində bir sıra silsilə, tirə və təpələr yerləşmişdir. 

Bunlardan ən əsası Ağdərə ilə Tərnöyüt kəndləri arasında meridiana yaxın istiqamətdə 20 kilometr məsafədə uzanan Şahbulaq silsiləsidir. Silsilə Təbaşir dövrünün əhəngdaşlarından təşkil olunmuş və kəskin asimmetrik quruluşa malikdir. Onun cənub-qərb yamacları dik və sıldırım, bəzi yerlərdə keçilməzdir, şimal-şərq yamacları isə uzun və nisbətən mailidir. Silsilənin suayrıcısı vaxtilə denudasiya prosesləri ilə hamarlanmış və sonradan tektonik hərəkətlərlə müasir yüksəkliyinə qaldırılmışdır. Səthi genişdir və qədim torpaq təbəqələrini saxlayan qalın (15–20 metrə qədər) karbonatlı gillicə çöküntülərlə örtülmüşdür. 

Relyefin belə olması burada zəngin biçənək və otlaqların yayılmasına səbəb olmuşdur. Silsilənin ən yüksək yeri (820 metr) onun şimal hissəsinə uyğun gəlir və cənub-şərq istiqamətində 500 metrə qədər alçalır. Silsiləni Xaçın, Qabartı və Gülyataq çaylarının dərələri kəsib keçir. Dərələrin dərinliyi çayların axım əmsalına uyğun olaraq 100–180 metr arasında dəyişir və maksimum dərinliyə (180 metr) Xaçın çayında çatır. Şahbulaq silsiləsi cənub-şərqdə Ağdam şəhəri yaxınlığında kəskin görünür və Çullu, Qiyaslı, Xıdırlı kəndləri yaxınlığında nisbi yüksəkliyi 10–15 metrə çatan qayalı təpələr yaradır. Silsiləni təşkil edən əhəngdaşları çox keyfiyyətlidir, tikinti materialı və sement istehsalında xammal kimi istifadə edilir. 

Ağdam-Ağdərə şose yolu silsilənin şimal-şərq dabanı boyunca uzanır və yolun üstündə karxanalar yerləşir. Şahbulaq silsiləsinin uçub dağılmış hissəsindən cənub-qərbdə intruziv (maqmatik) kütlənin yaratdığı yüksəklik 913 metrdir. Onun yamacları çox meyilli və kəskin parçalanmışdır. Dağın faydalı qazıntı (mis, polimetal) saxlaması ehtimal olunur. Bu dağ Ağdərə rayonunda yerləşən və mis, polimetal yataqları olan Mehmana və Qazançı dağları ilə eyni zonada yerləşmişdir. 

Yeddixırman dağı ilə Şahbulaq silsiləsinin Çobandağ zirvəsi arasında Bozdağ yerləşmişdir. Onun da əsasını intruziv kütlə təşkil edir və xeyli hissəsi aşınma qabığı ilə örtülmüşdür. Ağdam şəhərindən bir qədər cənub-qərbdə, Qarqar çayı dərəsində Şahbulaq dağının geoloji əsası qövsvari əyilir, gömülür və parçalanır. Alçaq dağlığın və dağətəyinin burada əmələ gətirdiyi qövsün qabarıq hissəsi cənub-qərbə, Xankəndi çökəkliyinə doğru yönəlmiş, xeyli alçalmış və Əsgəran keçidini (darvazasını) əmələ gətirmişdir. Relyefin belə quruluşu Qarabağ düzü ilə hava, rütubət və istilik mübadiləsini xeyli asanlaşdırır. 

Qarqar çayının sağ sahilində yerləşən Mantar dağı (580 metr) və Şelli, Qasımlı, Şıxbabalı kəndlərinin bağlarında müşahidə edilən, Təbaşir əhəngdaşından təşkil olunmuş, nisbi yüksəkliyi 5–15 metr arasında dəyişən təpələr Şahbulaq silsiləsinin geoloji davamında yerləşmişdir. Bu təpələr sırası Mərzili kəndindən cənubda yerləşən Qızılqaya tirəsi istiqamətinə yönəlmişdir. Mərzilidən cənub-şərqdə, Ağdam-Xocavənd yolu üstündə Təbaşirin mergellərindən təşkil olunmuş və mütləq yüksəkliyi 416 metrə çatan Pirəbulaq tirəsi uzanır. 

