|
Azərbaycan Respublikası Ağdam rayonu Ağdam Çörək Muzeyi — 1983-cü ilin noyabr ayında fəaliyyətə başlayan Ağdam Çörək Muzeyi dünyada ikinci, SSRİ-də isə birinci və yeganə çörək muzeyi idi. Bu muzeydə toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar var idi. Bundan başqa, muzeydə xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və digər qədim əkinçilik alətləri mövcud olmuşdur. Muzeyin özünün çox maraqlı tarixçəsi vardır. Şəhərin tam mərkəzində xarabaya çevrilmiş köhnə bir dəyirman var idi. Müharibənin ağır illərində bu dəyirman Ağdamın yeganə çörək mənbəyinə çevrildiyindən əhali ona müqəddəs bir məkan kimi baxır və ona toxunmağı yolverilməz hesab edirdi. Sonradan bu dəyirmanın Çörək Muzeyi kimi fəaliyyət göstərməsi ideyasını hamı bəyəndi. Məşhur seleksiyaçı alim, akademik İmam Mustafayev muzeyin eksponatlarını şəxsi taxıl kolleksiyası hesabına zənginləşdirmişdir. Muzey üçün yüzə qədər xalqın çörək nümunələri əldə edilmişdi. Leninqrad blokadasının iştirakçısı olmuş bir rus qadını muzeyin sorağını eşidəndə, ölüm həddində belə yeməyib saxladığı, kömürləşmiş 150 qramlıq çörək payını gətirib muzeyə vermişdi. Kosmonavt şəhərciyindən də çörək nümunələri göndərilmişdi. Muzeyə qısa müddətdə iki minə yaxın taxıl nümunəsi toplanmışdı. 1992-ci il avqustun 12-də erməni silahlı dəstələrinin atdığı "Qrad" mərmisi Ağdam Çörək Muzeyinin fəaliyyətinə son qoydu. Hazırda xaraba qalan bu muzeyin şəkillərini xarici jurnalistlər çəkərək müxtəlif saytlarda yerləşdirmişlər. Ağdamın yaşayış əraziləri üzrə abidələri Çıraqtəpə yaşayış yeri: Tunc dövrü (Ağdam şəhəri); Qarahacı yaşayış yeri: İlk Tunc dövrü (Ağdam-Xankəndi yolunun sağ tərəfində); Qarahacılı nekropolu: Tunc dövrü (Ağdam şəhəri); Vəlixantəpə (Vəlixanpətə) yaşayış yeri: Eneolit dövrü (Ağdam-Ağcabədi şosesinin 1,5 kilometrliyində); Kurqan: Tunc dövrü (Üzümçülük sovxozu); İlanlıtəpə yaşayış yeri: Eneolit və Dəmir dövrü (Baş Qərvənd kəndi); Dəyirmantəpə kurqanı: Tunc və Dəmir dövrü (Orta Qərvənd və Mirəşəlli kəndlərinin arasında); Yaşayış yeri: Eramızdan əvvəl II–I minilliklər (Armudlu kəndi), Eramızdan əvvəl V–II minilliklər (Zəngişalı kəndi, Mərzili kəndi), Antik dövr (Əlimədədli kəndi), Antik dövr (Göytəpə kəndi), Eramızdan əvvəl V–I minilliklər (Baharlı kəndi, Evoğlu kəndi), Qədim dövr (Əhmədavar kəndi, Poladlı kəndi, Sarıhacılı kəndi, Qərvənd kəndi); Şomullutəpə yaşayış yeri: Eneolit dövrü (Mirəşəlli kəndindən 1 kilometr şimal-şərqdə); Bənövşələr təpəsi yaşayış yeri: Eneolit dövrü (Mirəşəlli və Armudlu kəndlərinin arasında); Gültəpə yaşayış yeri: Eneolit dövrü (Mirəşəlli kəndindən 300 metr şimal-şərqdə); Rəsultəpə yaşayış yeri: Orta Tunc dövrü, orta əsrlər (Armudlu kəndinin şimal-qərbində); Rəsultəpə kurqanları: Tunc dövrü (Armudlu