"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ÇƏRŞƏNBƏ AXŞAMI, 17/11/2026, 23:33
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

BÖLMƏ

Sədərək
Sədərək rayonu - 15.01.1990
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
Xocalı
Xocalı rayonu - 26.02.1992
Şuşa
Şuşa rayonu - 08.05.1992
Laçın
Laçın rayonu - 18.05.1992
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
Tərtər
Tərtər rayonu - 07.07.1993
Ağdam
Ağdam rayonu - 23.07.1993
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
Füzuli
Füzuli rayonu - 23.08.1993
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
Zəngilan
Zəngilan rayonu - 29.10.1993

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

-BİTV- Odysee Kanal

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Vandalizm


Xocalı rayonu - 26.02.1992

VANDALİZM

Azərbaycan Respublikası Xocalı rayonu

Xocalı Azərbaycan Respublikasının inzibati rayonudur. Rayonun inzibati mərkəzi Xocalı şəhəridir. Xocalı şəhəri 1992-ci il fevralın 26-da Ermənistan tərəfindən işğal olunmuşdur. 

Rayonun ərazisi 0,94 min kvadrat kilometrdir. 1991-ci ildə rayonun əhalisi 24417 nəfər olmuşdur. 2004-cü ilin məlumatına əsasən, əhalinin 12194 nəfərini azərbaycanlılar, 12223 nəfərini isə digər millətlərin nümayəndələri təşkil etmişdir. 

Rayonun tərkibinə 1 şəhər, 2 qəsəbə və 50 kənd daxil olmuşdur. Xocalı rayonu Qarabağ silsiləsində yerləşir. O, Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa rayonları ilə həmsərhəddir. 

Xocalı rayonu Ağdam, Şuşa, Xankəndi və Əsgəran istiqamətindəki yollarda strateji əhəmiyyətə malik idi. Həmçinin, Qarabağdakı yeganə hava limanı bu rayonda yerləşirdi. 

Rayonun tərkibinə Xocalı şəhəri, Əsgəran qəsəbəsi, eləcə də Cəmilli, Meşəli, Dağyurd, Seyidbəyli, Ballıca, Xanbağı, Mehdibəyli, Harov, Dağdağan, Daşbulaq, Qayabaşı, Badara, Xanəzək, Suncinka, Qarabulaq, Dəmirçilər, Mədədkənd, Quşçubaba, Qızıloba, Haçmaç, Aşağı Yemişcan, Kosalar, Başkənd, Cavadlar, Yaloba, Canhəsən, Naxçıvanlı, Pircamal, Aranzəmin, Ağbulaq, Dəhraz, Təzəbinə, Sərdarkənd, Qışlaq, Xanabad, Ağgədik, Qılıçbağ, Almalı, Qarakötük, Pirlər, Fərrux, Daşbaşı, Çanaqçı, Sığnaq, Şuşakənd və Daşkənd kəndləri daxildir. 

Xocalı rayonunun tarixçəsi  — Xocalı rayonu 1991-ci il noyabrın 26-da Əsgəran rayonunun bazasında yaradılmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı soyqırımı törətmişdir. 

Fevralın 25-i axşam saatlarında şəhərin artilleriya silahlarından atəşə tutulmasına başlanılmışdır. Şəhərə tanklar, BTR və BMP-lər kimi ağır hərbi texnika yeridilmiş və şəhər tamamilə alov içərisində qalmışdır. 

Azərbaycan xalqının öz torpaqları uğrunda erməni işğalçılarına qarşı mübarizəsində 1905, 1918–1920 və 1988–1993-cü illərdə bir çox faciələr baş vermişdir. Bu əməllər mütəşəkkil formada həyata keçirilmişdir. 

Xocalı erməni silahlı dəstələri tərəfindən zəbt olunduqdan sonra şəhərdə qalan mülki əhali deportasiya edilmişdir. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanılmışdır. Bu hal qondarma "Dağlıq Qarabağ Respublikası" ("DQR") hakimiyyətinin bununla bağlı müvafiq əmri olduğunun aşkar göstəricisidir. 

Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin bəyanatları ilə aşkar ziddiyyət təşkil edirdi. Belə ki, onlar Xocalının bütün dinc sakinlərini əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olduqlarını bəyan etmişdilər. 