Bu tirədən şimalda mütləq hündürlüyü 100–150 metr arasında dəyişən Ergi maili düzü yerləşmişdir. Düzənliyin səthi müvəqqəti axarlı dərələrin prolyuvial çöküntüləri ilə örtülmüş və yarğan-qobu şəbəkəsi ilə zəif parçalanmışdır. Düzənlik qış otlaqları kimi istifadə olunur. 1970-ci illərdən başlayaraq buraya su çıxarılması ilə əlaqədar əkinçilik, xüsusilə yem bitkiçiliyi inkişaf etdirilir. Cənub istiqamətində yatağını dəyişən Qarqar çayı vasitəsilə ərazi yuyulmaya məruz qalmışdır. Yuyulma nəticəsində çay yatağının sağ yaxasında 3–5 metr hündürlükdə ərazi kəsimi yaranmışdır. 

Ağdam rayonu ərazisində Qarqar, Xaçın, Qabartı və Gülyataq çayları düzənliyə çıxan yerdə gətirdikləri çınqıldaşlı-gillicəli allüvial və prolyuvial çöküntüləri çökdürərək öz gətirmə konuslarını yaradır. Qarqar çayı zirvəsi Ağdam şəhəri yaxınlığında yerləşən və sahəsi 50 kvadrat metrə (kvadrat kilometrə) çatan gətirmə konusunu yaradır. Gətirmə konusu Qaradağlı, Mahrızlı və Zəngişalı kəndləri yaxınlığında 240–260 metr mütləq yüksəklikdə relyefdə yaxşı müşahidə edilən pillə ilə qurtarır. Zəngin yeraltı su ehtiyatı olan gətirmə konusundakı kəhrizlər bu pillədə səthə çıxarılır. 

Bu pillədən şimal-şərqdə morfoloji cəhətdən relyefdə zəif təşəkkül tapan ikinci gətirmə konusu yerləşir və Quzanlı, Kələbədi kəndləri yaxınlığında Yuxarı Qarabağ kanalına çatar-çatmaz alçaq pillə ilə qurtarır. Birinci gətirmə konusu formalaşarkən Qarqar çayı bir neçə qolla axmışdır. Onların izləri Ağdam və Ağcabədi rayonları ərazisində indi də müşahidə edilir (Narrı dərə, Qobu, Sarıcalı, Hüsülü, Kəhrizli). Dağətəyi, düzənlik və gətirmə konusu qalxdıqca Qarqar çayının axını indiki yatağında cəmləşmişdir. Çayın yatağının bu istiqamətdə yerini dəyişməsi Qarqarçay dərinlik tektonik yarığı ilə mürəkkəbləşən Hindarx basdırılmış köndələn sinklinalının əyilməsi ilə əlaqədar olmuşdur. 

Gətirmə konusu səthində Qarqar çayı və onun qolları dərinliyi 10–15 metr və 6–7 metr arasında dəyişən eroziya kəsimləri əmələ gətirmişdir. İkinci gətirmə konusu ərazisində onların dərinliyi 1–3 metrə qədər azalır. Xaçın çayı da Ağdam rayonu ərazisində gətirmə konusları yaradır. Birinci konusun zirvəsi Qızıl Kəngərli ətəkləri ilə Baş Qərvənd kəndləri yaxınlığında yerləşmişdir və sahəsi 30 kvadrat metrə (kvadrat kilometrə) qədərdir. 