kəndi, Rəsultəpə yaşayış yerinin 30–40 metr şimalında); İsmayılbəy təpəsi yaşayış yeri: Eneolit dövrü (Armudlu kəndi); Kəbləhüseyn yaşayış yeri: Eneolit dövrü (Kəbləhüseyn kəndi); Mahmudun körpüsü: XIX əsr (Yusifcanlı kəndi); Namazəli təpəsi yaşayış yeri: Eneolit dövrü (Kəbləhüseyn kəndindən 500 metr şərqdə); Boyəhmədli kəndi kurqanları (80-ə qədər): İlk Tunc dövrü (Boyəhmədli, Qızıllı Kəngərli və Salahlı Kəngərli kəndlərinin arasında); Gavurqala yaşayış yeri: İlk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda); Daş qutu nekropolu: İlk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda); Papravənd-Boyəhmədli kurqanları (Möhülü təpələri, Əli kişi təpəsi, Molla Mustafa oğlu təpəsi, Həmşəri təpəsi və digərləri): Tunc və Dəmir dövrü (Boyəhmədli kəndinin şimal-şərqində); Qarapirim təpələri: Tunc və İlk Dəmir dövrü (Qarapirim kəndinin qərbində)Güllütəpə I yaşayış yeri: III–XIII əsrlər (Papravənd kəndi); Güllütəpə II yaşayış yeri: Son Tunc dövrü, ilk orta əsrlər (Papravənd kəndinin cənub-şərqində); Misir qışlağı yaşayış yeri: Son Tunc və İlk Dəmir dövrü (Papravənd kəndindən 250 metr şərqdə); Kurqanlar: Son Tunc və İlk Dəmir dövrü (Papravənd kəndindən 1 kilometr şərqdə); Qala qalıqları: Orta əsrlər (Tərnöyüt/Tarpaut kəndi); Nekropol: Orta əsrlər (Kəngərli kəndi); Şomullutəpə yaşayış yeri: Eramızdan əvvəl V–II minilliklər (Quzanlı kəndi); Gülməmməd təpəsi yaşayış yeri: Eneolit dövrü (Quzanlı kəndindən 2 kilometr cənub-şərqdə); Çaqqallı təpə yaşayış yeri: Eneolit dövrü (Quzanlı kəndindən şimal-şərqdə); Əjdahatəpə yaşayış yeri: Eneolit dövrü (Quzanlı kəndindən 2,5 kilometr şərqdə); Nekropol: Qədim dövr (Seyidli kəndi); Göytəpə yaşayış yeri: Tunc dövrü (Göytəpə kəndinin qərbində); Göytəpə kurqanları: Tunc dövrü (Göytəpə kəndinin qərbində); Şümürlütəpə kurqanı: Tunc dövrü (Əfətli kəndi); Balatəpə kurqanı: Tunc dövrü (Əfətli kəndi); Çinartəpə yaşayış yeri: Eramızdan əvvəl V–II minilliklər (Sarıhacılı kəndindən 3 kilometr cənub-şərqdə); Sarıhacılı yaşayış yeri və nekropol: Eneolit və Tunc dövrü (Sarıhacılı kəndindən 2 kilometr cənub-şərqdə); Sarıhacılı tayı yaşayış yeri: Tunc dövrü (Sarıhacılı kəndindən 2,5–3 kilometr şərqdə); Ağtəpə yaşayış yeri: Tunc dövrü (Çəmənli kəndindən 3 kilometr şərqdə); Çəmənlitəpə kurqanı: Eneolit və Tunc dövrü (Çəmənli kəndindən 3 kilometr şərqdə); Seyid Mustafa yaşayış yeri: Eneolit dövrü (Bala Baharlı kəndindən 2 kilometr qərbdə); Qəhrəmanbəyli kurqanı: Tunc dövrü (Qəhrəmanbəyli kəndi); I və II Qoşatəpə yaşayış yerləri: Eneolit dövrü (Əhmədağalı kəndi); Əhmədoğlu yaşayış yeri: Eneolit dövrü (Əhmədağalı kəndi); Məscidtəpə yaşayış yeri: Eneolit dövrü (Əhmədağalı kəndi); Əzginlitəpə yaşayış yeri: Eneolit dövrü (Əhmədağalı kəndi); Vəlibəy təpələri (4 ədəd): Eneolit, Tunc