"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ AXŞAMI, 19/11/2026, 23:52
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

BÖLMƏ

Sədərək
Sədərək rayonu - 15.01.1990
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
Xocalı
Xocalı rayonu - 26.02.1992
Şuşa
Şuşa rayonu - 08.05.1992
Laçın
Laçın rayonu - 18.05.1992
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
Tərtər
Tərtər rayonu - 07.07.1993
Ağdam
Ağdam rayonu - 23.07.1993
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
Füzuli
Füzuli rayonu - 23.08.1993
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
Zəngilan
Zəngilan rayonu - 29.10.1993

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

-BİTV- Odysee Kanal

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Vandalizm


Qubadlı rayonu - 31.08.1993

VANDALİZM

Azərbaycan Respublikası Qubadlı rayonu

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Rayona 1933-cü il avqustun 31-də inzibati rayon statusu verilmişdir. Rayonun inzibati mərkəzi Qubadlı şəhəridir. Qubadlıya 1990-cı il iyulun 24-də şəhər statusu verilmişdir.   

1993-cü il avqustun 31-də Qubadlı şəhəri Ermənistan silahlı dəstələri tərəfindən işğal edilmişdir.   

Qubadlı rayonu Kiçik Qafqazın cənub-qərbində yerləşir. Rayonun ərazisi şimal-qərbdə Şərqi Sevan, şimalda Murovdağ, şərqdə isə Qarabağ silsilələri ilə əhatə olunur. Ərazinin qalan hissəsini Qarabağ yaylası tutur. Rayonun mərkəzi hissəsində Mıxtökən silsiləsi uzanır. Cənub-şərq hissəsi Araz çayı dərəsinə doğru alçalaraq düzənliklərə keçir.   

Rayon qərbdə Ermənistanın Gorus və Qafan rayonları ilə (120 km məsafədə), həmçinin Azərbaycanın Zəngilan, Cəbrayıl, Laçın və Xocavənd (45 km məsafədə; Ağoğlan, Hadrut) rayonları ilə həmsərhəddir. Hadrut rayonu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan Azərbaycan rayonlarından biri olmuşdur. Hadrut rayonunun adı 1923-cü ilədək Ağoğlan olmuşdur. Rayon 1991-ci il noyabrın 26-da ləğv edilmiş və ərazisi Xocavənd rayonunun tərkibinə verilmişdir.   

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Rayonun ərazisi 802 kvadrat kilometrdir. Rayona 1 şəhər, 93 kənd və 31 inzibati-ərazi dairəsi daxildir. Bazarçay (Bərgüşad), Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir.   

1 yanvar 2017-ci il tarixinə Qubadlı rayonunun əhalisi 40,2 min nəfər təşkil edir. Qubadlı rayonunun erməni silahlı dəstələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə divan tutulmuş, yerli əhali illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınmışdır.   

Qubadlı rayonunun tərkibinə Qubadlı şəhəri və aşağıdakı kəndlər daxildir: Əliquluuşağı, Mahmudlu, Sarıyataq, Xanlıq, Qayalı, Ləpəheyranlı, Abdalanlı, Dondarlı, Diləli Müskənli, Saray, Mirlər, Dəmirçilər, Poladlı, Fərcan, Göyyal, Hərtis, Zor, Aşağı Xocamusaxlı, Mehrili, Hal, Qəzyan, Məmər, Mollalı, Ballıqaya, Cərəli, Boyunəgər, Saldaş, Qaralar, Kavdadıq, Hüseynuşağı, Ulaşlı, Altınca, Əbilcə, Tatar, Qaraqoyunlu, Qiyaslı, Zilanlı, Kürd Mahrızlı, Seləli, Mahrızlı, Alaqurşaqlı, Muğanlı, Həmzəli, Çaytumas, Əfəndilər, Yusifbəyli, Xocahan, Tinli, Qilican, Yuxarı Mollu, Aşağı Mollu, Mollabürhan, Xocik, Mərdanlı, Balasoltanlı, Padar, Qaramanlı, Qaracallı, Qarağac, Qarakişilər, Basarat, Milanlı, Hat, Deşdahat, Armudlu, Çardaqlı, Tarovlu, Xələc, Əyin, Göyərcik, Bəxtiyarlı, Göyər Abbas, Cılfır, Seytas, Novlu, Gürcülü, Dovudlu, Qədirli, Məzrə, Eyvazlı, Teymur Müskənli, Balahəsənli, Xıdırlı, Aşağı Cibikli, Yuxarı Cibikli, Xəliloba, Muradxanlı, Həkəri, İşıqlı, Xəndək, Məlikəhmədli və Qundanlı kəndləri. Rayon 1993-cü il avqustun 31-dən erməni silahlı dəstələri tərəfindən işğal altındadır. Qubadlı rayonunun 30 500 nəfərlik əhalisi 93 kənd və 1 şəhərdə məskunlaşmışdı.   

Qubadlı rayonunun tarixçəsi — Bir versiyaya görə, Qubadlı toponimi V–VI əsrlərdə (488–531) yaşamış Sasani hökmdarı I Qubadın adı ilə bağlıdır. 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdır. Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viran qalmış bu kəndi rus generalı P. S. Kotlyarevski göstərdiyi xidmətin müqabilində Hacı Ağalar bəyə vermişdir.   

Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunmuşdur. Rayon 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilmiş, 1964-cü ildə isə yenidən müstəqil rayon olmuşdur. Rayon və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. Sonralar Zəngəzur mahalına daxil olan Qubadlı, 1868-ci ildə Yelizavetpol quberniyası yaradıldıqdan sonra Zəngəzur qəzasının tərkibinə daxil olmuşdur.   