Girovların saxlanma şəraiti son dərəcə qeyri-qənaətbəxş olmuş və saxlanılan Xocalı sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Həmçinin, Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edilmişdir. Onların əmlakı Xankəndidə və ətraf yaşayış məntəqələrində məskunlaşan şəxslər tərəfindən mənimsənilmişdir. 

“DQR” hakimiyyəti şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üçün orderlər vermişdir. Bununla da onlar başqa şəxslərə məxsus əmlakın mənimsənilməsini rəsmiləşdirmişlər. 

Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin (MDB) ordusuna məxsus 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir. "Memorial" Hüquq Müdafiə Mərkəzinin qənaətinə görə, bu məsələ ilə bağlı xüsusi araşdırmalar aparılmalıdır. Araşdırmalar həm MDB hərbçilərinin münaqişə regionunda döyüş əməliyyatlarında iştirakı, həm də münaqişə tərəflərinin birləşmələrinə hərbi əmlakın verilməsi faktlarını əhatə etməlidir. 

Əsgəran şəhəri və tarixi abidələr  — Əsgəran Xocalı rayonunun ərazisində yerləşən şəhərdir və Qarqarçayın sahilindədir. Şəhər öz adını XVIII əsrdə Qarabağ xanlarından Pənahəli xan və ya Mehrəli xan tərəfindən tikdirilmiş Əsgəran qalasından almışdır. Qala keçmişdə Əsgəran adlanan ərazidə inşa edilmişdir. Bu ad qədim mənbələrdən məlum olan "əski" (köhnə, qədim) və "Aran" (Arran toponimi) sözlərindən ibarətdir və "Köhnə Aran" (Qədim Aran) mənasını verir. "Alban tarixi" əsərində bu ərazinin adı "Mets Aran" (Böyük Aran) kimi qeyd edilmişdir. 

Rayon ərazisində yerləşən Xocalı qəbiristanlığı Son Tunc və İlk Dəmir dövrünə (e.ə. VIII–VII əsrlərə) aid arxeoloji abidələr kompleksidir. Daş qutu və kurqanlardan ibarət bu ərazidən müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluqları, balta-təbərzin), tunc əmək alətləri və at əsləhələri aşkar edilmişdir. Həmçinin buradan qızıl, tunc, balıqqulağı, əqiq, şüşə və pastadan hazırlanmış bəzək əşyaları tapılmışdır. Burada çoxlu sayda qoç və yəhər formalı qəbir daşları, eləcə də Seyid Cəlalın ocağı və Cahan nənənin ocağı kimi müqəddəs ziyarətgahlar mövcuddur. 

Əsgəran qalası və insan itkiləri  — Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında, Qarqarçayın sağ və sol sahillərində XVIII əsrə aid Əsgəran qalası yerləşir. İki istehkamdan ibarət olan bu qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala isə dördkünc bürclüdür. Divarların qalınlığı 2–3 metrdir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları məhz Əsgəran qalasında aparılmışdır. 

Erməni işğalçılarının hücumları nəticəsində 613 nəfər şəhid olmuş, 657 nəfər əlil olmuşdur. Həlak olanlar arasında 10 Milli Qəhrəman da vardır. 

Zəmin — Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da şəhərlə avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi kimi helikopter (vertolyot) əlaqəsi qalmışdı. Xocalıya sonuncu helikopter 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki helikopterin vurulması və nəticədə 41 nəfərin faciəli surətdə həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilmirdi. 

1992-ci il yanvarın 2-də Ayaz Mütəllibov Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra etməyə davam edirdi. Rəsmi olaraq, yeni yaradılmış Ermənistan Respublikası Dağlıq Qarabağdakı separatçılara açıq şəkildə hər hansı silah, yanacaq, ərzaq və ya digər maddi-texniki təminat verilməsini təkzib edirdi. Lakin Levon Ter-Petrosyan sonradan separatçıların maaşlarının ödənilməsi və maddi-texniki təchizatla təmin edilməsini etiraf etsə də, döyüşə öz hərbçilərinin göndərilməsini təkzib edirdi. Ermənistan artıq Azərbaycan Respublikasının zəiflədici blokadası, həmçinin Azərbaycanın qonşusu olan Türkiyənin təzyiqi ilə üzləşirdi. Fevralın əvvəlində Azərbaycan kəndləri olan Malıbəyli, Qaradağlı və Ağdaban ermənilər tərəfindən işğal edildi və onların əhalisi köçürüldü. Bunun nəticəsində ən azı 140 nəfər yaralanmış və 99 nəfər həlak olmuşdu. 