dövrü və orta əsrlər (Əhmədağalı kəndindən 2 kilometr şərqdə); Qasımtəpə yaşayış yeri: İlk Tunc dövrü (Qiyaslı kəndi); Çinartəpə yaşayış yeri: Tunc dövrü (Qarqarçayın sol sahilində); Qaradağlı kurqanları: Tunc dövrü (Qaradağlı kəndinin qərbində); Bəyliktəpə kurqanı: İlk Tunc dövrü (Qaradağlı kəndinin şimal-şərqində); Xırmantəpə kurqanı: İlk Tunc dövrü (Çuxurməhlə kəndi); Hüseyntəpə kurqanları: İlk Tunc dövrü (Çuxurməhlə kəndinin qərbində); Çuxurməhlə kurqanı: İlk Tunc dövrü (Çuxurməhlə kəndi); Qaratəpə yaşayış yeri: Son Tunc və İlk Dəmir dövrü (Şıxbabalı kəndinin cənubunda); Gülablı kurqanları: Son Tunc və İlk Dəmir dövrü (Gülablı kəndinin şimal-şərqində); Maqsudlu kurqanları: Tunc dövrü (Maqsudlu kəndindən 3 kilometr şərqdə); Töyrətəpə kurqanları: Tunc və Dəmir dövrü (Güllücə kəndinin şimalında); Karvansara təpə və Çaparyeri yaşayış yeri: İlk orta əsrlər (Güllücə kəndinin cənub-qərbində); Yüzbaşılı təpəsi yaşayış yeri: Eneolit dövrü (Yuxarı Yüzbaşılı kəndi); Ağabəy təpəsi yaşayış yeri: Eneolit dövrü (Yuxarı Yüzbaşılı kəndinin şimalında); Əbdüləzim təpəsi yaşayış yeri: Eneolit dövrü (Aşağı Yüzbaşılı kəndindən 1,3 kilometr şərqdə); Şükürbəyli təpəsi yaşayış yeri: Eneolit dövrü (Aşağı Yüzbaşılı kəndindən 2,3 kilometr şimal-şərqdə); Sarıçoban kurqanları: Tunc dövrü (Sarıçoban kəndinin qərbində); Bəşirtəpə yaşayış yeri: Eneolit dövrü (Üçoğlan kəndi); Böyüktəpə kurqanı və yaşayış yeri: Tunc dövrü (Üçoğlan kəndi); Kərimtəpə yaşayış yeri: Eneolit dövrü (Üçoğlan kəndinin şimal-şərqində)Qəbiristan təpəsi: Tunc dövrü (Üçoğlan kəndi); I və II Üçoğlan yaşayış yerləri və kurqanlar: Tunc dövrü (Sarıçoban kəndi); Qaçaytəpə yaşayış yeri və nekropol: Tunc dövrü (Üçoğlan kəndi); Güllütəpə yaşayış yeri: Eneolit dövrü (Alıbəyli kəndindən 1 kilometr cənub-şərqdə); Kazımtəpə yaşayış yeri: Eneolit dövrü (Alıbəyli kəndinin qərbində); Sayadtəpə kurqanı: Tunc dövrü (Səfərli kəndinin qərbində); Səfərli təpələri yaşayış yeri: Eneolit dövrü (Səfərli kəndi); Leylatəpəsi II yaşayış yeri: Eneolit dövrü (Eyvazlı kəndi); Nəsirbəy təpəsi yaşayış yeri: Eneolit dövrü (Eyvazlı kəndindən cənub-qərbdə); Kərimtəpə yaşayış yeri: Eneolit dövrü (Eyvazlı kəndinin şərqində); Əhəd təpəsi yaşayış yeri: Eneolit dövrü (Eyvazlı kəndinin şərqində); Düyü təpəsi yaşayış yeri: Eneolit dövrü (Eyvazlı kəndindən 500 metr cənub-şərqdə); Nazdıxan təpəsi yaşayış yeri: Eneolit dövrü (Eyvazlı kəndindən 1,5 kilometr cənub-şərqdə); Çullutəpə kurqanı: Tunc dövrü (Çullu, İmamqulubəyli və Quzanlı kəndlərinin arasında); Həsəntəpə kurqanı: Tunc dövrü (Çullu kəndindən qərbdə); Sultanbud kurqanı: Tunc dövrü (İmamqulubəyli kəndinin şimal-qərbində); Pənah xanın imarəti: XVIII əsr (Ağdam şəhəri); Pənah xanın türbəsi: XVIII əsr (Ağdam şəhəri); Xanoğlu türbəsi: XVIII