|
Azərbaycan Respublikası Qazax rayonu Qarabağ müharibəsi dövründə Ermənistan Azərbaycanla həmsərhəd olan bütün bölgələrə hücum etmişdir. Bu bölgələrdən biri də Qazax rayonu idi. Həmin vaxt Qazax rayonunun Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı, Barxudarlı və Sofulu kəndləri hücuma məruz qalmışdır. Azərbaycanın Ermənistan ərazisində şimal-qərbdə Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Naxçıvan Muxtar Respublikası istiqamətində Kərki adlı anklavları vardır. Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı il martın 23-dən 24-nə keçən gecə qabaqcadan hazırlanmış plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir. Bağanıs Ayrım kəndi Coğaz çayının sahilində yerləşir. Kəndin keçmiş adı Seyid Ayrım olmuşdur. Yaşayış məntəqəsini ayrımların seyidli qoluna mənsub ailələr keçmişdə mövcud olmuş Bağanis kəndinin yaxınlığında saldığı üçün kənd belə adlanmışdır. Seyidlilər XIX əsrin əvvəlində 108 ailədən ibarət tirə olmuşdur. Toponim "Bağanis kəndi yaxınlığındakı Ayrım kəndi" mənasını verir. 1990-cı ildə erməni silahlı dəstələri Qazax rayonunun Bağanıs Ayrım kəndinə hücum edən zaman Azərbaycan hərbçiləri ilə qarşıdurma yaşanmışdır. Eyni zamanda, erməni silahlı dəstələri Ermənistan ərazisindəki Azərbaycan anklavlarına, eləcə də Qazax və Sədərək rayonlarında yerləşən sərhəd kəndlərinə hücum edirdi. 1990-cı ilin mart ayında erməni silahlı dəstələri bir neçə avtomobillə Bağanıs Ayrım kəndinin sərhədinə gəlmişdir. Toranlıqda sərhədi keçən dəstələr kəndə hücum etmişdir. Hücum nəticəsində təxminən 20 ev yandırılmış və 8-11 azərbaycanlı kəndli öldürülmüşdür. Yanmış evlərin qaralmış xarabalıqlarında körpələr də daxil olmaqla bir ailənin üzvlərinin cəsədləri aşkar edilmişdir. Sovet Daxili İşlər Nazirliyinin qoşunları Bağanıs Ayrıma çatanda hücum edənlər artıq ərazidən qaçmışdı. Erməni silahlı dəstələrinin Azərbaycan ərazisində Qarabağ müharibəsinə başlayarkən törətdiyi ilk faciə Bağanıs Ayrım kəndində baş vermişdir. Kənddə 5 üzvdən ibarət bir ailə xüsusi amansızlıqla qətlə yetirilərək yandırılmışdır. Bununla da Bağanıs Ayrım erməni silahlı dəstələrinin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşmüşdür. İşğal zamanı kəndin silahsız, dinc əhalisinə qarşı şiddətli zorakılıq törədilmişdir. Hücum nəticəsində 10 nəfər həlak olmuş, 15 nəfərdən çox insan yaralanmışdır. 100-dən çox evi olan kənd talan edilmiş, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ələ keçirilmişdir. Bağanıs Ayrım kəndində 1 ibtidai məktəb, feldşer-mama məntəqəsi, klub və 10 373 nüsxə kitab fondu olan kitabxana yandırılaraq məhv edilmişdir. Bağanıs Ayrım faciəsini geniş oxucu kütləsinə çatdırmaq məqsədilə Elçin İsmayıl "Bu, əsl faciə idi" adlı kitabını yazmış və həmin əsər 1999-cu ildə "Azərbaycan" nəşriyyatında çap edilmişdir. 24 mart 1990-cı il tarixində Qazax rayonunun Bağanıs Ayrım kəndi erməni silahlı dəstələri tərəfindən zəbt edilmiş və tamamilə yandırılmışdır. Hal-hazırda Bağanıs Ayrım kəndi erməni silahlı dəstələrinin işğalı altındadır. 