Tarixi mənbələrə əsasən, Çingiz xanın oğlu Cuçinin 1207-ci ildə qərbə doğru yürüşü zamanı digər tayfalarla yanaşı bərgü tayfasının da torpaqlarını tutması məlumdur. İran tarixçisi Fəxrəddin Mübarəkşah XII əsrə aid 58 türk tayfası arasında bərgü tayfasının adını çəkmişdir. Fəzlullah Rəşidəddin isə XIII əsrdə bu etnonimi bərküt (bərgülər) kimi qeydə almışdır.   

Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Cənubi Azərbaycanın Qaradağ xanlığına tabe olmuşdur. Sonradan Qarabağ xanı Pənahəli xanın siyasəti nəticəsində Zəngəzurun ayrılmaz hissəsi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir.   

Bərgüşad toponimi indiyə qədər tam dəqiq izah olunmamışdır. XIX əsrin 50-ci illərinə aid ədəbiyyatda Naxçıvanda bərgüşad adlı türkdilli tayfanın adı çəkilir. Bir çox tədqiqatçılara görə, sözün birinci hissəsini təşkil edən "bərgü" qədim türk mənşəli barq tayfasının adından yaranmışdır. Tədqiqatçıların fikrincə, bərgülər monqol işğalından xeyli əvvəl Azərbaycanda məskunlaşmışlar. Toponimin tərkibindəki "şad" ("şat") sözü isə cəmlik bildirir. Buna görə də Bərgüşad dağları, Bərgüşad çayı və Bərgüşad çökəyi toponimləri müvafiq olaraq "bərgülərin dağı", "bərgülərin çayı" və "bərgülərin çökəyi" mənasını verir.   

XV əsr Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində də Bərgüşad coğrafi adı çəkilir. Bərgüşad toponimi geniş coğrafi areala malikdir və Ucar rayonunda da Bərgüşad adlı kənd mövcuddur.   

Bu tayfa adını Bərgüşad zonasından almışdır. Səfəvi dövründə bərgüşadlar qızılbaş tayfalarının tərkibinə daxil idi. Orta əsrlərdə Bərgüşad mahalı Araz çayına tökülən Həkəri çayı ilə Bərgüşadçay arasındakı ərazini əhatə etmişdir.   

1921-ci ildə rus-erməni və daşnak-bolşevik ittifaqının nəticəsi olaraq mahal iki hissəyə bölünmüşdür. Qubadlı, Laçın və Zəngilan rayonları Azərbaycan Respublikasının inzibati ərazisində qalmışdır. Sonradan bu rayonları Ermənistan ərazilərinə birləşdirmək məqsədilə Azərbaycan Respublikasının tərkibində Qubadlı, Laçın və Kəlbəcər rayonlarını əhatə edən "Qırmızı Kürdüstan" muxtariyyəti yaradılmışdır. Bununla yanaşı, hər üç rayon inzibati ərazi vahidi kimi öz statusunu qoruyub saxlamışdır. Qubadlı əhalisi, xüsusilə də Əlyanlı kəndinin sakinləri bu muxtariyyət qərarına qarşı mübarizə aparmışlar. Bir neçə ildən sonra Qarabağın Azərbaycan Respublikasının tərkibində saxlanılması məsələsi həll olunduqdan sonra "Qırmızı Kürdüstan" muxtariyyəti ləğv edilmiş və əhəmiyyətini itirmişdir.   

Rayon 1930-cu il avqustun 30-da Azərbaycan Respublikası Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarlar Sovetinin qərarı ilə təşkil edilmiş və 1-ci kateqoriyalı rayonların siyahısına daxil edilmişdir. Rayon 1 şəhər və 93 kəndi əhatə edir. Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı dəstələri tərəfindən işğal olunmuşdur.  

İşğaldan əvvəl rayonda 62 ümumtəhsil məktəbi, kitabxana, klub və 4 xəstəxana fəaliyyət göstərmişdir. Rayon ərazisində memarlıq abidələrindən IV əsrə aid mağara-ibadətgah, V əsrə aid qalalar, XIV–XVII əsrlərə aid türbələr, XIX əsrə aid məscid və 1867-ci ildə inşa edilmiş körpü qeydə alınmışdır.   

Qubadlı rayonu şəlalələr, mağaralar (kahalar), mineral bulaqlar və kanyonlar kimi geoloji təbiət abidələri ilə zəngindir. Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1980-ci il mayın 6-da fəaliyyətə başlamışdır. Muzeydə 1993-cü ilə qədər 5 mindən artıq eksponat qorunub saxlanılmışdır. Bu eksponatların sırasında qədim dövrlərə aid qılınc, xəncər, mis əşyalar, saxsı qablar, təbiət, fauna və floraya aid nadir nümunələr, eləcə də Böyük Vətən müharibəsi iştirakçılarına aid əşyalar var idi. Muzeydə həmçinin görkəmli yazıçılar, elm, mədəniyyət və incəsənət xadimlərinə aid guşə fəaliyyət göstərmişdir. Bu guşədə həmin şəxslərə aid əsərlər və şəxsi əşyalarından nümunələr sərgilənmişdir. Bundan əlavə, muzeydə xalq qəhrəmanları Qaçaq Nəbi və Həcərə aid əşyalar, onların qəhrəmanlıqlarını əks etdirən rəsm əsərləri də qorunub saxlanılmışdır.   

