|
Azərbaycan Respublikası Xankəndi rayonu Xankəndi rayonu Azərbaycan Respublikasının inzibati ərazi vahididir və onun inzibati mərkəzi Xankəndi şəhəridir. Şəhər 1991-ci il dekabrın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir. Xankəndi şəhəri Şuşa və Xocalı rayonlarının arasında yerləşir. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Ərazinin sahəsi 8 km²-dir. Paytaxt Bakı şəhərindən 329 km məsafədə yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən, Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. Hazırda erməni silahlı dəstələrinin işğalı altındadır. Ərazi erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan edilmişdir. Şəhərin adının tarixçəsi — Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə, şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığı başçılarının (xanların) istirahəti üçün yaşayış məskəni kimi salınmışdır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınmışdır. Bu zaman onun xanlığın Ağdam, Xocalı, Malıbəyli, Kərkicahan kimi digər vacib şəhər və kəndlərinə yaxın olması da əsas götürülmüşdür. Digər yaşayış məntəqələrində olduğu kimi, bu yeni yaşayış məntəqəsində də ancaq yerli əhali — azərbaycanlılar yaşayırdı. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığı üçün el arasında "Xanın kəndi" kimi tanınırdı. Qısa müddətdən sonra qəsəbə Xankəndi adını aldı. Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" dekret verdi. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olundu. Az sonra şəhər Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırıldı. 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə şəhərin əvvəlki "Xankəndi" adı bərpa edilmişdir. Xankəndi şəhəri Şuşa və Xocalı rayonlarının arasında yerləşir. Rusiya işğalı dövrü — Qarabağ xanlığını zorən Rusiya imperiyasına birləşdirən 1813-cü il Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşmışdı. Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir etdi. Əvvəlki həyat tərzi dağıdıldı, Azərbaycan cəmiyyəti üçün ənənəvi olan sülalələr bölgüsü qadağan edildi və hər şey imperiyanın maraqlarına tabe etdirildi. Eyni zamanda keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün bütün ərazi boyu hərbi hissələr yerləşdirilməyə başlandı. Onlardan biri də Xankəndidə yerləşdirildi. Bu yer hərbi hissə üçün çox əlverişli idi. Bir tərəfdən çara tabe olmaq istəməyən Şuşanı və ətrafdakı xeyli Azərbaycan məskənlərini nəzarətdə saxlamaq mümkün idi. Digər tərəfdən, Xankəndiyə İrandan köçürülən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı var idi. Çar məmurlarına digər bölgələrdə olmasa da, Xankəndidə etnik tərkib nisbətini müəyyən qədər dəyişmək mümkün oldu. 1813-cü ildə Xankəndidə heç bir erməni və rus ailəsi yaşamasa da, artıq 1847-ci ildə orada 80 erməni və 52 rus ailəsinin yaşadığı ev, həmçinin erməni kilsəsi var idi. Rusiya işğalından dərhal sonra orada çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirildi. Ermənilər və rus zabitləri yaşayış məskənini "qərargah" adlandırsalar da, 1847-ci il çar Rusiyası xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşmüşdür. Çar işğalından sonra böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirilir, etibar doğurduqlarına görə çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin edilirdilər. 