1992-ci ilin aprel ayında erməni silahlı dəstələri Qazax rayonunun daha iki kəndinə: Barxudarlı və Sofulu kəndlərinə hücum etmişdir. Barxudar (Bərxudar) Bəy Ənis XVI əsrin ikinci yarısı və XVII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur top tökmə ustası olmuşdur. Səfəvilər dövlətində ona "topçubaşı" ləqəbi və vəzifəsi verilmişdir. XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibələri dövründə Təbriz, İrəvan, Gəncə və digər şəhərlərin mühafizəsində istifadə edilən iri qaladağıdan toplar Bərxudarın başçılığı ilə hazırlanmışdır. Barxudarlı kəndi dağətəyi ərazidə yerləşir. Bəzi tədqiqatçıların fikrincə, kəndi barxudarlı nəslinə mənsub ailələr saldığına görə yaşayış məntəqəsi belə adlanmışdır. Nəslin adı fars dilindəki "bərxurdar" (arzusuna yetişmiş, xoşbəxt) sözündən yaranmışdır. Sofulu yaşayış məntəqəsinin adı Zəngəzur və Qazax qəzalarında yaşamış kəngərlilərin sofulu tayfasının adı ilə bağlıdır. 27 aprel 1992-ci ildə Qazax rayonunun Barxudarlı və Sofulu kəndləri erməni silahlı dəstələrinin işğalı altına düşmüşdür. 8 iyun 1992-ci ildə erməni silahlı dəstələri Qazax rayonunun daha dörd kəndini işğal etmişdir. İşğal olunan yaşayış məntəqələri Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləridir. Yuxarı Əskipara kəndi dağətəyi ərazidə yerləşir. Keçmiş adı Əskipara olmuşdur. Ondan yaranmış yeni yaşayış məntəqəsi Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırılmışdır. "Əskipara" Azərbaycan dilində "əski" (köhnə, qədim) və "para" (hissə, yer, kənd) sözlərindən ibarət olub, "köhnə, qədim kənd" mənasını verir. 1990-cı il avqustun 18-də xeyli sayda erməni silahlı dəstələrinin Azərbaycan sərhədinə yaxın ərazidə toplanması müşahidə edilmişdir. Ertəsi gün erməni silahlı dəstələri Azərbaycanın Yuxarı Əskipara, Bağanıs Ayrım, Aşağı Əskipara və Quşçu Ayrım kəndlərini atəşə tutmuşdur. Şahidlərin sözlərinə görə, hücum zamanı raketli qumbaraatanlardan və zenit toplarından istifadə edilmişdir. İlk hücumun qarşısı alınsa da, Yerevandan gələn əlavə dəstələrin köməyi ilə erməni silahlı dəstələri Yuxarı Əskipara və Bağanıs Ayrımı ələ keçirə bilmişdir. Avqustun 20-də general-mayor Yuri Şatalinin əmri ilə Sovet ordusunun tankları, zenit silahları və helikopterləri əraziyə gətirilmiş və günün sonunda erməni silahlı dəstələri kəndlərdən çıxarılmışdır. Sovet Daxili İşlər Nazirliyinin məlumatına görə, döyüşlərdə 1 Daxili İşlər Nazirliyi zabiti, 2 polis əməkdaşı və 9 əsgər həlak olmuş, 13 sakin yaralanmışdır. Ermənistan KİV-in məlumatına görə 5 silahlının öldüyü və 25 nəfərin yaralandığı, Azərbaycan mediasının məlumatına görə isə 30 nəfərin həlak olduğu və 100 nəfərin yaralandığı bildirilmişdir. Yuxarı Əskipara kəndində V–VIII əsrlərə aid qala, X əsrə aid Şəkərqala məbədi kompleksi, XVII əsrə aid bürc, Qatır körpüsü, Kazım körpüsü və digər memarlıq abidələri dağıdılmışdır. Bundan əlavə, XIV əsrə aid yeraltı yol, səkkizillik məktəb, tibb məntəqəsi, klub və 10 048 nüsxə kitab fondu olan kitabxana məhv edilmişdir. Yuxarı Əskipara kəndi 8 iyun 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən işğal olunmuşdur. Aşağı Əskipara kəndi Coğaz çayının sahilində, Qazançı dağının ətəyində yerləşir. Kənddə 1 orta məktəb, xəstəxana, mədəniyyət evi və 16 830 nüsxə kitab fondu olan 2 kitabxana dağıdılaraq məhv edilmişdir. Həmçinin 8 512 nüsxə kitab fondu olan Xeyrımlı, 10 335 nüsxə kitab fondu olan Qızılhacılı, 14 829 nüsxə kitab fondu olan Sofulu və 16 105 nüsxə kitab fondu olan Barxudarlı kənd kitabxanaları, eləcə də ictimai-iaşə obyektləri, məktəblər və xəstəxanalar dağıdılaraq məhv edilmişdir. Aşağı Əskipara kəndi 12 mart 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən işğal olunmuşdur. Xeyrımlı kəndi Gəncə-Qazax düzənliyində yerləşir. Kəndin keçmiş adı Dil Xeyrimli olmuşdur. Toponim dəli xeyrimli tayfasının adından yaranmışdır. Xeyrımlı kəndi 8 mart 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən işğal olunmuşdur. Qızılhacılı yaşayış məntəqəsinin adı qızılhacılı tayfasının adındandır. Qızılhacılı kəndi 11 may 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən işğal olunmuşdur. 