Ermənistanın Qarabağla yeganə quru əlaqəsi yalnız helikopterlərlə daxil olunan Laçın dəhlizi idi. Bölgənin yeganə hava limanı Xankəndidən 7 kilometr (4,3 mil) məsafədə yerləşən və əhalisi təxminən 6000–10000 nəfər olan Xocalı şəhərində yerləşirdi. Bundan əlavə, Xocalı "Qrad" raketlərinin artilleriya bazası kimi xidmət etmişdir. Belə ki, Xankəndidə ermənilərin yaşadığı çoxmərtəbəli binalara 400 "Qrad" raketi atılmışdır. Fevralın sonunda erməni silahlı dəstələri qarşıdakı hücum barədə xəbərdarlıq etdilər və Azərbaycana Xocalıdan atəşin dayandırılması üçün ultimatum verdilər. 

Xocalıya hücum — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikasının və hərbi heyətinin köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal etməyə başladı. Onlar şəhərdə yaşayan etnik azərbaycanlıları vəhşicəsinə qətlə yetirməyə başladılar. Xocalıya üç istiqamətdən hücum edildiyi üçün əhali Qarqarçay istiqamətində meşələrə doğru qaçmağa məcbur olmuşdu. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların böyük hissəsi erməni silahlı dəstələri tərəfindən burada da xüsusi qəddarlıqla məhv edilmişdir. 

“Memorial” İnsan Hüquqları Mərkəzinin 25–26 fevral 1992-ci il tarixlərində Xocalı yaşayış məntəqəsinin işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabatında bu məlumatlar yer alır: 

Hücuma qədər Xocalıda şəhərin bir neçə yüz müdafiəçisi də daxil olmaqla 2000–4000 nəfər əhali yaşayırdı; 

Xocalını könüllü müdafiə dəstələri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis əməkdaşları və Azərbaycan Milli Ordusunun əsgərləri qoruyurdu; 

Hər iki tərəfdən alınan məlumata görə, şəhərdə üç ədəd zirehli texnika və “Alazan” raket qurğusu yerləşirdi; 

Xocalıya hücum edən şəxslər və Dağlıq Qarabağın qondarma "rəsmiləri" şəhərdə həmçinin iki ədəd "Qrad" tipli reaktiv yaylım atəşi sisteminin olduğunu bildirirlər. 

Hücumun iştirakçıları — Hesabatda qeyd olunur ki, hücumun iştirakçıları qondarma “Dağlıq Qarabağ Respublikası”nın ("DQR") Ali Sovetinin plenumunun qərarı ilə təyin olunan baş komandan və qərargah rəisinə tabe olan ərazi komandanlıqlarının dəstələrindən (bölüklərindən) ibarət olmuşdur. Bu birləşmələr “Artsaxın Milli Azadlıq Ordusu” (AMAO) adlanırdı. 

“Memorial” müşahidəçiləri Xocalıya hücum etməyə şəxsən kimin əmr verdiyi və ya əməliyyata görə kimin məsuliyyət daşıdığı barədə birbaşa məlumat əldə edə bilməmişlər. Lakin “DQR” rəhbərliyi Dağlıq Qarabağdakı vəziyyətə tam nəzarət etdiyini bəyan etmişdi. Bu bəyanatı əsas götürərək belə nəticəyə gəlmək olar ki, Xocalını zəbt etmək əməliyyatının həm planlaşdırılmasına, həm də icrasına görə məsuliyyəti məhz həmin rəhbərlik daşıyır. 

366-cı motoatıcı alayın rolu — Bütün Xocalı qaçqınlarının bildirdiyinə görə, şəhərə hücumda Sovet Ordusunun 366-cı motoatıcı alayının hərbçiləri iştirak etmişdir. Hətta onlardan bəziləri şəhərin daxilinə də girmişlər. 