1993-cü ildə rayon Ermənistan silahlı dəstələri tərəfindən işğal edildikdən sonra muzeydə olan bütün maddi-mədəniyyət nümunələri işğal zonasında qalmışdır.   

Dondarlı kəndi — Dondarlı kəndindəki məscid 1732-ci ildə Nadir şah tərəfindən inşa etdirilmişdir. Həmin vaxt Şirvandan Zəngəzura gələn Nadir şah tikdirdiyi bu məsciddə ibadət etmişdir. Nadir şahın ordusundan qalan bu nəslin nümayəndələri 1916-cı ilə kimi həmin məscidin fəaliyyətini davam etdirmişlər.   

Sovet hökuməti tərəfindən repressiya olunmuş Azərbaycanın tanınmış ziyalısı Bəhlul Əfəndi (Bəhlul Behçət) bu nəsildəndir. Onun nəvəsi Həmidullah Əfəndiyev ruhani təhsili almışdır və dini fəaliyyət göstərir.   

Ağ hasar — Mirlər kəndində tarixən el arasında müqəddəs sayılan bir ocaq və nəsil mövcud olmuşdur. Bu ocaq Mir Sədi Ağa ocağı adlandırılmışdır. Mir Sədi Ağa nəsli qəbri Türkiyənin Amasiya şəhərində yerləşən Mir Həmzə Seyidnigarinin dövründən bəri insanların inanc və nicat yeri olmuşdur. Bu ocağa üz tutan insanlar şəfa tapır və diləklərinin yerinə yetdiyinə inanırdılar.   

Mir Sədi baba el ağsaqqalı və inanc yeri olmaqla yanaşı, xüsusi keyfiyyətləri ilə də seçilirdi. O, ocağa gələn insanların fikrini və niyyətini soruşmadan əvvəlcədən hiss edirdi. Yanına gələnlərin istəyini özlərindən əvvəl deməsi və baş verəcək hadisələri öncədən görməsi onun övliya olmasını təsdiq edən amil kimi qəbul edilirdi. Məhz buna görə də Sovet hakimiyyəti dövründə belə insanların bu ocağa olan etiqadını qırmaq mümkün olmamışdır.   

Xeyirxahlığı və nəcib insani keyfiyyətləri ilə bu nəslin ənənələrini yaşadan Mir Məhəmməd Ağa 45 yaşında vəfat etsə də, el arasında böyük hörmət qazanmışdır. O da atası kimi qan davalarının qarşısını almış, bir çox küsülü və bir-birinə düşmən olan insanları barışdırmışdır.   

Mirlər kəndi yaxınlığında Mir Sədi Ağa nəslindən olan müqəddəs şəxslərin dəfn olunduğu ərazidə "Ağ hasar" adlı ziyarətgah yerləşir. İnsanlar "Ağ hasar"da və oradakı qəbirlərin üzərində şam yandırır, diləklərinin yerinə yetməsini arzulayırdılar.   

Mahrızlı kəndi — Məscid XIX əsrdə Kərbəlayi Mirəli və Kərbəlayi Səməd Kərbəla ziyarətindən qayıtdıqdan sonra Muğanlı kəndində inşa etdirilmişdir.   

İşğala qədər məscid yararlı vəziyyətdə idi. Sovet hakimiyyəti dövründə anbar kimi istifadə olunan bu məscid 1970-ci illərdə yerli sakinlər tərəfindən bərpa edilmişdir.   

Əliçaran daş — Rəvayətə görə, Əliçaran daşının üzərindəki yarıqlar İmam Əlinin qılıncı ilə açılmışdır. Həmçinin rəvayətə əsasən, vaxtilə ərəblər Azərbaycan torpaqlarından keçərkən həmin daşın üzərində at ayağının və insan ayaqlarının izləri qalmışdır.   

Əliçaran daşı yerli əhali tərəfindən müqəddəs yer hesab olunmuş və buraya nəzir qoyulmuşdur. Müxtəlif xəstəliklərdən, o cümlədən üz siniri iflicindən və ruhi xəstəliklərdən əziyyət çəkən, eləcə də müəyyən diləkləri olan insanlar bu ziyarətgaha üz tuturdular.   

Dəmirçilər kəndi — Qubadlı rayonunun Dəmirçilər kəndi ərazisində XIV əsrə aid olan iki qülləvari türbə yerləşir. Onlardan birincisi Ağaçay dağ çayının sağ sahilindədir. Türbə planda səkkizbucaqlı formadadır və hər bir tərəfinin uzunluğu 1,9 metrdir. İçəridə giriş qapısının qarşısındakı divarda kiçik mehrab tağçası quraşdırılmışdır. Daxili divarlar yaxşı yonulmuş daşlarla üzlənmişdir. Giriş qapısı yer səviyyəsindən 1,2 metr yüksəklikdə yerləşir. Türbənin təxminən 5 metr hündürlüyündə olan prizmatik gövdəsi səkkizüzlü piramidaşəkilli günbəzlə örtülmüşdür. Bu xarici günbəzlə daxili sferik günbəzin arasındakı boşluq boş saxsı küplərlə doldurulmuşdur.   

Türbənin daxili hündürlüyü 4,5 metrdir. Türbənin bütün xarici divarları Elxanilər dövrünün Arazboyu türbələri üçün səciyyəvi olan dayaz tağlar şəklində işlənmişdir. Şərq və qərb tağçalarının ortasında kiçik pəncərə yerləri qoyulmuşdur.   