8 iyun 1992-ci il tarixindən etibarən Qazax rayonunun Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir. Rayonun tarixçəsi Alpout toponimi — Toponim qədim türk mənbələrində VIII əsrdən adı çəkilən alpout (alpavut) tayfalarının adı ilə əlaqədardır. Onlar XI–XII əsrlərdə Səlcuq oğuzlarının, XIV–XV əsrlərdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, XV əsrin axırlarından isə Qızılbaş tayfalarının tərkibində Ön Asiya və Cənubi Qafqazın siyasi hadisələrində fəal iştirak etmişlər. Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində, o cümlədən Qazaxda torpaqlar almışdılar. Qazaxın qədim tarixi və mənşəyi — Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almışdır və hazırda rayon mərkəzidir. Ehtimallara görə, Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) kimi ərəb tarixçisi Əl-Kufi IX əsrdə məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI–XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118–1120-ci illərdə gürcü çarı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpçağı Gürcüstanda yerləşdirmişdir. Türkdilli əhali sayca çoxluq təşkil etdiyi üçün Şərqi Gürcüstan XI–XIII əsr gürcü mənbələrində "Didi Türkoba" (Böyük Türk Obası) adlanırdı. Görünür, həmin türkdilli qıpçaqların əksəriyyəti qazaxlar olmuşlar. Bunu Azərbaycanın şimalında, eləcə də Gürcüstan və Ermənistan ərazilərində yayılmış qazax etnik birliyinə aid etnotoponimlər də sübut edir. Qazax sultanlığı dövrü — XV əsrin sonlarında Qazax sultanlığı yaradılmışdır. Səfəvilər dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi. Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Sultanlığa 3 nəsil rəhbərlik etmişdir. Birinci nəslə "Qazaxlı" və ya "Alqazaxlı" deyilən Şıxlinskilər aiddir. Osmanlı sultanı III Əhmədin hakimiyyəti dövründə (1703–1730) qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə Səfəvilər yenidən Qazaxı geri alarkən "Qazaxlı" tayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə iranlı sərkərdə Sübhanverdi xanı Qazaxa sultan təyin etmişlər. Bununla da ikinci feodal sülaləsinə Sübhanverdi xan başçılıq etmişdir. Həmin dövrdə Qazax sultanlığı hələ Qarabağ bəylərbəyliyinə tabe idi. 1736-cı ildə Nadir şah Muğanda özünü şah elan etmişdir. Lakin Qarabağ bəylərbəyi Uğurlu xan Ziyadoğlu onun hakimiyyətinə öz etirazını bildirmişdir. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra Gəncə xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmşədil və Borçalı mahallarını Kaxetiya çarlığına vermişdir. Bundan sonra Kaxetiya çarı II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa rəhbər təyin edilmişdir. Bununla da üçüncü feodal sülaləsinin hakimiyyəti başlamışdır. 1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirilmiş, Şəki xanı Hacı Çələbinin vəfatından sonra isə yenidən II İraklinin vassallığına keçmişdir. Rusiya imperiyası və Sovet dövrü — 1801-ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanın tərkibində Rusiyaya birləşdirilmişdir. 1819-cu ildə sultanlıq ləğv edilərək distansiyaya çevrilmişdir. 