Hərbi hissənin komanda heyəti əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst şəkildə çıxarılmasını təmin edə bilmədiyini qeyd etmişdir. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri əraziyə cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfər hərbçisi əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldı. Əsasən ermənilərdən ibarət olan həmin hərbçilər qırğında iştirak etmişdilər. 

Alay komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına cavabdeh olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. 

Erməni tərəfindən alınan məlumata görə, 366-cı alayın döyüş maşınları və onların heyəti şəhərə hücum əməliyyatında iştirak etmişdir. Onların iddiasına görə, alayın texnikası şəhərə atəş açmış, lakin şəhər daxilinə girməmişdir. Erməni tərəfi hərbçilərin döyüş əməliyyatlarında iştirakı üçün alay komandanlığının yazılı əmrinin olmadığını bildirir. 

Hücumun gedişatı

Xocalı fevralın 25-də saat 23:00-dan toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdıldı. Piyada dəstələri şəhərə fevralın 26-sı gecə saat 01:00–04:00 radələrində daxil olmuşdur. Erməni silahlı dəstələrinin üzvlərinin məlumatına görə, Xocalı qarnizonunun silahlı müqaviməti tezliklə tamamilə qırıldı. Xocalıdakı dağıntılar artilleriya hücumunun olduğunu təsdiq edir. Bu dağıntılar gərgin küçə döyüşləri nəticəsində yaranan zədələnmələrə bənzəmirdi. Sonuncu müdafiə nöqtəsi saat 07:00-da məhv edildi.

Hücum başladıqdan dərhal sonra əhalinin bir hissəsi Ağdam istiqamətinə hərəkət edərək Xocalını tərk etməyə başladı. Şəhəri tərk edən bəzi qrupların tərkibində şəhər qarnizonundan olan silahlı şəxslər də var idi.

Əhali şəhəri iki istiqamətdə tərk etdi: 

Şəhərin şərq hissəsindən çay yatağı boyunca şimal-şərq istiqamətinə, Əsgəranı sol tərəfdə saxlamaqla (Ermənistan rəsmiləri məhz bu yolun “azad dəhliz” kimi saxlanıldığını bildirirlər); 

Əsgəranı sağ tərəfdə saxlamaqla şəhərin şimal hissəsindən şimal-şərq istiqamətinə (görünür, bu yolla qaçqınların az bir hissəsi keçmişdir). 

Beləliklə, mülki əhalinin əksər hissəsi Xocalını tərk etdi. Təxminən 200–300 nəfər isə öz evlərində və zirzəmilərində gizlənərək Xocalıda qaldı. Hücum zamanı şəhərin bombalanması nəticəsində Xocalıda qeyri-müəyyən sayda mülki sakin həlak oldu. Erməni tərəfi öldürülən həmin mülki əhalinin sayı ilə bağlı məlumat verməkdən faktiki olaraq imtina etdi. 

(Qeyd: Fevralın 26-da Xocalı rayonunda olan “Qolfstrim” assosiasiyasının telemüxbiri İ. Burqanskinin məlumatında əhalinin əksəriyyətinin müdafiə qarnizonu bölmələrinin minaatan atəşindən öldüyü göstərilir. Lakin Burqanskinin hücuma dair təsvir etdiyi əksər təfərrüatlar bütün digər mənbələrdən alınan məlumatlara uyğun gəlmədiyi üçün onun bu iddiaları şübhə doğurur). 

Erməni tərəfinin məlumatına görə, hücum edənlər 10–12 nəfər itki vermişdir. 

Əhalinin çıxması üçün "azad dəhliz" — Qondarma "DQR" rəsmilərinin məlumatına görə, mülki əhalinin Xocalıdan çıxması üçün "azad dəhliz" saxlanılmışdı. Bu dəhliz şəhərin şərq hissəsindən başlayaraq çay yatağı boyunca davam edir, şimal-şərq istiqamətində Ağdama doğru yönəlir və Əsgəranı sol tərəfdə saxlayırdı. Dəhlizin eni 100–200 metr, bəzi yerlərdə isə 300 metrə çatırdı. Erməni silahlı dəstələrinin üzvləri mülki əhaliyə və bu dəhlizin hüdudlarında yerləşən silahsız şəxslərə atəş açmayacaqlarına söz vermişdilər. 