1900-cü ildə Xankəndidə artıq 3 min əhali yaşayırdı və hətta ikisinifli məktəb də fəaliyyət göstərirdi. Şəhərdə 1-ci Sunja-Vladiqafqaz Terek kazak qoşun postu yerləşdirilmişdi. Məqsədli yeridilən etnik siyasət nəticəsində ötən əsrin əvvəllərində Xankəndidə erməni və rus əhalisinin sayı xeyli artdı. Ancaq bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayırdılar. Məqsədli təcrid siyasətinə baxmayaraq, onlar Xankəndidə ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşmalı olurdu. Cümhuriyyət dönəmi — 1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndidən də yan ötmədi. XIX əsrdə tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı torpaqlarına yerləşdirilmiş İran erməniləri orada Ermənistan dövlətini elan etdilər. Bununla kifayətlənməyən erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ bölgələrinə və ümumilikdə bütün Azərbaycan torpaqlarına iddia etməyə başladılar. Bu məqsədlə erməni hərbi birləşmələri həmin bölgələrdə azərbaycanlıların yaşadığı şəhər və kəndlərə hücum edir, dinc insanları qətlə yetirirdilər. Bakı, Şamaxı, Quba, Göyçay, Göyçə və Zəngəzur qırğınlarına aid arxiv sənədləri indi də qalmaqdadır. Həmin dövrdə qanlı qarşıdurmalar eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, o cümlədən Xankəndidə də baş verirdi. Erməni millətçiləri vaxtilə xidmət etdikləri və Xankəndidə yerləşən çar ordusu hərbi hissəsinin imkanlarından da geniş istifadə edirdilər. Sonradan 1992-ci il fevralın 26-da onlar bu üsulu təkrarlayaraq Xankəndidə (Stepanakertdə) yerləşən və dağılmaqda olan Sovet Ordusunun 366-cı alayından (polkundan) istifadə etməklə Xocalı soyqırımını törətdilər. 1918–1920-ci illərdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi ilə bağlı iddialarının qarşısını almaq mümkün oldu. SSRİ dövrü — Azərbaycanın Sovet imperiyası tərəfindən işğalından sonra keçirilən əhalinin siyahıyaalınmasının nəticələrinə əsasən, 1921-ci ildə Xankəndi qəsəbəsində 85 təsərrüfatda 398 azərbaycanlı, 226 təsərrüfatda isə 981 erməni yaşayırdı. Sovet hakimiyyəti illərində erməni millətçi dairələrinin Azərbaycan torpaqları ilə bağlı iddiaları Lenin, Stalin və Orconikidzenin dəstəyi ilə yeni forma almağa başladı. Buna 1920-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş erməni Anastas Mikoyanın və 1921–1925-ci illərdə həmin vəzifəni tutmuş ermənipərəst bolqar Sergey Kirovun apardığı siyasət də şərait yaratdı. Bu siyasətin nəticəsində 1923-cü il iyulun 4-də Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Qafqaz (Zaqafqaziya) bürosunun iclasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin taleyi məsələsi müzakirə edildi. Azərbaycan torpağının taleyini buna müstəsna hüququ olan Azərbaycan xalqı deyil, siyasi təşkilat olan büronun 9 nəfər üzvü həll etməyə başladı. Onların 3-ü erməni, 3-ü gürcü, 1-i bölgəyə tamamilə yad olan bolqar, ancaq biri — Nəriman Nərimanov azərbaycanlı idi. Bu çoxluq həmin iclasda bütün qanunları və reallıqları kənara qoyaraq Dağlıq Qarabağı Ermənistana vermək qərarına gəldi. Ancaq Nəriman Nərimanovun Moskvaya qəti etirazı bir gün sonra büronu əvvəlki qərarını ləğv etməyə və bölgəyə muxtariyyət verilməklə Azərbaycanın tərkibində saxlamaq qərarını qəbul etməyə məcbur etdi. Görünür, Lenin və Stalin artıq İrəvan, Zəngəzur və Göyçəsi əlindən alınmış Azərbaycanın Qarabağı da itirməsi