1867-ci il dekabrın 9-da Yelizavetpol quberniyasının tərkibində Qazax qəzası yaradılmışdır. Qazax qəzası indiki Tovuz, Ağstafa, Qazax rayonlarını və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölünə qədər olan əraziləri əhatə edirdi. 1929-cu ildə Qazax qəzası ləğv olunmuşdur. 1930-cu il avqustun 8-də Qazax rayonu yaradılmış, 1939-cu il yanvarın 24-də rayonun bir hissəsi yeni yaradılan Ağstafa rayonuna verilmişdir. 1959-cu il dekabrın 4-də Ağstafa rayonu Qazax rayonundan ayrılmışdır. 1982-ci ildə Qazax rayonunun İncədərə yaylası, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin bir hissəsi, 1986-cı ildə isə Qazax rayonunun 2 500 hektarlıq otlaq əraziləri Ermənistan tərəfindən müxtəlif adlar altında zəbt edilmişdir. Münaqisə dövrü və dağıntılar — Dağlıq Qarabağ və Ermənistan–Azərbaycan münaqişəsi nəticəsində erməni silahlı dəstələri Qazax rayonunun 12 kəndini işğal etmişdir. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra işğal olunmuş 12 kənddən 5 kəndin torpağı geri alınmışdır. Hazırda 7 kənd işğal altındadır, 13 kənd isə erməni silahlı dəstələrinin atəşi altındadır. Ümumilikdə, Ermənistanın hərbi təcavüzü nəticəsində Qazax rayonunun 154 sosial və texniki infrastruktur obyektinə zərər dəymişdir. 12 səhiyyə obyekti, 15 uşaq bağçası və 19 məktəb təcavüzdən zərər görmüşdür. Qazax rayonunda 25 tarixi və mədəniyyət abidəsi erməni vandalları tərəfindən dağıntılara məruz qoyulmuşdur. Qazax rayonunun işğal olunmuş kəndlərinin əhalisi hazırda Qazax şəhərində və rayonun digər kəndlərində məcburi köçkün kimi məskunlaşmışdır. Erməni silahlı dəstələrinin atəşinə məruz qalan kəndlər — Cəfərli, Bala Cəfərli, Quşçu Ayrım, Məzəm, Fərəhli, Abbasbəyli, Daş Salahlı, Aslanbəyli, Qaymaqlı, Kəmərli, İkinci Şıxlı, Xanlıqlar və Ağköynək kəndləri erməni silahlı dəstələrinin atəşinə məruz qalmışdır. Bələdiyyələr — Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı, Barxudarlı və Sofulu kəndləri erməni silahlı dəstələri tərəfindən işğal olunduğu üçün bu kəndlərdə bələdiyyələr təşkil olunmamışdır. Cəfərli, Bala Cəfərli, Fərəhli, Abbasbəyli, Quşçu Ayrım və Məzəm kəndlərində isə atəş altında olduqları və torpaq islahatı aparılmadığı üçün bələdiyyələr yaradılmamışdır. Dağıdılmış və yandırılmış tarix və mədəniyyət abidələri Münaqişə zamanı aşağıdakı tarix və mədəniyyət abidələri dağıdılmış və yandırılmışdır: XIV əsr: Yeraltı yol; XII əsr: Yeraltı su kəməri, Qüllə, Qatır körpüsü, Kazım körpüsü, Qulucanlı körpüsü, Hamam qalıqları, Koroğlu qülləsi, Türbə və Qızılhacılı kəndində yerləşən Qızılhacılı körpüsü; XVI əsr: Şəhərgah və Aşağı Əskipara kəndində yerləşən Dəyirman; VI–VII əsrlər: Aşağı Əskipara kəndində yerləşən Alban kilsəsi; XIX əsr: Məzəm kəndində yerləşən Qatır körpüsü; Digər abidələr: Şəkər qalası. Qoruq — Qazax rayonunda "Avey" Dövlət Qoruğu fəaliyyət göstərir. Qoruq 1989-cu ildə yaradılmışdır. Qoruğun ərazisində elmi-tədqiqat işləri aparmaq üçün Əskipara, Göyəzən və Damcılı filialları təşkil edilmişdir. Qoruq əsasən tarix, mədəniyyət, memarlıq, etnoqrafiya, bədii yaradıcılıq və digər folklor sahələri üzrə araşdırmalarla məşğuldur. Qoruğun ərazisində yüzlərlə tarix və mədəniyyət abidəsi vardır və onlar qoruğun əsas mülkiyyəti hesab olunur. Bu abidələrdən 15-i memarlıq, 36-sı arxeoloji və 5-i dekorativ-tətbiqi sənət nümunəsidir. Qoruq rayonun müxtəlif