“DQR” rəsmilərinin və hücumda iştirak edən şəxslərin sözlərinə görə, hücum başlayarkən zirehli döyüş maşınlarında quraşdırılmış səsgücləndirici cihazlar vasitəsilə Xocalı sakinləri bu dəhlizin mövcudluğu barədə məlumatlandırılmışdır. Lakin bu məlumatı verən şəxslər atışma səsləri və səsgücləndiricilərin gücünün zəif olması səbəbindən Xocalı sakinlərinin əksəriyyətinin bu xəbəri eşidə bilmədiyini istisna etməmişlər. 

"DQR" rəsmiləri həmçinin bildirmişlər ki, hücuma bir neçə gün qalmış helikopterlərlə Xocalı üzərindən əhaliyə “azad dəhliz”dən istifadə etmək çağırışı yazılmış vərəqələr atılmışdır. Lakin bunun sübutu kimi “Memorial” müşahidəçilərinə həmin vərəqələrin bircə nümunəsi belə təqdim edilə bilmədi. "Memorial" müşahidəçiləri Xocalıda da bu cür vərəqələrin heç bir izinə rast gəlməmişlər. Dindirilən Xocalı qaçqınları da bu vərəqələr barədə heç nə eşitmədiklərini söyləmişlər. 

Ağdam və Bakıda "Memorial" müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu aparmışlar. Sorğuda iştirak edənlərdən yalnız biri "azad dəhliz" barədə məlumatı olduğunu bildirmişdir (ona bu barədə Xocalı qarnizonunun hərbçisi xəbər vermişdir). Bundan əlavə, "Memorial" müşahidəçiləri Xankəndidəki təcridxana mərkəzində deputat Paruyr Hayrikyanın iştirakı ilə (söhbət Ermənistan televiziyasının operatoru tərəfindən lentə alınmışdır) əsir götürülən Xocalı sakinləri ilə söhbət etmişlər. Həmin sakinlər də “azad dəhliz” barədə heç nə eşitmədiklərini bildirmişlər. 

Hücumdan bir neçə gün əvvəl Ermənistan tərəfinin nümayəndələri radio əlaqəsindən istifadə edərək dəfələrlə Xocalı qurumlarını planlaşdırılan hücum barədə məlumatlandırmış və onlardan əhalini dərhal, tam şəkildə şəhərdən çıxarmağı tələb etmişdilər. Bu məlumatın Azərbaycan tərəfindən alındığı və Bakıya ötürüldüyü "Bakinskiy raboçiy" qəzetinin buraxılışında təsdiq olunmuşdur. 

"Dəhliz"in mövcudluğu barədə "Russkaya mısl" qəzetinin 3 aprel 1992-ci il tarixli nəşrində də məlumat verilir və Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovun sözlərindən sitat gətirilir: 

"Biz bu dəhlizin mülki əhalinin çıxması üçün nəzərdə tutulduğunu bildik..." (Elman Məmmədov). 

Şəhərdən çıxan əhalinin taleyi — (Fotoşəkil qeydində, 1992-ci il mart ayının ilk günlərində Xocalıda rusiyalı jurnalist Viktoriya İvleyeva tərəfindən çəkilən fotoşəkil: torpaqdakı meyitlər fonunda şəhərdə talançılıqla məşğul olan erməninin maşını). 

Hücum başlayan kimi sakinlər təşviş içində şəhəri tərk etməyə cəhd göstərdilər. Əhali ən vacib əşyalarını belə götürməyə imkan tapa bilmədi. Onların əksəriyyəti yüngül geyimdə qaçdığı üçün sonradan müxtəlif dərəcəli donvurmanın qurbanına çevrildi. Bakıda və Ağdamda dindirilən qaçqınların əksəriyyətinin hətta şəxsiyyət sənədləri belə yox idi. 