halında gərgin vəziyyətin yaranacağını nəzərə alırdılar. Həmçinin Azərbaycan rəhbərlərinin kənardan gələn şəxslər — 1921-ci ildə Anastas Mikoyan, 1921–1925-ci illərdə isə Sergey Kirov olması onların respublikanı ikinci Ermənistan kimi qəbul etməsinə şərait yaradırdı. Beləliklə, Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Zaqafqaziya bürosu Dağlıq Qarabağa mərkəzi Şuşa şəhəri olmaqla Azərbaycan daxilində muxtariyyət verilməsi qərarını verdi. Ancaq o dövrdə Azərbaycan rəhbəri olan ermənipərəst Sergey Kirov və onun ətrafı sırf azərbaycanlı şəhəri olan Şuşada erməni muxtariyyətini qurmağın çətin olacağını dərk edirdilər. Qeyd etmək lazımdır ki, Zaqafqaziya bürosunun adıçəkilən hər iki iclasında Azərbaycan rəhbəri Sergey Kirov Dağlıq Qarabağın Ermənistana verilməsi variantını müdafiə edirdi. 1923-cü il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil edilməsi barədə qərar qəbul etdi. Vilayətin erməniləşdirilməsi məqsədilə büronun qərarının əleyhinə olaraq vilayət mərkəzi kimi Şuşa deyil, əhalisinin yarıya qədəri erməni sakinlərindən ibarət olan Xankəndi seçildi. Ermənipərəst Kirovun dəstəyi ilə qısa müddətdən sonra Xankəndinin adı da dəyişdirildi. 1923-cü il oktyabrın 6-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə DQMV-nin erməni əhalisinin "müraciəti" nəzərə alınaraq Xankəndi qəsəbəsinin adı dəyişdirildi və Stepanakert adlandırıldı. Nəyə görə bütün vilayət əhalisinin deyil, ancaq erməni əhalisinin müraciətinin nəzərə alınması sualına isə cavab yoxdur. Bu zaman Stepan Şaumyanın Azərbaycana 1914-cü ildə gələrək 1918-ci ildə yoxa çıxdığı, 1917–1918-ci illərdə Azərbaycan xalqına qarşı qətliamın təşkilatçısı olduğu, onun Dağlıq Qarabağla və konkret olaraq Xankəndi ilə heç bir əlaqəsi olmadığı respublikanın o vaxtkı rəhbərliyini qətiyyən maraqlandırmırdı. Elə indi də erməni işğalçılarının işğal altında olan Xankəndini bolşevik və qətliam törədicisi Şaumyanın adı ilə Stepanakert adlandırması onların əsl mahiyyətindən xəbər verir. Ancaq bütün sovet dövründə Azərbaycan ictimaiyyəti şəhəri qeyri-rəsmi olaraq Xankəndi adlandırmaqda davam edirdi. Sonralar tarix sübut etdi ki, Moskvanın məqsədi Azərbaycanın ərazi bütövlüyünü qorumaq yox, onun daxilində erməni millətçiliyinin dayağı kimi respublikaya daim problem yaradacaq mərkəz yaratmaq idi. DQMV yaradılandan SSRİ dağılanadək nəinki Xankəndinin, hətta vilayətdəki irili-xırdalı bütün təşkilatların rəhbərləri vəzifəsinə ancaq erməni millətindən olan şəxslər təyin edilirdilər. Regionun və şəhərin tarixi, mədəni ənənələri və etnik tərkibi bir kənara atılaraq ancaq erməni xətti qabardılmağa çalışılırdı. Məsələn, 1926-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Levon Mirzoyan (o, 1926–1929-cu illərdə respublikaya rəhbərlik etmişdir) Xankəndinin baş planının tərtib edilməsi üçün Ermənistandan Azərbaycana Aleksandr Tamanyan adlı memarı (arxitektoru) dəvət etdi. Bu həmin Mirzoyandır ki, hakimiyyətinin sonuncu ilində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasındakı Mığrı rayonu (ermənilər oraya sonradan Meqri adı verdilər) Ermənistana verildi və bununla da Naxçıvan anklava çevrildi. Aleksandr Tamanyan region üçün yad adam idi. O, ancaq 1923-cü ildə — 46 yaşında doğulduğu və həmişə yaşadığı Rusiyadan İrəvana köçərək Ermənistan Xalq Komissarları