qədim tarixi dövrlərə aid arxeoloji və memarlıq abidələrini, həmçinin etnoqrafiya materiallarını tədqiq edib öyrənir. Maddi-mədəni irsi Əskipara məbədi: Aşağı Əskipara kəndi ərazisində yerləşən məbəd V–VIII əsrlərdə tikilmişdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunmuşdur ki, bu da abidənin Qafqaz Albaniyasına məxsus olduğunu sübut edir. Abidə ölkə əhəmiyyətli tarixi və mədəni abidədir; Qatır körpüsü (Yuxarı Əskipara): XII–XIII əsrlərə aiddir. Bu körpü Əskipara çayının üzərində, Yuxarı Əskipara kəndinin yaxınlığında tikilmişdir. Yerli əhəmiyyətli tarixi və mədəni abidədir; Yeraltı yol (Yuxarı Əskipara): XIV əsrə aiddir. Qazax rayonunun Yuxarı Əskipara kəndində yerləşən ölkə əhəmiyyətli arxeoloji abidədir; Yeraltı su kəməri (Yuxarı Əskipara): Qazax rayonunun Yuxarı Əskipara kəndində yerləşən ölkə əhəmiyyətli arxeoloji abidədir; Dördkünclü qala (Yuxarı Əskipara): Coğaz çayının sahilində ucaldılmışdır. "Qalakənd Qalası" məbəd kompleksi — Bu məbəd kompleksi Qazax rayonunun Yuxarı Əskipara kəndində, Coğaz çayının sağ sahilində yerləşir. Bəzi fərziyyələrə əsasən, bura Qafqaz Albaniyası hökmdarlarının iqamətgahlarından biri olmuşdur. Kompleks təxminən 2,5 hektar ərazidə yerləşir və ikiqat divarla əhatə olunmuşdur. Divarlar arasındakı məsafə təxminən 12 metrə yaxındır. Divarlar yerin relyefi ilə uzlaşdırılaraq strateji baxımdan dəqiqliklə inşa edilmişdir. Qalanın daxili hissəsində dini, xidməti və təsərrüfat təyinatlı tikililər ucaldılmışdır. Bunların içində ən önəmlisi qalanın yuxarı hissəsində yerləşən məbəddir. Məbədin tikintisində 21x21x57 sm ölçülü bişmiş kərpicdən və yerli daşdan istifadə olunmuşdur. 1970-ci illərdə kompleksdə tədqiqat işləri aparılan zaman məbədin və kompleksin bir çox hissəsi artıq dağılmış vəziyyətdə idi. Alimlərin qənaətinə görə, kompleksin ucaldılma tarixi VI–IX əsrlərə təsadüf edir. Hazırda "Qalakənd Qalası" məbəd kompleksi erməni silahlı dəstələrinin işğal etdiyi ərazidə yerləşir. Yuxarı Əskipara kəndində alban məbədi — Qazax rayonunun Yuxarı Əskipara kəndində, Coğaz çayının sol sahilində qədim alban məbədi yerləşir. Məbəd V–VIII əsrlərdə inşa edilmişdir. Qapılarının üstündə alban xaçı vardır, sütunlarında isə nəbati və balıq təsvirlərindən ibarət bəzək elementləri görünür. Həyətində yazılı qəbir daşları olmuşdur. 1990-cı ildə erməni silahlı dəstələri Qazax rayonunun Yuxarı Əskipara kəndini işğal edərək yandırmışlar. Hazırda həmin alban məbədi erməni silahlı dəstələrinin işğal etdiyi ərazidə yerləşir. Yuxarı Əskipara kəndində Dördkünclü qala — Qazax rayonunun Yuxarı Əskipara kəndində nisbətən salamat qalan abidələrdən biri Dördkünclü qaladır. Bu tikiliyə Qüllə və ya Koroğlu qalası da deyilir. Coğaz çayının sahilində ucaldılmış bu çoxmərtəbəli qala gözətçi məntəqəsi kimi fəaliyyət göstərmişdir. Xüsusi olaraq planlaşdırılmış pəncərələr, müşahidə dəlikləri və xəbərdaredici tonqal yerləri bunu təsdiq edir. Planda qala kvadrat şəklindədir və onun hər bir tərəfinin uzunluğu 8 metr təşkil edir. Qala çaydaşından səliqə ilə hörülmüşdür və üzərində bişmiş qırmızı kərpicdən kəmər-naxışları vardır. Mərtəbəarası örtüklər ağacdan hazırlanmışdır, həyətində isə köməkçi binalar olmuşdur. Memarlıq və mühəndislik baxımından abidə bölgəyə məxsus inşaat üslubunda tikilmişdir. Bu qala Azərbaycanın orta əsr müdafiə tikililərinin nadir və önəmli nümunəsidir. 