Xaçın çayının müasir yatağı gətirmə konusu ərazisində 10–15 metr, aşağılarda isə 5–6 metr və 2–3 metr dərinlikdə erozion kəsimlər əmələ gətirmişdir. İkinci gətirmə konusu ərazisində onların dərinliyi 1–3 metrə qədər azalır. Çay özünün qədim gətirmə konusunu formalaşdırdıqdan sonra Mirəşəlli, Xındırıstan və Çəmənli kəndləri istiqamətində cənub-şərqə axmış, özünün və Qarqar çayının gətirmə konuslarını yuyaraq erozion pillə yaratmışdır. Daha sonra Xaçın çayı Baş Qərvənd gömülmüş antiklinalının qalxmasının fəallaşması ilə əlaqədar olaraq şimal-qərb istiqamətinə meyl edərək özünə yeni yataq yaratmışdır. Baş Qərvənd kəndi ilə Sultanbud kurqanı arasında çayın yatağı çox genişlənir və burada gərgin akkumulyasiya gedir. 

Yataq çaqıldaşların, qumun və gillicənin yığılması nəticəsində çox dayazlaşır. Daşqın zamanı Hüseynli və Soğanverdilər kəndləri yaxınlığında daşqın sularının bir hissəsi yataqdan çıxaraq şimal istiqamətində axır və özünə yeni yataq əmələ gətirir. Sultanbuddan aşağıda çay 3–5 metrə qədər dərininə kəsilir və cavan, alçaq terras pillələri yaradır. Xaçın çayının ən qədim gətirmə konusu şimal-qərbdə Qabartı, Papravənd və digər çayların gətirmə konusları ilə birləşərək Şahbulaq silsiləsinin şimal-şərq ətəklərində vahid dalğavari prolyuvial düzənlik törədir. 

Bu çayların gətirmə konusları 240 metr mütləq hündürlüyündə qurtarır. Burada Nəmirli, Seysulan, Qaynaq, Azad Qaraqoyunlu və Qapanlı kəndləri yaxınlığında düzənlik təşkil edən, Xaçın və Tərtər çaylarının gətirmə konusları arasında yerləşən, çox az meyilli, bəzi yerlərdə bataqlaşmış, səthi parçalanmamış konusarası çökəklik yaranır. Bu sahədə axımın çox müvəqqəti olması ilə əlaqədar Qabartı və Gülyataq çaylarının yataqları yoxdur. Ona görə də çayların hövzələrində uzunmüddətli leysan yağışları olarkən böyük daşqınlar baş verir və bütün düzənlikləri basaraq böyük tələfat yaradır. Belə daşqınlar 1963-cü ildə müşahidə edilmiş və düzənlikdə bütün torpaqları, tarlaları yuyub aparmışdır. 

İqlimi və su ehtiyatları — Ağdam rayonunun ərazisi quru subtropik iqlim zonasında yerləşmişdir. Burada əsasən qışı quraq keçən mülayim-isti iqlim tipi hakimdir. Bu iqlim tipi mülayim nəmliyi, qışının yağıntılı və yumşaq, yayının isə mülayim-isti keçməsi ilə səciyyələnir. Günəş parıltısının illik miqdarı 2300 saat, ümumi radiasiya 122,5 kilokalori/kvadrat santimetr, radiasiya balansı isə 47,1 kilokalori/kvadrat santimetrdir. Havanın orta illik temperaturu 13,1 dərəcəyə çatır. Qış mülayimdir; ən soyuq ayın (yanvar) temperaturu müsbət 1,8 dərəcə ilə mənfi 0,2 dərəcə, ən isti ayın (iyul) orta temperaturu isə müsbət 23–26 dərəcə arasında dəyişir. Yay aylarında bəzən havanın orta illik mütləq minimum temperaturu mənfi 10 dərəcə olub, il ərzində müsbət 8 dərəcə ilə müsbət 15 dərəcə arasında dəyişir. 