Sovetinin baş mühəndisi təyin edilmişdi. Həm İrəvanda, həm də Bakıda Avropa səviyyəsində tanınan xeyli sayda yerli azərbaycanlı memarların olmasına baxmayaraq, qədim Azərbaycan şəhərlərinin baş planının hazırlanması məhz ona tapşırıldı. O, 1924-cü ildə İrəvanın (sonradan ermənilər oranı Yerevan adlandırdılar), 1925-ci ildə Gümrünün (sonradan ermənilər oranı Leninakan adlandırdılar), 1927-ci ildə Bəyazidin, 1927–1928-ci illərdə isə Üçmüədzinin (sonradan ermənilər oranı Eçmiədzin adlandırdılar) baş planını hazırladı. Bununla da Ermənistana verilmiş bu Azərbaycan şəhərlərinin şərq memarlığı, əsrlərdən gələn inkişaf xətti və mədəni siması itirildi. Aleksandr Tamanyanın təklifi və Azərbaycanın rəhbəri Levon Mirzoyanın razılığı ilə 1926-cı ildə Xankəndinin baş planı qəbul edildi. Onun planı isə Qarabağ şəhərsalma mədəniyyəti ilə tam ziddiyyət təşkil edirdi. Maraqlıdır ki, Aleksandr Tamanyanın nəvəsi və adaşı Aleksandr Tamanyan 1988-ci ildən başlayan Qarabağ erməni icmasının separatizm hərəkatında fəal iştirak etmişdir. Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başladı. Bu zaman bu işə daim Azərbaycanın ümumi respublika resurslarından böyük dəstək verilirdi. Bu səbəbdən də şəhərin bütün sahələr üzrə inkişafı digər Azərbaycan şəhərlərindən daha sürətlə gedirdi. Bu, böyüməkdə olan şəhərin əhali artımında da özünü aydın göstərirdi. 1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə isə 60 min əhali yaşayırdı. Bu rəqəmlər Dağlıq Qarabağ regionunun sosial inkişafdan geri qalması barədə erməni millətçilərinin 1988-ci ildə ortaya atdıqları iddianı tamamilə təkzib edir. Çünki hər 20 ildən bir əhalisinin sayının iki dəfə artması istənilən əyalət şəhəri üçün böyük inkişaf göstəricisi idi. Artan əhali üçün nəinki mənzillər tikilir, müvafiq sosial və kommunal infrastruktur yaradılırdı, eyni zamanda onlar üçün iş yerləri olacaq müasir müəssisələr inşa edilirdi. Bu proses təkcə Xankəndi üçün deyil, bütün Dağlıq Qarabağ üçün xarakterik idi. Qeyd etmək lazımdır ki, bütün bunlar Dağlıq Qarabağ Muxtar Vilayətinin deyil, onilliklər ərzində Azərbaycanın maliyyə-texniki resursları və iradəsi hesabına yaradılırdı. Xankəndidə tikilmiş müəssisələr keçmiş muxtar vilayətin sənaye məhsulunun yarısından çoxunu istehsal edirdi. Sovet dövrünün sonuna yaxın Xankəndidə bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça və tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexnika zavodunun, mebel fabrikinin, tikinti materialları kombinatının və asfalt-beton zavodunun məhsulları Azərbaycanın daxili bazarında özünə alıcı tapırdı. Xankəndinin sürətlə böyüməsi nəticəsində 1978-ci ilin may ayında Xankəndi şəhər statusu aldı. Şəhər Xankəndi rayonunun tabeçiliyindən çıxarıldı, həmin rayonun adı isə dəyişdirilərək Əsgəran rayonu adlandırıldı. Qarabağ müharibəsi dövrü — 1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi nümayəndələrinin (emissarlarının) təşkilatçılığı ilə Xankəndidə ermənilər Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 1988-ci il fevralın 13-də Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, fevralın 20-də Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdılar. Bu hadisə Dağlıq Qarabağın azərbaycanlı icmasının haqlı narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti sabitləşdirmək üçün Xankəndiyə Daxili Qoşunların batalyonunu göndərdi. Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı. Xankəndi erməniləri Şuşaya gedən su kəmərini zəhərləməyə cəhd etdilər. Fevralın 20-də Xankəndi mərkəzi xəstəxanasında təcrübə (praktika) keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. İki gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndiyə yürüş etdi. Onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsildi. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirildi, çoxlu sayda insan isə yaralandı. Bu gənclər sonradan illərlə davam edən Dağlıq Qarabağ münaqişəsinin ilk qurbanları oldular. May ayının 25-dən etibarən Vilayət Partiya Komitəsində məsul vəzifələrdə çalışan azərbaycanlılar işdən çıxarıldılar. İlk olaraq ermənilər 1988-ci il sentyabrın 18-də Xocalıya hücum etdilər. Güclü müqavimətlə qarşılaşdıqdan sonra onlar Xankəndidə yaşayan azərbaycanlıların evlərinə basqınlar təşkil etdilər. Mayor Şahbazyanın başçılığı altında həm yerli polis (milis) idarəsində, həm də Ermənistanda çalışan polis əməkdaşlarından ibarət dəstələr yaradıldı. Azərbaycanlıların yaşadıqları evləri yandırmaq məqsədilə bu dəstələrin hər biri bir küçəyə nəzarət edirdi. Onlar Zavodskoy, Puşkin, Üzeyir Hacıbəyov, Özbəkistan, Bazarnaya və DQMV-50 küçələrindəki evlərə hücum edərək müxtəlif vasitələrlə onları yandırmağa başladılar. Sabir və Lesnoy küçələrinə də hücum edən ermənilər orada müqavimətlə üzləşdikləri üçün geri çəkilməyə məcbur oldular. Daha sonra M.Paşayev, Timiryazev, Mogilyevski və Admiral İsakov küçələrində də yanğınlar törətdilər. Ümumilikdə 59 ev yandırıldı. Sentyabr ayının 18-dən 20-nə kimi ermənilər talan və qarətləri davam etdirdilər. Beləliklə, 1988-ci ilin sentyabr ayında ermənilər Xankəndi şəhərində yaşayan bütün etnik azərbaycanlıları zorla şəhərdən qovdular. Xankəndidə Azərbaycanın büdcəsi hesabına tikilmiş bütün sənaye müəssisələrinin rəhbərləri ermənilər idi. Həmin müəssisələr gizli şəkildə atıcı silahlar və minalar istehsal edərək onları erməni silahlı dəstələrinə paylayırdılar. 1991-ci ilin dekabr ayında SSRİ öz mövcudluğuna son qoydu. Xankəndidəki ermənilər bunu fürsət bilərək dərhal şəhərdə yerləşən hərbi bazaya hücum etdilər və oradakı bütün silahları ələ keçirdilər. Döyüş zamanı bir neçə erməni silahlısı və bir rus əsgəri öldürüldü. Bazada olan rus əsgərlərinin bir hissəsi ermənilərlə birlikdə vuruşmağa razılıq verdi, buna razı olmayanlar isə Qarabağdan qovuldular. Lakin bundan daha əvvəl Xankəndidə yerləşən 366-cı motoatıcı alayın rus əsgərləri öz silahlarını ermənilərə satmağa başlamışdılar. 1991-ci ildə Qarabağda olan amerikalı hüquq müdafiəçisi Skott Horton bu barədə yazaraq bildirmişdir ki, hərbi bazada xidmət edən rus zabiti onu yerli iş adamı (biznesmen) zənn edərək ona tankı 3000 ABŞ dollarına almağı təklif etmişdir. Bəzi şahidlər isə rusların öz silahlarını araq əvəzinə ermənilərə verdiyini bildirirlər. Müharibə boyunca Azərbaycan Ordusunun bölmələri bir neçə dəfə Xankəndiyə yaxınlaşsa da, şəhəri işğaldan azad etmək mümkün olmamışdır. Atəşkəs dövrü — Qarabağ müharibəsi dövründə Xankəndi şəhəri böyük dağıntılara məruz qalmışdır. Lakin müharibədən sonra ermənilər xaricdəki erməni diasporunun köməyi ilə Xankəndini bərpa etdilər. Onu da qeyd etmək lazımdır ki, ermənilər işğal olunmuş digər rayonların şəhər mərkəzlərini talan edərək həmin materiallar vasitəsilə Xankəndini və Dağlıq Qarabağdakı digər şəhərləri çox ucuz qiymətə bərpa etmişlər. Bundan başqa, erməni diasporunun köməyi ilə Gorus şəhərindən Xankəndiyə qədər 64 km uzunluğunda olan və tikintisi 1999-cu ildə tamamlanan avtomobil (şose) yolu çəkilmişdir. Bu yol Ermənistan ilə işğal olunmuş əraziləri birləşdirən yeganə yoldur. 