Əhalinin böyük hissəsi şəhəri çay yatağı boyunca hərəkət edərək (birinci yol — "Xocalıya hücum" bölməsinə baxın) tərk etdi. Bəzi qaçqın qruplarının tərkibində şəhər qarnizonunun silahlı şəxsləri də var idi. Azərbaycanın Ağdam rayonunun yaxınlığında "azad dəhliz"lə hərəkət edərkən bu insanlara atəş açıldı və nəticədə onların böyük hissəsi öldürüldü. Sağ qalan qaçqınlar pərən-pərən düşdü. Xilas olmağa çalışanlar erməni postları ilə qarşılaşdılar və orada yenidən atəşə məruz qaldılar. Qaçqınların yalnız bir hissəsi Ağdama çata bildi. Əsasən qadın və uşaqlardan ibarət olan digər qisim isə (dəqiq sayını müəyyən etmək mümkün deyil) dağlarda hərəkət edərkən donaraq öldü. Ağdama çata bilənlərin ifadələrinə görə, qaçqınların bir hissəsi Pircamal və Naxçıvanik kəndlərində əsir götürüldü. Dəyişdirilən Xocalı sakinlərinin ifadələrinə görə, əsir götürülənlərin bəziləri qətlə yetirilmişdir. 

Azərbaycan bölmələri cəsədləri helikopterlə Ağdama aparmaq üçün əməliyyat keçirərkən qaçqınların öldürüldüyü yer və meyitlər videoçəkilişə alınmışdır. Lentə alınan kadrlardan görünür ki, öldürülənlərin cəsədləri geniş əraziyə səpələnmişdir. Qətliam yerində çəkilən cəsədlərin böyük əksəriyyətini qadınlar və yaşlılar təşkil edirdi, onların arasında uşaqlar da var idi. Eyni zamanda, öldürülənlər arasında hərbi formada olan şəxslər də gözə dəyirdi. Videoda ümumilikdə onlarla cəsəd göstərilirdi. Relyefin çətinliyi və insanların fiziki imkanları nəzərə alınarsa, qaçqınların Xocalıdan qətliam yerinə təxminən 7–8 saata çatdığını ehtimal etmək olar ("azad dəhliz"ə paralel yol boyunca hərəkət adətən iki saat çəkir). Beləliklə, qaçqınlar sübh tezdən atəşə məruz qalmışlar. 

Dörd gün ərzində Ağdama təxminən 200 cəsəd gətirildi. Onlarla cəsədin üzərində təhqiredici dəyişiklik (zorakılıq) əlamətləri var idi. Ağdamda tibbi qatarda işləyən həkimlər azı dörd baş dərisi soyulmuş və bir başı kəsilmiş cəsəd qeydə almışlar. Ağdamda 181 meyitin (130 kişi, 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizası aparılmışdır. Ekspertlərin gəldiyi nəticələrə görə: 

151 nəfər güllə yarasından; 

20 nəfər qəlpə (mərmi) yaralarından; 

10 nəfər isə küt alətlə vurulan zərbədən ölmüşdür. 

Bundan başqa, Xocalı rayonundan gətirilmiş bir neçə meyit üzərində də məhkəmə-tibbi ekspertiza keçirilmişdir. Qondarma "DQR" rəsmiləri "Memorial" müşahidəçilərinə "120–130 cəsədin onların razılığı ilə Ağdama" gətirildiyini bildirmişlər. 96 meyit Ağdamda dəfn olundu, digərlərinin cəsədləri isə qohumlarına təhvil verildi. 

"DQR" rəsmiləri və erməni silahlı dəstələrinin üzvləri "azad dəhliz"də mülki əhalinin öldürülməsini iki səbəblə izah etməyə çalışmışlar: hərəkət edən qaçqınların arasında erməni postlarına atəş açan və cavab atəşinə səbəb olan silahlı şəxslərin olması, həmçinin Azərbaycan qüvvələrinin əsas hissəsinin müdaxilə cəhdləri. Erməni silahlı dəstələrinin iddiasına görə, Azərbaycan bölmələri Ağdamdan "azad dəhliz" istiqamətində silahlı müdaxiləyə cəhd etmişdir. Erməni postları bu hücumu dəf edərkən Xocalıdan birinci qrup qaçqınlar əraziyə yaxınlaşmışdır. Qaçqınların arasında olan silahlı şəxslər erməni postlarına atəş açmış, döyüş zamanı bir post dağıdılmışdır (iki nəfər öldürülmüş və 10 nəfər yaralanmışdır). Lakin azərbaycanlıların yerini bilmədiyi digər post Xocalıdan gələn insanları yaxın məsafədən atəş altına almışdır. 