İkinci türbə də Ağaçayın sağ sahil yamacının yanında, Dəmirçilər və Dondarlı kəndləri arasında yerləşir. Əlverişli mövqeyinə görə bu türbə hətta uzaq məsafələrdən də aydın görünür. Bu türbənin də planı səkkizbucaqlı formadadır (bir tərəfinin uzunluğu xaricdə 2,03 metr, daxildə isə 1,4 metrdir). Tikinti materialı, inşaat texnikası və memarlıq quruluşuna görə bu abidə birinci türbə ilə eynidir. Yalnız ikinci türbənin ölçüləri daha böyükdür (üst kameranın daxili ölçüsü 6,2 metr, gövdəsinin yerdən hündürlüyü isə 6,9 metrdir) və xarici divarlarındakı dayaz tağların forması bir qədər fərqlənir.   

Bu türbələrin hər ikisi XIII–XIV əsrlərin memarlıq abidələri hesab edilir. Türbələrin daxili quruluşu ilə yanaşı xarici görünüşü də diqqət çəkmiş, üzərində at ayaqlarının izlərini xatırladan oymalar həkk olunmuşdur. Bu tarixi abidələr 1993-cü il avqustun 31-dək olduğu kimi qorunub saxlanılmışdır. İşğal dövründə bu türbələrin sonrakı aqibəti barədə məlumat olmamışdır.   

Sarılıq bulağı — Dəmirçilər kəndindən keçən Ağaçayın qərb sahilində, "Hacı Bədəl kişinin arpa yeri" adlanan bağdan çıxan "Sarılıq bulağı" XIX əsrdən əvvəl mövcud olmuşdur. Xalq inancına görə, sarılıq xəstəliyinə tutulan insanlar bu bulağın suyundan müəyyən müddət içdikdən sonra tam sağalırdılar. Bakı, Sumqayıt və respublikanın digər bölgələrindən sarılıq xəstəliyinə tutulan insanlar sağalmaq üçün bu bulağın suyundan içirdilər.   

Göyərtmə daşı — Göyərtmə daşı Qaralar kəndinin ərazisində yerləşir. Bu, hündürlüyü 5–6 metr, eni isə 2 metr olan göy rəngli daşdır. Daşın ortasında 30–40 santimetr diametrində dairəvi deşik vardır. Yerli əhali körpə uşaqların göyərtmə (göy öskürək) xəstəliyinə tutulmaması üçün onları həmin daşın deşiyindən keçirmiş və daşın üzərinə əzilmiş göy muncuq tökmüşdür.   

Tarixi qalalar və Qalacıq qalası — Qubadlı rayonunun ərazisində tarix boyu mühafizə və gözətçi funksiyasını yerinə yetirmiş qalalar mövcud olmuşdur. Rayon işğal olunana qədər Əliquluuşağı kəndində Göy qala (V əsr), Muradxanlı kəndində "Qalalı" qalası, Xocamsaxlı kəndində isə Qala abidəsi qalmaqda idi. Xocamsaxlı kəndinin qədim adı Qalacıq olmuşdur. Kənd sakinləri kəndin qədim adını (Qalacıq) daha çox işlədirlər. Xocamsaxlı antrotoponimi Qalacıq toponimindən xeyli sonra yaranmışdır.   

Qalacıq qalası Xocamsaxlı kəndi yaxınlığında Ballı qaya adlanan hündür, əlçatmaz qayanın üzərində yerləşir. Qalanın qalıqları erməni işğalına qədər mövcud olmuşdur. Qalacıq qalasının dəqiq tikilmə tarixi məlum deyildir. Lakin aparılan tədqiqatlar göstərir ki, "Qalacıq" qalasının tarixi eramızdan əvvəlki dövrə gedib çıxır.   

Bu qala Qafqaz Albaniyası və Atropatena dövlətlərinin sərhədini ayıran xətt boyunca qalıqları müasir dövrə qədər gəlib çatan keşik-mühafizə sisteminin tərkib hissəsidir. Bu sistem Araz çayının Füzuli rayonu ərazisindən başlayaraq Cəbrayıl rayonunun Sirik, Qubadlı rayonunun Saray (Yazı düzü), Poladlı, Xocamsaxlı, Çardaqlı kəndlərindən, Zəngəzurun müasir Ermənistan ərazisində qalan Qalaboynu ərazilərindən keçərək Naxçıvanın Əlincə qalasınadək və oradan da Türkiyə sərhədlərinədək uzanan vahid bir mühafizə xətti təşkil edir.    

Keşik-mühafizə qalaları görmə dairəsi prinsipinə uyğun qurulmuşdur. Yəni birinci qaladan ikinci qala, ikincidən isə üçüncü və digər qalalar mütləq görünməli idi. Qalaların yuxarıda adları çəkilən kəndlərdəki qalıqları da bunu sübut edir. Həmçinin əlçatmaz sərt qayalar üzərində qurulan bu sistemdəki ocaq yerləri göstərir ki, bir qaladan digərinə siqnallar "Kitabi-Dədə Qorqud" dastanında təsvir edildiyi kimi, od qalamaqla işıq və tüstü vasitəsilə ötürülmüşdür.   

Daş at və qoç heykəlləri — Azərbaycan Respublikasının, eləcə də tarixi Qərbi Azərbaycanın ərazisindəki qədim qəbiristanlıqlarda daşdan yonulmuş at və qoç heykəlləri mövcuddur. Bunlar İslamdan əvvəlki dövrə aid abidələrdir. Belə daş heykəllər Qubadlı rayonunun Qaracallı, Abdalanlı, Mahmudlu və Novlu kəndlərinin ərazisində də var idi. Elmdə qoç, at və qrifon heykəllərinin mənası düzgün izah edilmədiyindən, Sovet dövründə ermənilər bu abidələrə sahib çıxmağa cəhd göstərmiş və çox vaxt onları bu ərazilərdən oğurlamışlar.   