əsr (Ağdam şəhəri); Türbə: XIX əsr (Ağdam şəhəri, Ağdam şəhərinin 5 kilometrliyində, Qaraağac qəbiristanlığında), XIV əsr (Xaçındərbəndli kəndi, Kəngərli kəndi), XVIII əsr (Papravənd kəndi, Maqsudlu kəndi); Sərdabə: XV əsr (Ağdam şəhəri); Körpü: XIV əsr (Madagiz kəndi); Hatəm Məlik qalası: XII əsr (Ağdam şəhəri), 1868-ci il (Ağdam şəhəri), XVIII əsr (Papravənd kəndi), XVIII əsr (Qiyaslı kəndi), XIX əsr (Boyəhmədli kəndi); Məbəd: VI–VIII əsrlər (Şahbulaq kəndi), VI əsr (Kəngərli kəndi), XIII əsr (Tərtər çayının yuxarı axarında), XV əsr (Maqsudlu kəndi), XVI əsr (Salahlı Kəngərli kəndi); İqamətgah: XVIII əsr (Şahbulaq kəndi); Karvansara: XVIII əsr (Şahbulaq kəndi); Bürc: XVIII əsr (Şahbulaq kəndi); Uğurlu bəyin türbəsi: XIX əsr (Ağdam şəhəri); Gavurqala şəhərgahı: Orta əsrlər (Ağdam şəhəri); Qəbiristanlıq: Orta əsrlər (Papravənd kəndi, Qızıllı Kəngərli kəndi); Abıştəpə yaşayış yeri: Orta əsrlər (Üçoğlan kəndi); Qulu Musa oğlu türbəsi: 1314-cü il (Türbətli kəndi); Üzərliktəpə yaşayış yeri: Tunc dövrü (Ağdam şəhəri); Seyid Lazım Ağanın məqbərəsi: XX əsr (Çəmənli kəndi). Çay evi — Ağdam şəhərində "Çay evi"nin açılış mərasimi 1986-cı il iyulun 26-da keçirilmişdir. Layihənin müəllifi 1984–1988-ci illərdə Ağdamda baş memar işləmiş Naiq Səmədov idi. Ağdam erməni silahlı dəstələri tərəfindən işğal edilən zaman Çay evi tamamilə dağıdılmışdır. İmarət qəbiristanlığı — XVIII–XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonundakı İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də vardır. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin tağvari quruluşa malik bir giriş qapısı vardır. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir və onun içərisində mərhumun qəbri yerləşir. Türbələrin önündə həmçinin Xurşidbanu Natəvanın büstü qoyulmuşdur. Qutlu Musa türbəsi — Ağdam rayonunun Xaçındərbəndli (Xaçın Türbətli) kəndində Elxanilər dövrünə aid xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında "Sarı Musa türbəsi" adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki kitabədə belə yazılmışdır: "Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir". Bu daş kitabəyə görə türbənin inşası 1314-cü il iyulun 15-də tamamlanmışdır. Azərbaycanın o dövrdəki Xaçın vilayətinin nüfuzlu şəxsi olmuş Qutlu Xacə Musa oğlunun məzarı üstündə ucaldılmış türbə ziyarətgah kimi məşhurlaşmış və həmin ərazidə mövcud olan kənd Xaçın Türbətli adlandırılmışdır. Qutlu Xacə Musa oğlu türbəsi Azərbaycanın qülləvari türbələri üçün səciyyəvi olan dinamik həcm kompozisiyasına malikdir. Abidənin həm inşaat texnikasında, həm də detallarının bədii-plastik həllində Aran memarlığının, xüsusilə də Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunmuşdur. Türbə alt sərdabə və üst kameradan ibarət ikiqatlı quruluşa malikdir. 