Bəzən havanın mütləq minimum temperaturu mənfi 17 dərəcədən aşağı düşür. İl ərzində torpaq səthinin orta aylıq temperaturu 1–31 dərəcə arasında dəyişir. Havanın 5 dərəcədən yüksək olan temperaturunun illik cəmi 4500–4600 dərəcə, 10 dərəcədən yüksək olan temperaturunun illik cəmi isə 4100–4200 dərəcədir. Birinci payız şaxtası noyabr ayının üçüncü ongünlüyünə, axırıncı yaz şaxtası isə martın üçüncü ongünlüyünə düşür. Havanın orta illik nisbi rütubəti 69 faiz olub, il ərzində 50–80 faiz arasında dəyişir. İllik yağıntının miqdarı 400–500 millimetrdir. Yağıntılar daha çox bitkilərin vegetasiya dövrünə düşür. Lakin səth örtüyündən ildə 800–900 millimetr mümkün buxarlanma gedir. 

Küləyin orta illik sürəti 1,8 metr/saniyədən çox olmayıb, əsasən qərb və şərq istiqamətində əsir. Güclü küləklərin (sürəti saniyədə 15 metrdən çox olan) illik sayı bir gündür. Ağyelli günlərin sayı 20–25 günə çatır. Torpağın qarla örtülü olduğu günlərin illik miqdarı 10–15 gündən çox olmur. İl ərzində cəmi 1–2 gün dolu düşür. Ərazi üzrə və il ərzində bu göstəricilər başqa rayonlarda olduğu kimi müvafiq dəyişikliklərə uğrayır. 

Ağdam rayonu ərazisi hər kvadrat kilometr sahədə saniyədə 1–5 litr axımı olan azaxımlı zonada yerləşir. Burada çay şəbəkəsinin sıxlığı hər kvadrat kilometrə 0,1–0,4 kilometr arasında dəyişir. İllik axım hər kvadrat kilometrdən saniyədə 2–5 litr, maksimum axım saniyədə 25–50 litr, minimal axım isə saniyədə 0,5–1 litrə bərabərdir. Rayon ərazisində çaylar tranzit xarakter daşıyır. 

Bu çaylar öz axımlarını bütünlüklə Qarabağ silsiləsində və onun yamaclarında toplayır, Ağdam rayonu ərazisində isə suvarmaya, filtrasiyaya və buxarlanmaya sərf olunur və heç bir qol qəbul etmir. Çaylar əksərən azsuludur, ilin isti yarısında, vegetasiya vaxtı quruyur. Rayonun nisbətən iri çayları Qarqar, Xaçın və Qabartı çaylarıdır. Qarqar çayının orta illik su sərfi saniyədə 3,31 kub metr, orta illik axımı isə 104,4 milyon kub metrdir. Xaçın və Qabartı çaylarında isə bu göstəricilər müvafiq olaraq saniyədə 1,4 kub metr və 44,1 milyon kub metr, saniyədə 0,2 kub metr və 6,3 milyon kub metrdir. Çay şəbəkəsinin sıxlığı və onların su əmsalı göstərir ki, rayonun su ehtiyatlarına və onlardan səmərəli istifadə edilməsinə böyük ehtiyac var. Buna görə də çayların hər birinin üzərində su anbarının tikilməsi zəruridir. Hazırda rayon ərazisində yalnız bir su anbarı, Xaçın çayı üzərində Dərbənd su anbarı var. Ağdam rayonuna Tərtər çayı üzərindəki Sərsəng su anbarından da su gətirilir. Lakin bunlar rayonun suya tələbatını tam ödəyə bilmir. 

Torpaq, bitki örtüyü və heyvanat aləmi — İqlim və bitki örtüyünün xüsusiyyətlərindən asılı olaraq rayonda şabalıdı torpaqların müxtəlif növləri, dağ-meşə və qəhvəyi torpaqlar yayılmışdır. Qəhvəyi torpaqlar rayonun alçaq dağlıq və dağətəyi hissəsində yerləşir; burada seyrək meşə və kolluqlar qırılmış, torpaqlar bozqırlaşmaya məruz qalmışdır. Düzənliklərin dağətəyi hissəsində tünd şabalıdı, ondan aşağıda isə şabalıdı və açıq şabalıdı torpaqlar yayılmışdır. Ağcabədi və Bərdə rayonları ilə sərhədə yaxın yerlərdə boz torpaqlara rast gəlinir. Rayonun ərazisində təbii landşaftlar demək olar ki, bütünlüklə antropogen landşaftlarla əvəz edilmişdir. Burada taxıl zəmiləri, pambıq tarlaları, üzümlüklər, meyvə bağları, yem bitkilərinin əkini, biçənək və örüşlər geniş sahə tutur. 