Əslində bütpərəstlik dövrünün simvolları olan bu heykəllər ulduz bürclərinə sitayişlə bağlıdır. Belə ki, at bürcünün (Peqas) və qoç bürcünün simvolları olan bu heykəllər qədim inanca görə axirət dünyasında insanları müşayiət edən varlıqlardır. Qoç heykəllərinin daha çox yayılması yeni ilin və yaranışın başlanğıcının, yəni mart ayının 21-nin həmin dövrdə qoç bürcünə təsadüf etməsi ilə bağlıdır.   

Qoçlar imamzadəsi — Novlu kəndi ərazisindəki qədim qəbiristanlıqda qoç heykəlləri olduğuna görə bu yer el arasında "Qoçlar" adlanır. Həmin qəbiristanlıqda müqəddəs hesab edilən bir neçə yanaşı qəbir yerləşir. Rəvayətə görə, bu qəbirlər imam övladlarına məxsusdur. Həmin yerə indi də "Qoçlar imamzadəsi" deyilir.   

Türbə — Gürcülü kəndi yaxınlığında tam salamat qalmış səkkizbucaqlı türbə mövcud olmuşdur. Türbənin ətrafı qədim qəbiristanlıqdır. Giriş qapısı ilə üzbəüz divarda yerləşən çökək hissə başdaşı formasındadır. Başdaşı yerinin və giriş qapısının quruluşu, eləcə də buradakı qəbrin qiblə istiqamətində olması türbədəki qəbrin və ətrafdakı qəbiristanlığın müsəlmanlara aid olduğunu göstərir.   

Rayonun ərazisində qeydiyyatda olan digər dini və mədəniyyət abidələri — sığınacaqlar, məscidlər və mağaralar haqqında əlavə məlumat yoxdur.   

Məscid — XIX əsrə aid olan bu tarixi abidə Dəmirçilər kənd ağsaqqallarının təşəbbüsü və yerli sakinlərin könüllü vəsaitləri hesabına tikilmişdir. Qədim türk üslubunda sütunsuz inşa edilmiş bu məscid memarlıq quruluşuna görə öz dövrünün nadir abidələrindən biri olmuşdur.   

Şah taxtı — Rəvayətlərə görə, tarixi dəqiq bilinməyən və şahlıq dövrünə aid olan yerdir. Kəndin işlək yolundan 300–400 metr məsafədə yerləşən bu əraziyə 1–1,2 metr enində daş yol çəkilmişdir.   

Alban kilsələri — Qubadlı rayonunun Yuxarı Cibikli və Məzrə kəndlərində alban kilsələrinin binaları işğala qədər qorunub saxlanılmışdır. Amuduq kəndi üzərindəki yüksək, əlçatmaz sıldırım təpədə kilsə tipli qəbirüstü abidə yerləşirdi. Bu abidənin yaxınlığında sal qaya üzərindəki kiçik çökəklikdə daim su yığıldığından (hətta təmizləndikdən sonra belə yenidən dolduğundan) yerli əhali buranı pir kimi müqəddəs yer hesab etmişdir.   

Pir Mərdanlı kəndi ərazisində Salahlı piri adlı inanc yeri mövcud olmuşdur. İnsanlar burada saqqız ağacının altında, hasar içərisində yerləşən qəbrə nəzir qoyur və şəfa diləyirdilər. Övladı olmayan insanlar da niyyət edərək bu ziyarətgaha gəlirdilər.   

Körpülər — Qubadlı rayonu ərazisində üç qədim körpü mövcud olmuşdur. Bunlardan ikisi — Laləzar və Hacı Bədəl körpüləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmışdır. Qubadlı ərazisindəki ən qədim körpünün Qarakişilər kəndində yerləşən "Sınıq körpü" olduğu bildirilir. "Sınıq körpü"nün tarixi xalq arasında rəvayətlərlə bağlıdır və bu rəvayətlərə əsasən onun çox qədim dövrlərə aid abidə olduğu ehtimal edilir. Rəvayətə görə, bu körpünü kişi paltarı geyinmiş bir qız tikdirmişdir. Körpü sonradan uçaraq sıradan çıxmışdır. Digər iki körpü — Laləzar və Hacı Bədəl körpüləri isə daha sonrakı tarixi dövrlərdə inşa edilmişdir.

Laləzar körpüsü — Laləzar körpüsü Qubadlı rayonunun Əliquluuşağı kəndində yerləşir. Özünəməxsus memarlıq quruluşuna malik olan Laləzar körpüsü 1867-ci ildə tikilmişdir, lakin bəzi tədqiqatçılar onu XVIII əsrə aid edirlər. Laləzar körpüsü Bərgüşad çayının üzərində altı oval, üstü isə düz formada inşa edilmişdir. Körpünün hər iki dayağı Bərgüşad çayı üzərindəki hündür qayalara söykənir. Eni 2,8 metr, ümumi ölçüsü (qabariti) 5 metr olan körpü su səthindən 4,5 metr hündürlükdə yerləşir.    

Əliquluuşağı kəndindən 2 kilometr məsafədə yerləşən iki böyük tağlı bu körpünün tikilməsi barədə XX əsrin birinci yarısında yaşamış yaşlı yerli sakinlər xatirələr danışmışlar. Həmin məlumatlara görə, Laləzar adlı şəxsin atası Xoca Simon əsrin əvvəllərində Əliquluuşağı kəndindən olan bəydən baha qiymətə bağ sahəsi almışdır. Kənddən 2000 metr məsafədə yerləşən bu bağ sahəsi satıldıqdan sonra həmin bağla birlikdə 1000 hektardan artıq geniş ərazi ermənilərin nəzarətinə keçmişdir.   