2000-ci ildə Xankəndidə separatçı rejimin ("Dağlıq Qarabağ Respublikası"nın) "prezidenti" Arkadi Qukasyana sui-qəsd təşkil olunmuşdur. Qukasyan bu hücum nəticəsində sağ qalmışdır. Sui-qəsdin təşkilatçısı kimi Qarabağdakı erməni silahlı dəstələrinin komandanı olan Samvel Babayan həbs edilərək 14 il müddətinə azadlıqdan məhrum edilmişdir. Şəhərdə erməni silahlı dəstələri, sui-qəsd və hücum aktları — 1988-ci ilin yayında Xankəndi Uşaq Xəstəxanasında həkim-rentgenoloq işləyən, əslən Ağdamdan olan şəxs ermənilər tərəfindən xəstəxananın həyətində döyülərək qətlə yetirilmişdir. 1989-cu il iyunun 28-də ermənilər tərəfindən Badara qəsəbəsindən Meşəliyə gedən avtomobil (şose) yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində avtomobildə olan 6 nəfər mülki azərbaycanlı ağır yaralanmışdır. 1991-ci il sentyabrın 20-də şəhərdə Şuşa–Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladılmışdır. Cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və 15 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1990-cı ilin may ayında Bakı–Xankəndi qatarı və Xankəndi–Ağdam avtobusu partladılmışdır. 1990-cı ilin iyun ayında Xankəndi sakinləri olan Əşrəf və Ələmşah adlı iki qardaş 336-cı motoatıcı alayın qarşısında diri-diri yandırılmışdır. 1991-ci il sentyabrın 15-də Xankəndidəki radio-televiziya stansiyası partladılmışdır. Bu günə qədər bu hadisədə əli olan şəxslərin adları məlum deyil. 1991-ci il yanvarın 5-də Kərkicahan ərazisinə ermənilər tərəfindən hücumlar edilmişdir. Bu hücum nəticəsində qəsəbə 3 sakinini itirmişdir, lakin erməni tərəfindən də çoxlu itkilər olmuşdur. 1991-ci il yanvarın 9-da Akop Qavruşoviç Baqmanyan və Artuşa Qriqoroviç Antonyan tərəfindən DQMV-nin Daxili İşlər İdarəsinin rəisi general-mayor V.Kovalyovun həyatına sui-qəsd edilmişdir. Buna səbəb kimi onun azərbaycanlıları müdafiə etməsi və sui-qəsdin yuxarı dairələrdən sifariş olunması göstərilmişdir. 1989-cu ilin oktyabr ayında evinə qayıdan iki nəfər Kərkicahan sakini güllələnmişdir. 1991-ci il fevralın 4-də ermənilər azərbaycanlıların yaşadığı bir neçə binanı partlatmış və güllələmişlər. 1991-ci ilin yayında Xankəndi–Şuşa avtomobil yolunda SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar mayoru L.Xomiç qətlə yetirilmişdir. 1991-ci il fevralın 24-də Şuşadan Ağdam rayonuna gedən "PAZ-3205" markalı sərnişin avtobusu şəhər ərazisində partladılmış, nəticədə 7 nəfər həlak olmuşdur. Həmçinin ermənilər bu dövr ərzində oğurluq və talançılıq halları da törətmişlər. Belə ki, Kərkicahan, Cəmilli və Kosalar ərazilərində əhalinin iribuynuzlu mal-qarası və xırdabuynuzlu heyvanları ya oğurlanmış, ya da güllələnmişdir. 