Xocalı qaçqınları verdikləri ifadələrdə (o cümlədən mətbuatda dərc olunmuş müsahibələrində) qaçqın axınında olan silahlı şəxslərin erməni postları ilə atışdığını təsdiqləsələr də, hər dəfə atəşi ilk açan tərəfin ermənilər olduğunu bildirmişlər. Həmçinin ikinci yol ilə gedən və Əsgəranı özlərindən sağ tərəfdə saxlayan qaçqın qrupları da atəşə məruz qalmışdı. Ağdam şəhərindəki tibb vaqonunun jurnalında Xocalının demək olar ki, bütün yaralı və qurbanları qeydə alınmışdır. Jurnalda 598 yaralı və donvurma qurbanı (sonuncu qrup üstünlük təşkil edirdi) haqqında məlumat əks olunmuşdur. Həmçinin insanların sağ ikən baş dərisinin soyulması halı da burada qeydə alınmışdır. 

Xocalıda həlak olan şəxslərin ümumi sayını qiymətləndirərkən yalnız güllələnmə nəticəsində ölənlər deyil (bu cür öldürülən insanların cəsədlərinin bir hissəsi Ağdama gətirilmişdir), dağlarda hərəkət zamanı donvurma səbəbindən həlak olanlar da nəzərə alınmalıdır. “Memorial” müşahidəçiləri üç uşağını bu yolla itirmiş bir qadınla söhbət etmişlər. Xocalının donvurma nəticəsində ölmüş sakinlərinin dəqiq sayını müəyyən etmək mümkün olmamışdır. "Qarabağ" qəzetinin 26 mart 1992-ci il tarixli buraxılışında verilən məlumata görə, Xocalı qaçqınlarına yardım komissiyası 476 şəhid ailəsinə yardım göstərmişdir. 

Şəhərdə qalan sakinlərin taleyi — Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 nəfər dinc əhali, o cümlədən 86 Axıska türkü qalmışdı. Sakinlərin, hücumun iştirakçılarının, qondarma "DQR" rəsmilərinin və həmin ərəfədə Xocalı rayonunda olan kütləvi informasiya vasitələri nümayəndələrinin ifadələrinə görə, şəhərdə qalan sakinlərin hamısı əsir götürüldü. Onlar üç gün ərzində Xankəndidəki təcridxana mərkəzinə və nəqliyyat dəstəsinin binasına, Krasnıy kəndindəki saxlanma yerinə və Əsgəran rayonundakı təcridxanaya aparıldılar. “DQR” rəhbərliyinin razılığı ilə əsirlərin bəziləri Azərbaycan ərazisində qohumları həbsdə olan erməni ailələrinin şəxsi evlərinə yerləşdirildi. 

Qondarma "DQR" rəsmilərinin iddiasına görə, bir həftə ərzində bütün qadın və uşaqlar heç bir şərt qoyulmadan Azərbaycan tərəfinə təhvil verilmişdir. Hər iki tərəfdən alınan məlumata görə, 28 mart 1992-ci il tarixinədək Xocalının 700 nəfərdən çox sakini Azərbaycan tərəfinə təhvil verilmişdi. Onlar həm şəhərin ələ keçirilməsi zamanı, həm də Ağdama gedərkən əsir götürülən şəxslər idi və əksəriyyətini qadınlar və uşaqlar təşkil edirdi. 

Eyni zamanda, bir çox Xocalı sakinlərinin ifadələrinə görə, qadınlar və uşaqlar, həmçinin kişilər “dəyişdirmə vasitəsi” kimi saxlanılırdı. Bu ifadələr "Memorial" nümayəndələrinin şəxsi müşahidələri ilə də təsdiqlənmişdir. Belə ki, martın 13-nə olan məlumata görə, Əsgəran şəhərində qadınlar və gənc qızlar da daxil olmaqla Xocalı sakinləri hələ də girov kimi saxlanılırdı. Bu tarixdən sonra da qadınların zor gücü ilə Əsgəranda saxlanıldığına dair etibarlı sübutlar mövcuddur. 