Ermənilərin nəzarətinə keçən ərazidəki yer adları bu torpağın əsl tarixini sübut edir:   

Beşbarmaq: Üç böyük dərənin birləşdiyi geniş vadidir;   

Qız qalası: Bakıdakı Qız qalasının kiçik oxşarıdır və yarımuçuq vəziyyətdədir;   

Aylı dərə: Geniş vadidir;   

Taya daş: Geniş otlaq sahələri olan heyvandarlıq bazasıdır;   

Suqovuşan: İki dəyirmanı işlədən Əliquluuşağı çayının qollarının birləşdiyi ərazidir.   

Hazırda Ermənistan ərazisində yerləşən Məmmədyar bulağı XIX əsrin əvvəllərində Azərbaycan yaylaqlarına hər il köç edən tərəkəmə-elat yolunun üzərində tikilmiş tağbənd bulaqdır. Daşdan yonulmuş böyük çənləri olan bu bulaq xüsusilə köçəri elat-tərəkəmə əhalisi üçün inşa edilmişdir.   

Həmin varlı erməni Xoca Simonun oğlu Laləzar (Əhliman Axundovun "Qaçaq Nəbi" kitabında Nəbinin "Yazı düzü"ndə Xocanın mal-mülkünü alıb yoxsullara paylaması epizoduna rast gəlinir) körpünün üzərindəki lövhədə qeyd olunmuş tarixdə bu körpünü tikdirmişdir. Məqsəd aclıq və səfalət içərisində yaşayan Zəngəzurun erməni kəndlərini Azərbaycan meşələrinə birləşdirmək olmuşdur. Keçən əsrin ortalarında Xinzirək (Xndzoresk), Dığ (Tex) və digər erməni kəndlərinin qarşısındakı dağ yamacından yerli əhali arasında "Erməni yolu" adlanan yolla ermənilərin dəstə-dəstə odun, kömür və meşə materialları daşıdıqları yerli sakinlərin xatirəsində qalmışdır.   

Hacı Bədəl körpüsü — Hacı Bədəl körpüsü XIX əsrə aid tarixi abidədir. Körpü XIX əsrdə Dəmirçilər kənd sakini Hacı Bədəl tərəfindən yaz aylarında daşan dağ çayı Ağaçayın üzərində tikdirilmişdir. Dəqiq tikilmə tarixi məlum olan bu körpünün inşasında put daşından, xüsusi bəzək elementləri ilə əhəngdən və yumurta sarısından istifadə edilmişdir. Bu körpü 15 kəndin rayon mərkəzi ilə əlaqəsini təmin etmişdir.   

Körpü özünəməxsus memarlıq quruluşuna malikdir. Sürətli axına malik dağ çayının üzərində salındığı üçün körpü tağbənd formasında tikilmiş və ortasında dayaqlar qoyulmamışdır. Bunun məqsədi daşan dağ çayının maneəsiz axınını təmin etmək olmuşdur. Bu tarixi abidə Qubadlının işğalına qədər olduğu kimi qorunub saxlanılmışdır.   

Hər iki körpü rayon işğal olunana qədər öz funksiyasını yerinə yetirmişdir. Lakin bu körpülər və Qubadlının digər maddi mədəniyyət abidələri erməni vandallığının qurbanı olmuşdur. Qubadlının gec-tez öz doğma sahiblərinə qayıdacağına inam mövcuddur, lakin rayonun maddi-mənəvi abidələrinin salamat qalması ilə bağlı ümid yoxdur.   

Qalalı qalası — Qalalı qalası kənddən 2 kilometr məsafədə, Bərgüşad çayının sahilində yerləşir. 100 metr hündürlükdə olan və Şuşa şəhərinin kiçik modelinə bənzəyən təpənin üzərində tikinti qalıqları, təpənin ətrafında isə yaşayış məntəqələrinin qalıqları, "Qarı qışlaq", "Ulu qışlaq" sahələri və iri küp qəbirlər vardır. Sel sularının dağıtdığı qəbirlərdən adi bəzək əşyaları və muncuqlar tapılmışdır. Yaşayış sahəsinin qəbiristanlığında mərtəbəli qəbirlərə rast gəlinir (sel sularının əmələ gətirdiyi yarğanlarda alt-üst qəbirlər açıq görünür) və bu da yaşayış yerinin daha qədim dövrlərə aid olduğunu göstərir.   

Göy qala — Əliquluuşağı–Davudlu yolunun 5-ci kilometrliyində, Bərgüşad çayının sağ və sol sahillərində üz-üzə yerləşən nəhəng qayalar üzərində iki istehkam abidəsinin qalıqları vardır.   

Birinci abidə sağ sahildə, çaydan 1000 metr hündürlükdə, Şuşa şəhərinin mövqeyinə bənzəyən çox bərk əhəngdaşlarının üzərində yerləşir. Yalnız bir tərəfdən örtülü keçid yolu olan bu maili ərazidə su toplamaq üçün hovuz, tikintinin yerləşdiyi sahənin ən hündür zirvəsində isə bərkimiş qayalar və böyük daşlardan hörülmüş divarlar qalmaqdadır. Əraziyə yalnız bir giriş yolu vardır və buradan insanların yalnız tək-tək hərəkət etməsi mümkündür.   