1993-cü ildə Ağdamın işğalından sonra erməni silahlı dəstələri türbədəki divar rəsmlərini və divar daşları üzərindəki yazıları pozaraq yerinə kiçik xaç şəkilləri və erməni yazıları həkk etmişlər. Pənahəli xanın imarəti — Pənahəli xanın imarəti adı ilə tanınan abidə Ağdam şəhəri yaxınlığında yerləşir və dövrümüzə dağınıq şəkildə gəlib çatmış iki binadan ibarətdir. Ehtimal ki, ilkin çağında bu kompleksə daha çox bina daxil olmuşdur. Kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan, Nadir şahın xidmətindən uzaqlaşaraq Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilmişdir. İmarətin bir-birinə perpendikulyar şəkildə tikilmiş binaları dəbdəbəli xan iqamətgahı olmayıb, XVIII əsr Qarabağ bölgəsi zənginlərinin yaşayış evləri üslubundadır. Bu evlər baş fasadları ilə həyətə açılırmış. İmarətin nisbətən böyük ölçülü əsas binası planda mürəkkəb konfiqurasiyaya malikdir və müxtəlif ölçülü otaqlardan ibarətdir. Bu birmərtəbəli binada eyvanlı salon mərkəzi mövqe tutur. Eyvanlı salona yanlardan sərbəst girişləri olan iki otaqlı hissələr birləşdirilmişdir. Otaqlar tağbəndlə örtülmüşdür. XVIII əsrin maraqlı yaşayış evi olan bu binanın uzunluğu 16 metri keçən baş fasadı Azərbaycan yaşayış evləri ənənəsinə uyğun olaraq cənuba yönəlmişdir. İmarətin ikinci binası planda uzunsov düzbucaqlı formadadır və iki otaqdan ibarətdir. Giriş qapısı və pəncərələri həyətə, şərqə yönəlmiş bu otaqlar da daş memarlığına xas olan tağbəndlərlə örtülmüşdür. Şahbulaq sarayı — Şahbulaq saray kompleksi əsasən yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Qarabağ xanlarının yay iqamətgahlarından biri olan bu saray kompleksi 1751–1752-ci illərdə inşa edilmişdir. Kompleksin mühafizə divarları yaxınlığında Xan sarayı yerləşirdi. Düzbucaqlı formada tikilən kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü isə 8,5 metr idi. Saray kompleksinin yaxınlığında kiçik ibadət zalından və küləfirəngidən ibarət kiçik bir məscid də inşa edilmişdi. Şahbulaq saray kompleksi 1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal edildikdən sonra kompleksin daxilindəki məscid, hamam, Xan sarayı və bəzi yaşayış evləri sökülüb dağıdılmışdır. Yalnız kompleksin mühafizə divarları qalmışdır. 2006-cı ildə Ermənistan Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Şahbulaq yaylağına ezam edilmişdir. Həmin ekspedisiyanın üzvləri olan erməni alimləri orada aparılan qazıntıların nəticəsi olaraq iddia etmişlər ki, guya "qədim erməni dövlətinin paytaxtlarından" biri olan Tiqranakert Şahbulaq yaylağında yerləşirmiş. Həmin vaxta qədər erməni alimləri birmənalı şəkildə bəyan edirdilər ki, Tiqranakert şəhərinin qalıqları Türkiyə ərazisində, Diyarbəkir şəhərinin yaxınlığındadır. Beləliklə, onların "qədim paytaxt" iddiası