1994-cü il martın 18-də Xankəndi səmasında erməni terrorçuları tərəfindən İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarə vurulmuş, nəticədə 36 nəfər həlak olmuşdur. Əhali — Müxtəlif illərdə ermənilər Xankəndi şəhərinə köç etmişlər. İlk köç 1800-cü ildə, İbrahimxəlil xan Cavanşirin hakimiyyəti dövrünə təsadüf edir. Daha sonralar 1804, 1850, 1890, 1915, 1937 və 1951-ci illərdə minlərlə erməni buraya köç etmişdir. Ən son köç isə 1988-ci ildə Sumqayıt ermənilərinin köçü olmuşdur. Onlar əsasən Xankəndi, Kərkicahan, Kosalar, Bəhlulun və Cəmilli ərazilərində məskunlaşmışlar. Bu gün Xankəndi əhalisinin böyük hissəsi Bakı, Abşeron, Pirşağı, Mərdəkan, Zuğulba, Gəncə, Sumqayıt, Bakının Nəsimi rayonu, Ağcabədi, Naftalan və Ağcakənd ərazilərində məskunlaşmışdır. Qarabağ müharibəsinin ilk məcburi köçkünləri olmuş Xankəndi əhalisi Gəncənin "Üzümçülük sovxozu" adlanan ərazisində yaşamışlar. Hazırda erməni mənbələrinin verdiyi məlumata görə, şəhərin əhalisi 50.000 nəfərdir. Müstəqil mənbələr isə şəhərin faktiki əhalisinin sayının bundan bir neçə dəfə az olduğunu bildirir. Şəhərdə yaşayan əhalinin hamısı etnik ermənilərdir. Şəhərdə azərbaycanlıların və ya hər hansı digər millətdən olan şəxslərin buraya köçərək yaşamasına icazə verilmir. İqtisadi xarakteristikası — Xankəndi Azərbaycanın inkişaf etmiş sənaye mərkəzlərindən biri olmuşdur. Şəhərdə yüngül və yeyinti sənayesi inkişaf etmişdi. Burada elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, mebel fabriki, həmçinin tikinti materialları, sənaye, istehsalat və tədris-istehsalat kombinatları fəaliyyət göstərirdi. Şəhərdə 3 dövlət təsərrüfatı (sovxoz) və 1 kollektiv təsərrüfat (kolxoz) vardı. Bu təsərrüfatlarda taxıl, buğda, arpa, pambıq, kök, kələm, xiyar, qarpız və digər kənd təsərrüfatı bitkiləri əkilirdi. Şəhərdəki yeganə kolxozda isə əsasən atçılığa və maldarlığa üstünlük verilirdi. Burada Qarabağın cins atları yetişdirilirdi. Həmçinin şəhərdə nəşriyyat işi də çox inkişaf etmişdi. SSRİ dövründə şəhərdə üç qəzet ("Qarabağ", "Xankəndi" və "Komsomolçu gənclər") nəşr olunurdu. 1978-ci ildə Xankəndi Gənc Jurnalistlər Evi də açılmışdır. Erməni diasporunun vəsaiti hesabına şəhərdə bir neçə otel tikilmişdir. Bu otellərdə əsasən Dağlıq Qarabağa gələn erməni diasporunun nümayəndələri qalırlar. Bununla belə, iş yerlərinin olmaması səbəbindən əhalinin çoxu Xankəndini ya tərk etmişdir, ya da yoxsulluq (aclıq) həddində yaşayır. Hazırda erməni diasporu Qarabağın, Xankəndinin, Şuşanın və digər ərazilərin abadlaşdırılması üçün maliyyə sərmayəsi qoyduğunu bildirir. Lakin bu gün Xankəndi şəhərinin bir hissəsi, Kərkicahan, Kosalar və tarixi Yeddiqaya kimi ərazilər xarabalığa çevrilmişdir. Mədəniyyəti — Xankəndi şəhərində bir çox mədəniyyət müəssisələri olmuşdur. Şəhərdə 2 mədəniyyət evi, 2 musiqi məktəbi, 1 rəqs məktəbi və 1 rəsm məktəbi fəaliyyət göstərirdi. SSRİ dövründə şəhərin mədəniyyət evi V.İ.Leninin adını daşıyırdı. Qarabağda ilk rəqs məktəbi 1972-ci ildə Xankəndi şəhərində istifadəyə verilmişdir. Şəhərdə 1936-cı ilə qədər qızlar və oğlanlar birlikdə təhsil almırdılar. Qubadlı rayonunda 21 rabitə müəssisəsi mövcud olmuş və 8 avtomat telefon stansiyası quraşdırılmışdır. 1950 nömrəlik həmin stansiyalar fasiləsiz olaraq əhalinin xidmətində olmuşdur.
Bu məqalənin hazırlanmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarından və "Vikipediya"nın (Wikipedia) Qarabağ bölməsinin internet resurslarından istifadə edilmişdir.
K. Ələkbərli |
|
|
| |
| Baxılıb: 1196 | | |
| Ümumi Şərhlər: 0 | |