İkinci abidə çayın əks sahilində, 100 metrdən hündür olan boz-yaşıl qranit təpənin üzərindəki tikinti qalıqlarından ibarətdir. Qalaya yalnız tək-tək çıxmaq mümkündür və bu, xüsusi fiziki hazırlıq tələb edir. Burada yalnız istehkam tikilisinin qalıqları mövcuddur.   

Məmər kəndi — Məmər kəndindəki məscid XVIII əsrdə inşa edilmişdir. Sovet hakimiyyəti dövründə bu bina anbar kimi istifadə olunmuşdur. Müstəqillik əldə edildikdən sonra həmin məscid bərpa edilərək öz əvvəlki funksiyasını yerinə yetirmişdir. Rayon Ermənistan silahlı dəstələri tərəfindən işğal edildikdən sonra məscid dağıdılmışdır.   

Şirin bulaq — Şirin bulaq Məmər kəndindən 1 kilometr aralıda, Çərəli kəndinə gedən yolun üzərində yerləşir. Bulaq dağ yamacında kiçik kaha şəkilli oyuqdadır. Su mağaranın divarından 4 istiqamətdə açılmış yarıqlardan süzülür və at ayağı izinə oxşayan çökəyə tökülür.   

Rəvayətə görə, düşmənlərdən gizlənən insanlar bu mağarada bir neçə gün susuz qalmışlar. Həzrəti Əli insanları su ilə təmin etmək məqsədilə mağaranın divarındakı sal qayanı qılıncla yarmış və qılıncın açdığı yarıqdan su çıxmışdır. İnama görə, Həzrəti Əlinin Zülfüqar qılıncının açdığı yarıqlardan süzülən suyun töküldüyü və at ayağı izinə bənzəyən çökək də onun atının (Düldülün) izidir.   

Mağaranın sal qaya divarlarından süzülən su mağaradan kənara çıxmır. Yerli inanca görə, Şirin bulağın suyundan yalnız içmək məqsədilə istifadə etmək olar. Yaranması xalq arasında VII əsrə aid edilən Şirin bulaq pirinə işğala qədər etiqad göstərilmiş və burada çıraq yandırılmışdır. Yerli sakinlərin bildirdiyinə görə, bulağın suyu quraqlıqdan və ilin fəsillərindən asılı olmayaraq həmişə eyni səviyyədə qalır.   

Məmər kəndində XVIII əsrdə inşa edilmiş məscid vardır. Məscid Sovet dövrünədək fəaliyyət göstərmişdir. Müstəqillik əldə edildikdən sonra Sovet dövründə anbar binası kimi istifadə olunan həmin məscid yenidən bərpa edilmişdir.   

Mədəniyyət, təhsil, səhiyyə müəssisələri və iqtisadi xarakteristikası — Qubadlı rayonunda ilk kitabxana 1936-cı ildən fəaliyyətə başlamışdır. Kitabxanaların mərkəzləşdirilməsi işi rayonda 1980-ci ildə başa çatmışdır. Rayon Mərkəzi Kitabxanasında Metodika və biblioqrafiya, Kitabişləmə və komplektləşdirmə, Oxuculara xidmət, İnformasiya-resurs, eləcə də Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbələri fəaliyyət göstərmişdir.   

İşğala qədər Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb və 1 əyani-qiyabi orta məktəb fəaliyyət göstərmişdir. Xanlıq kəndindəki 126 nömrəli orta texniki peşə məktəbində hər il 300 nəfər şagird müxtəlif peşələrə yiyələnmişdir. Bundan əlavə, 1 əyani-qiyabi məktəb, 1 orta texniki peşə məktəbi və 2 musiqi məktəbi də fəaliyyət göstərmişdir. Rayonda məktəbəqədər müəssisələrin sayı 7 idi. Bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışmış və onlardan 925 nəfəri ali təhsilli olmuşdur. Məktəbəqədər müəssisələrdə isə 43 nəfər işçi çalışmışdır. Ümumtəhsil məktəblərində 5852 nəfər şagird təhsil almış, məktəbəqədər müəssisələrdə isə 272 azyaşlı tərbiyə olunmuşdur.   

1993-cü il avqustun 31-də Qubadlının işğalı zamanı kitabxana sisteminin 82 kənd kitabxana filialında 89 nəfər kənd kitabxana işçisi, mərkəzi kitabxanada isə 40 nəfər işçi çalışmışdır. 1993-cü ilin hesabatına görə, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 mərtəbəli, 24 otaqlı və oxu zalı olan binasında 600 minə yaxın kitab fondu mövcud olmuş və kitabxananın 21300 nəfər oxucusu olmuşdur.   

İşğaldan əvvəl rayon mərkəzində müasir tipli xəstəxana şəhərciyi, avtomat telefon stansiyası (ATS), ticarət mərkəzi, univermaq, universam, bazar, mehmanxana və kitab evi inşa edilmişdir. Həmçinin Mahrızlı kəndində poliklinika, Qaralar kəndində ambulatoriya, Xocik, İşıqlı və Diləli Müskənli kəndlərində kitabxana binaları tikilmişdir. Bu müddət ərzində rayon mərkəzində 30-a qədər inzibati bina tikilib istifadəyə verilmişdir.   

Qubadlıda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub və 6 avtoklub əhaliyə xidmət göstərmiş, 23 kino qurğusundan istifadə olunmuşdur. Rayonda həmçinin 125 ticarət, 96 ictimai-iaşə və 25 məişət xidməti müəssisəsi fəaliyyət göstərmişdir.   