Təbii bitki örtüyü yovşanlı-şoranotlu quru çöllərdən, çəmənliklərdən, ağotlu çöllərdən, kollardan və seyrək meşələrdən ibarət olmuşdur. Hazırda meşələr yalnız dağ ətəklərində və alçaq dağlıq yerlərdə yerləşib, 1,7 min hektar sahə tutur. Sultanbud meşəsi yaxınlığında hazırda qorunan saqqız ağacı və püstə seyrək meşələri salınmışdır. Heyvanat aləmi əhalinin sıxlığı və insanın əmək fəaliyyəti ilə əlaqədar olaraq çox kasaddır. Burada heyvanlardan çaqqala, tülküyə, dovşana, canavara və sürünənlərə, quşlardan isə kəkliyə, çilə, turaca və başqa növlərə rast gəlinir. Rayon ərazisində faydalı qazıntılardan əhəngdaşı, gil, çaqıldaş, qum və gillicə daha çoxdur. 

Kütləvi informasiya vasitələri haqqında məlumat — "Ağdam" qəzetinin ilk nömrəsi 1930-cu ildə işıq üzü görmüşdür. Qəzet əvvəlcə "Kolxoz sədası" və "Kolxozçu", 1934-cü ildən 1990-cı ilə kimi "Lenin yolu", 1990-cı ildən isə "Ağdam" adı ilə nəşr olunur. 1993-cü ilin iyul ayında Ağdam şəhərinin işğalından sonra qəzetin redaksiyası əvvəlcə Mingəçevir, daha sonra Bərdə şəhərində, hazırda isə Ağdam rayonunun Quzanlı kəndində yerləşir. Qəzetin təsisçisi Ağdam Rayon İcra Hakimiyyəti Aparatı və jurnalist kollektividir. 

Bundan əlavə, "Qeyrət qalası" qəzeti 2004-cü ilin yanvar ayından işıq üzü görür. 

İqtisadiyyatı — Ağdam yeyinti və yüngül sənayeyə, eləcə də inkişaf etmiş kənd təsərrüfatına malik bir rayondur. İşğaldan əvvəl rayonda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metiz-furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, Ağdam Dəzgahqayırma Zavodu, həmçinin taxıl məhsulları, tikinti materialları, məişət xidməti və ət kombinatları fəaliyyət göstərirdi. 

Bundan başqa, rayonda iki dəmir yolu vağzalı, aeroport, avtomobillərə texniki xidmət stansiyaları, elektrik şəbəkəsi müəssisəsi, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumu, Üzeyir Hacıbəyov adına musiqi texnikumu və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı var idi. 

Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Kənd təsərrüfatının əsas istiqamətləri pambıqçılıq, üzümçülük və heyvandarlıqdır. 

Azərbaycanda ilk çaxır zavodlarından biri də 1860-cı ildə Ağdamda Xublarov qardaşları tərəfindən tikilmişdir. Ağdam SSRİ dövründə bu adda buraxılan portveyn çaxırı ilə məşhur idi. 

 

 

Davamı, növbəti səhifədə →   

Bölmə: Ağdam | Əlavə etdi: Beynəlxalq_İnformasiya (23/07/2017) | Müəllif: Baş redaktor: Kamran Ələkbərli
Baxılıb: 1564 | Etiketlər: Ağdam rayonu, 1993 işğalı, Ağdam tarixi, tarixi abidələr | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar
Logo
Beynəlxalq İnformasiya - Xəbərlər | International Information - News
Reuters & BBC Editorial Standard — Real-time AI Translation LIVE NEON
⚡ Status: Ready to translate with Google Gemini AI...
Translated News
Neural AI is translating and refining the press release in real-time...
Open in External AI Portals:
inter-info.ucoz.org