da Şahbulaq yaylağına köçürülmüşdür. Din — Ağdam şəhərinin strateji cəhətdən ticarət yolunun üzərində yerləşməsi burada müxtəlif sənətkarlıq sahələrinin yaranmasına şərait yaratmışdır. Tarixi mənbələrdə Azərbaycanın ərəblər tərəfindən işğalı zamanı xilafət qoşunlarına qarşı ciddi müqavimət göstərən ərazilərdən birinin məhz Azərbaycan Respublikasının Qarabağ bölgəsi olduğu qeyd olunur. Rəşid Göyüşovun tədqiqatına görə, Azərbaycanın ərəblər tərəfindən işğalı zamanı Ağdam İslam dinini qəbul edən ən sonuncu ərazilərdən biri idi. Azərbaycanın digər bölgələrində olduğu kimi, Ağdam şəhərində də ən geniş yayılmış din İslamdır. Qarabağ müharibəsi zamanı Cümə məscidi də digər işğal altında olan tikililər kimi vəhşicəsinə dağıdılmışdır. Erməni silahlı dəstələri tərəfindən məscidin minarələrinə ciddi ziyan yetirilmiş, tavanı uçurdulmuş, divar yazıları pozulmuş, interyerinə isə erməni və rus dillərində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılmışdır. İşğal dövründə məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə edilmişdir. Mədəniyyət — 1930-cu ildə şəhərdə bulvar salınmışdır. 1983-cü ildən 1993-cü ilə kimi şəhərdə Çörək Muzeyi fəaliyyət göstərirdi. Muzeydə qədim dünyanın və orta əsrlərin unikal eksponatları toplanmışdır. Eksponatlar arasında daşlaşmış qədim buğda nümunələri, dənli bitkilərin nadir növləri, çoxlu sayda qiymətli kitablar, əlyazmalar və əkinçiliyin inkişafı haqqında materiallar var idi. Bundan əlavə, muzeydə xış (soxa), adi və dişli oraq, taxıldöyən lövhə, əl dəyirmanı və digər qədim əkinçilik alətləri nümayiş etdirilirdi. 1986-cı ilin iyul ayında Ağdamda Çay evinin açılış mərasimi keçirilmişdir. Layihənin müəllifi 1984–1988-ci illərdə Ağdamda baş memar işləmiş Naiq Səmədov idi. Mətbəxi — Ağdam mətbəxi Qarabağın özünəməxsus təamları arasında xüsusi yer tutur. Ağdam mətbəxində döşəməli aş, döymə kababı, dolma, abdal (avdal) qutabı, boyanalı plov, Ağdam kətəsi və digər yeməklər geniş yayılmışdır. Burada yeməklərin şahı boyanalı plov hesab edilir. Musiqi — Qarabağ bölgəsinin mədəni ənənəsi olan muğam sənəti Ağdam musiqi irsinin mühüm hissəsidir. 1956-cı ildə Ağdamda Xosrov Fərəcovun rəhbərliyi ilə "Şur" ansamblı yaradılmışdır. 1985-ci ildən fəaliyyət göstərən Ağdam Muğam Məktəbi və "Qarabağ bülbülləri" ansamblı dövlət tədbirlərində, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, televiziyada və hərbi hissələrdə geniş proqramla konsertlər vermişdir. Ağdamın tanınmış musiqiçiləri bunlardır: Arif Babayev – xanəndə; Elman Bədəlov – kamança ustası; Təyyar Bayramov – xanəndə; Teymur Mirzəyev – ansambl rəhbəri; Ramiz Quliyev – tarzən; Qədir Rüstəmov – xanəndə; Murad Rzayev – ansambl rəhbəri; Nəzakət Teymurova – xanəndə. 