1990-cı ildə erməni silahlı dəstələri Qazax rayonunun Yuxarı Əskipara kəndini işğal edərək yandırmışlar. Hazırda Dördkünclü qala erməni silahlı dəstələrinin işğal etdiyi ərazidə yerləşir. Tarix və mədəniyyət abidələri yerləşən yaşayış məntəqələri — Qazax şəhəri, Alpout, Abbasbəyli, Xanlıqlar, Aslanbəyli, Çaylı, Kəmərli, Daş Salahlı, İkinci Şıxlı, Qaymaqlı, Hüseynbəyli və Ağköynək kəndləri. Arxeoloji abidələr Yeraltı yol: XIV əsr, Yuxarı Əskipara kəndi; Yeraltı su kəməri: Yuxarı Əskipara kəndi; Şəhərgah: Orta əsrlər, Yuxarı Əskipara kəndi. Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri Qüllə: XVII əsr, Yuxarı Əskipara kəndi; Qatır körpüsü: XII–XIII əsrlər, Yuxarı Əskipara kəndi; Qızılhacılı körpüsü: Yuxarı Əskipara kəndi; Kazım körpüsü: Yuxarı Əskipara kəndi; Qulucanlı körpüsü: Yuxarı Əskipara kəndi; Hamam qalıqları: Yuxarı Əskipara kəndi; Koroğlu qalasının qülləsi: Yuxarı Əskipara kəndi; Türbə: Yuxarı Əskipara kəndi; Dəyirman: Aşağı Əskipara kəndi; Kilsə: Aşağı Əskipara kəndi; Qatır körpüsü: XIX əsr, Məzəm kəndi; Məbəd: V–VII əsrlər, Yuxarı Əskipara kəndi. Yaşayış məntəqələrinin adları — Rayonda 1 şəhər (Qazax), 2 qəsəbə (Daş Salahlı, Yeni Salahlı) və 32 kənd (Xanlıqlar, Ağköynək, Qarapapaq, Çaylı, Kommuna, Ürkməzli, Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Dəmirçilər, Alpout, Hüseynbəyli, Canallı, Kosalar, Qazaxbəyli, Aslanbəyli, Qaymaqlı, Kəmərli, Birinci Şıxlı, İkinci Şıxlı, Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı, Barxudarlı, Sofulu, Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli, Abbasbəyli) vardır. İnfrastruktur və ictimai həyat İdman və gənclər: Rayonda "Gənclər Mərkəzi", Qazax Olimpiya İdman Kompleksi, şəhər stadionu, 2 üzgüçülük hovuzu, 5 aerobika-trenajor zalı və 2 atıcılıq tiri fəaliyyət göstərir; Maliyyə qurumları: Rayon ərazisində 6 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 4 bank olmayan kredit təşkilatı vardır; Yol infrastrukturu: Qazax rayonu ərazisindən 44 km uzunluğunda Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası dövlət sərhədi beynəlxalq avtomobil yolu keçir. Rayondaxili yolların uzunluğu 151 km-dir; İctimai-siyasi və seçki sistemi: Rayonda 4 siyasi partiya, 4 məscid, 1 ziyarətgah, 4 islamyönümlü dini icma və 17 QHT fəaliyyət göstərir. Rayonda 1 seçki dairəsi, 38 seçki məntəqəsi və 45 985 seçici vardır. Bundan başqa, rayon ərazisində yerləşən 12 seçki məntəqəsi və 13 704 nəfər seçici 106 saylı Tovuz–Qazax–Ağstafa seçki dairəsinə daxildir; Kütləvi informasiya vasitələri: Qazax rayonunda "Göyəzən" ictimai-siyasi qəzeti və goyezen.az saytı fəaliyyət göstərir. Qəzetin və saytın təsisçisi Qazax Rayon İcra Hakimiyyəti və qəzetin redaksiya heyətidir. Qəzet 1932-ci ildən, sayt isə 2016-cı ildən fəaliyyətə başlamışdır. Qəzet əvvəllər "Kommuna yolu" və "Qalibiyyət bayrağı" adları ilə nəşr olunmuş, 1988-ci ildə "Göyəzən" adlandırılmışdır. İşğal vəziyyəti — Hal-hazırda Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı, Barxudarlı və Sofulu kəndləri erməni silahlı dəstələri tərəfindən işğal altındadır.
Bu məqalənin hazırlanmasında Dövlət Statistika Komitəsinin məlumatlarından, "Erməni vandalizmi" materiallarından, "Vikipediya"nın "Yuxarı Əskipara" və "Barxudarlı" səhifələrindən, həmçinin qazax-ih.gov.az internet resurslarından istifadə edilmişdir.
K. Ələkbərli |
|
|
| |
| Baxılıb: 2237 | | |
| Ümumi Şərhlər: 0 | |