Rayonun 33 səhiyyə müəssisəsində 56 həkim və 511 orta tibb işçisi çalışmışdır. Əhaliyə 300 çarpayılıq 4 xəstəxana, 5 həkim ambulatoriyası, 54 feldşer-mama məntəqəsi və 4 aptek tibbi xidmət göstərmişdir. Bundan əlavə, rayon gigiyena-epidemiologiya mərkəzi və profilaktik dezinfeksiya şöbəsi fəaliyyət göstərmişdir.   

Rayonda 21 rabitə müəssisəsi mövcud olmuşdur. Qubadlı qəsəbəsində 1200, Muradxanlı kəndində 150, Teymur Müskənli, Balasoltanlı, Çardaqlı və Aşağı Mollu kəndlərinin hər birində 100, Qayalı kəndində isə 50 nömrəli avtomat telefon stansiyası (ATS) işləmişdir.   

İşğaldan əvvəlki son illərdə qəsəbə və kəndlərdə onlarla yeni ictimai və yaşayış binaları tikilmiş, bağlar, xiyabanlar, meydanlar, körpülər salınmış və yollar çəkilmişdir. Həmin dövrdə Qubadlı qəsəbəsində 1176, Çəpəli, Dondarlı və Mahrızlı kəndlərinin hər birində 422, Muradxanlı kəndində 325, Balasoltanlı, Çardaqlı və Qaracallı kəndlərinin hər birində 192, Göyərcik kəndində isə 164 yerlik orta məktəb binaları istifadəyə verilmişdir. Həmçinin Qayalı kəndində 216, Dəmirçilər və Xəndək kəndlərinin hər birində 192, Qarakişilər, Tarovlu və Aşağı Xocamusaxlı kəndlərinin hər birində 164 yerlik səkkizillik məktəblər, eləcə də Mərdanlı, Padar, Qiyaslı, Abdalanlı və Mirlər kəndlərində ibtidai məktəb binaları inşa olunmuşdur.   

Bakıdan 403 kilometr məsafədə yerləşən Qubadlı rayonunun keçmiş Dağlıq Qarabağın Hadrut rayonu (Hadrut inzibati rayonu 1991-ci ildə ləğv edilmiş və ərazisi Xocavənd rayonunun tərkibinə verilmişdir) ilə 42 kilometrlik sərhəd zolağı var idi. Eyni zamanda Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəd olan Qubadlının iqtisadiyyatının əsasını işğala qədər taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil etmişdir. Rayonda 31 süd-əmtəə ferması mövcud olmuş və onlardan 27-si tam mexanikləşdirilmişdir. Bundan əlavə, rayonda 2 ilkin üzüm emalı zavodu və süd-əmtəə fermalarının məhsullarını emal edən yağ-pendir zavodu fəaliyyət göstərmişdir.   

Qubadlı rayonunda 33629 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi mövcud idi. Bu torpaqların 13958 hektarı əkinə yararlı olmuş, 1365 hektar sahədə isə çoxillik bitkilər əkilmişdir. Rayondakı 18,6 min hektar otlaq sahəsinin 0,6 hektarını biçənəklər təşkil etmişdir. Həmçinin 4825 hektar sahədə suvarma işləri aparılmışdır. Rayonun 850 hektarlıq çoxillik əkmələr sahəsinin 114 hektarını meyvə bağları, 468 hektarını isə üzümlüklər təşkil etmişdir. Tut bağlarının ümumi sahəsi 268 hektar, həyətyanı torpaq sahələri isə 543 hektar olmuşdur.   

Rayonun 79812 hektar ümumi torpaq sahəsindən 32275 hektarı yol, tikinti və digər obyektlərin altında qalan torpaqlar idi. Rayonda 13,2 min hektar təbii meşə sahəsi var idi və 1969-cu ildən həmin ərazidə Dövlət yasaqlığı yaradılmışdır. Rayon əhalisi əsasən heyvandarlıq, tütünçülük və taxılçılıqla məşğul olmuşdur. Bundan başqa, rayonda mərmər karxanası da fəaliyyət göstərmişdir.   

Tam gücü ilə işləyən asfalt zavodu təkcə Qubadlı rayonuna deyil, eyni zamanda qonşu rayonlara da xidmət göstərmişdir. İnkubator-quşçuluq fabriki və balıqyetişdirmə vətəgəsi rayon əhalisini ət və balıq məhsulları ilə təmin etmişdir. Daş karxanası və mərmər sexi əhalinin bu sahədəki tələbatını ödəmişdir. Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun rayonda yaradılmış filialında son tamamlama işləri aparılmışdır. Ümumilikdə Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərmişdir.   

Qubadlı rayonunda 21 rabitə müəssisəsi mövcud olmuş və 8 avtomat telefon stansiyası quraşdırılmışdır. 1950 nömrəlik həmin stansiyalar fasiləsiz olaraq əhalinin xidmətində olmuşdur.   

 

 

Davamı, növbəti səhifədə →   

Bölmə: Qubadlı | Əlavə etdi: Beynəlxalq_İnformasiya (31/08/2017) | Müəllif: Baş redaktor: Kamran Ələkbərli
Baxılıb: 1792 | Etiketlər: Qubadlı abidələri, Qubadlı rayonu, erməni vandalizmi, Bərgüşad | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar
Logo
Beynəlxalq İnformasiya - Xəbərlər | International Information - News
Reuters & BBC Editorial Standard — Real-time AI Translation LIVE NEON
⚡ Status: Ready to translate with Google Gemini AI...
Translated News
Neural AI is translating and refining the press release in real-time...
Open in External AI Portals:
inter-info.ucoz.org