2014-cü ildə alman bəstəkarı və pianoçusu Hauşka (Hauschka) fortepiano üçün yazdığı "Xaraba Ağdam" ("Ruined Agdam") əsərini bu şəhərə həsr etmişdir. Teatr — 1908-ci ildə Ağdamda Əbdürrəhim bəy Haqverdiyev adına teatr truppası fəaliyyət göstərmişdir. 1910-cu il noyabrın 30-da Ağdam şəhər məktəbində Nadir, Əhməd bəy, Abbas və Məmiş Dərgahovun iştirakı ilə "Ev tərbiyəsinin bir şəkli" və "Dursunəli və Ballıbadı" əsərləri tamaşaya qoyulmuşdur. Həmin il Ağdamda Həmzə Qəniyevin evində Əbdürrəhim bəy Haqverdiyevin öz rejissorluğu ilə "Ac həriflər" əsəri truppa tərəfindən məharətlə oynanılmışdır. 1920-ci ilin əvvəllərində Ağdamda teatr bölməsi yaradılmış və burada dövrün ən tanınmış teatr xadimləri fəaliyyət göstərmişlər. 1930-cu ildə Ağdam Beynəlmiləl Klubu nəzdində təşkil olunmuş dram və opera zəhmət kollektivi Fəhlə-Kəndli Klubunun dram kollektivi ilə birləşmişdir. Bu birləşmiş kollektiv Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "O olmasın, bu olsun" və "Arşın mal alan" opera və operettalarını tamaşaçılara təqdim etmişdir. 1937-ci ildə həmin kollektiv əsasında şəhərdə Dövlət Dram Teatrı təşkil edilmişdir. Teatra görkəmli dramaturq, rejissor və teatr təşkilatçısı Əbdürrəhim bəy Haqverdiyevin adı verilmişdir. Teatr 10 il ərzində fədakarlıqla fəaliyyət göstərmiş, təkcə Şuşa və ətraf kəndlərdə deyil, Yevlax, Ağdaş, Göyçay, Bərdə və digər rayonların zəhmətkeşləri qarşısında da çıxış etmişdir. Ağdam teatrının quruluş verdiyi "Məhəbbət", "Vəfa" və "Praqanın şabalıd ağacları altında" tamaşalarında ilk dəfə olaraq müharibə illərinin qəhrəmanlıq hadisələri konkret şəkildə göstərilirdi. İkinci Dünya müharibəsindən sonra Ağdam teatrının hazırladığı "Qatır Məmməd" tamaşası kollektivin ən yaxşı işlərindən biri kimi qiymətləndirilmişdir. 1949-cu ildə ölkənin bir çox rayon teatrları, o cümlədən Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı bağlanmışdır və bu hadisə ölkə mədəniyyətinə ciddi təsir göstərmişdir. Daha sonra Ağdam Xalq Teatrına 11-ci mövsümündə yenidən Dövlət Teatrı statusu verilmiş və kollektiv Əbdürrəhim bəy Haqverdiyevin adı ilə yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Ağdam teatrının həm ilk illərdəki dram dərnəyində, həm 1937–1949-cu illərdə Dövlət Dram Teatrında, həm də 1959–1969-cu illərdəki Xalq Teatrında repertuarında opera və operettalar müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. 1970-ci illərdə teatrda "Qaynana", "On üçüncü sədr", "Gəl qohum olaq", "Sevil", "Oqtay Eloğlu", "Qaraqum faciəsi", "Unuda bilmirəm", "Həsrət", "Adam və Yeva", "Qismət", "Şəhərin yay günləri", "Dağılan tifaq" və digər əsərlərə uğurla quruluş verilmişdir. İdman — Ağdamda "Qarabağ" futbol klubu ("Qarabağ FK") 1951-ci ildə yaradılmışdır. Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" futbol klubu Ağdam şəhərini təmsil edir. Ağdamın yığma komandası Odessa vilayətinin Sadovski şəhərində Azərbaycanı uğurla təmsil etmişdir. Bundan sonra Patarburnari rayonunda Ağdam komandası 38 klubun iştirak etdiyi kubok yarışında finala çıxaraq ikinci yeri tutmuşdur. "Qarabağ" komandası ilk dəfə 1988-ci ildə, Azərbaycan keçmiş SSRİ-nin tərkibində olarkən Azərbaycan SSR çempionu adına layiq görülmüşdür. 1993-cü ildə Ağdam şəhəri erməni silahlı dəstələri tərəfindən işğal olunduqdan sonra doğma "İmarət" stadionundan didərgin düşən komanda məcburi olaraq "Qaçqın klub" adını almışdır. Təhsil — İşğaldan əvvəl Ağdam şəhərində 7 orta məktəb, 1 səkkizillik məktəb, musiqi və tibb texniki peşə məktəbləri, 5 məktəbdənkənar uşaq müəssisəsi, 1 uşaq bağçası, 4 körpələr evi, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumu və kənd təsərrüfatı texnikumu fəaliyyət göstərirdi. Ümumilikdə işğaldan əvvəl rayonda 34 uşaq bağçası və körpələr evi var idi. 148 ümumtəhsil məktəbi, 4 fəhlə gənclər, 1 qiyabi orta və 2 kəndli gənclər məktəbində 1201 nəfər şagird oxuyurdu. Bundan başqa, 4 orta ixtisas təhsili müəssisəsində (mexanikləşdirmə və elektrikləşdirmə texnikumları, musiqi və tibb məktəbləri) 1269 şagird təhsil alırdı. Rayonda həmçinin dram teatrı, tarix-diyarşünaslıq muzeyi, 71 kitabxana, 79 mədəniyyət ocağı, 27 klub və digər mədəni-maarif müəssisələri fəaliyyət göstərmişdir. Tanınmış sakinləri — 71 nəfər ağdamlı döyüşçü erməni işğalçılarına qarşı döyüşlərdə cəsarət, şücaət və qəhrəmanlıq göstərdiklərinə görə mükafatlandırılmışdır. Onlardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş, 21 nəfər "Azərbaycan Bayrağı" ordeni, 7 nəfər "Vətən uğrunda", 7 nəfər "İgidliyə görə" və 21 nəfər "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur. Rayonun digər tanınmış sakinləri bunlardır: Ramiz Abbaslı – yazıçı və bədii tərcüməçi; Sadir Məmmədov – polis polkovniki; Sarvan Şamiloğlu – jurnalist; Yamən Yusifov – prokuror; Ülkər Məmmədova – alim. İşğalın nəticələri — 1993-cü il iyulun 23-dən etibarən Ağdam rayonunun erməni silahlı dəstələri tərəfindən işğal edilmiş əraziləri, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri vəhşicəsinə tamamilə dağıdılmış, zəngin təbii sərvətləri talan edilmişdir. İşğaldan əvvəl rayon əhalisinin tamamı Azərbaycan türklərindən ibarət olmuşdur. Hazırda Ağdam əhalisinin böyük əksəriyyəti məcburi köçkün statusu ilə respublikanın digər rayon və şəhərlərində məskunlaşmışdır. Bu məqalənin hazırlanmasında Dövlət Statistika Komitəsinin məlumatlarından, həmçinin "Vikipediya" ("Wikipedia" — Qarabağ bölməsi), "Tarix.info", "Kayzen", "Erməni vandalizmi" və "Virtual Qarabağ" ("Virtual Karabakh") internet resurslarından istifadə edilmişdir.
K. Ələkbərli |
|
|
| |
| Baxılıb: 1160 | | |
| Ümumi Şərhlər: 0 | |