Əsir düşmüş əhalinin və Xocalı müdafiəçilərinin saxlanma şəraiti — “Memorial” müşahidəçiləri Xankəndi rayonunda yerləşən və əsir götürülmüş Xocalı sakinlərinin, eləcə də Azərbaycan silahlı birləşmələrinin üzvlərinin (onların hamısı münaqişə zonasında “girov” kimi qeydə alınmışdı) saxlanıldığı təcridxana mərkəzinə baxış keçirmişlər. Baxış zamanı onların saxlanma şəraitinin hədsiz dərəcədə qeyri-qənaətbəxş olduğu müəyyən edilmişdir. Təcridxana mərkəzində saxlanılan azərbaycanlıların xarici görkəmi onların zəif qidalandırıldığını göstərirdi və onlarda taqətdən düşmənin aydın əlamətləri var idi. Şifahi şəkildə alınan məlumatlara görə, əsirlər müntəzəm olaraq döyülürdülər. Onu da qeyd etmək lazımdır ki, müşahidəçilərə yalnız bəzi girovlara baxmağa icazə verilmişdi. 

Təcridxananın rəisi mayor Xaçaturyan əsirlikdə olan şəxslərlə hətta bir neçə dəqiqəlik təkbətək söhbət aparmağı qadağan etmişdi. Yalnız təsadüf nəticəsində bir dəfə belə bir söhbət aparmaq mümkün olmuşdur. Əsir götürülən və sonradan dəyişdirilən Xocalı sakinlərinin və şəhər müdafiəçilərinin ifadələrinə görə, onlar döyülmə hallarına məruz qalırdılar. İfadələrin bir çoxunda qadın və uşaqların kişilərdən fərqli olaraq döyülmədiyi deyilirdi. Lakin Bakı və Ağdamdakı həkimlərin də təsdiqlədiyi kimi, azyaşlılar da daxil olmaqla zorlama halları barədə ifadələr mövcuddur. 

Allahverdi Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərinin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olmuşdur. O, erməni polkovnik Vitali Balasanyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Allahverdi Bağırov erməni əsirləri avtobusla gətirib sahiblərinə təhvil vermiş, azərbaycanlı əsirləri isə Ağdamın Qarağacı qəbiristanlığında təhvil almışdır. O, həlak olanların cəsədlərini Ağdam məscidində kəfənlədib torpağa tapşırırdı. Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlünün və jurnalist Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdur. 

Cəsədlərin yığılması — Xocalı mühasirədə olan zaman şəhər əhalisi Ağdam istiqamətində deyil, dağlara və meşələrə tərəf qaçırdı. Çünki erməni silahlı dəstələri Ağdama gedən yolun üzərindəki Qaraqaya adlı yüksəkliyi tutmuşdular. Xocalı sakinlərinə Əsgəran istiqamətindən kömək etmək qeyri-mümkün olduğu üçün bir qrup döyüşçü əhaliyə yardım etmək məqsədilə plan hazırlayır və Qaraqaya əməliyyatına başlayır. Bu əməliyyat yuxarı komandanlığın göstərişi olmadan hazırlanmışdı. 

Xocalı hadisəsi baş verən günlərdə Qaraqaya ermənilərin nəzarətində idi. Yalnız fevralın 26-sı səhər saatlarında, Xocalıdan sağ çıxıb gələn insanlardan nə baş verdiyini öyrəndikdən sonra Ağdamdakı yerli batalyonlar dinc əhalini xilas etmək üçün Qaraqayanı erməni dəstələrindən azad etdilər. Bundan sonra Ağdamın Şelli kəndi istiqamətində canlarını qurtarmaq istəyən dinc Xocalı sakinləri xilas edildi. Qaraqaya əməliyyatı nəticəsində 200-ə yaxın insan əsirlikdən azad edildi və 100-dən çox meyit Ağdama gətirildi. Qaraqayanın qarşı tərəfindən bir qədər irəlidə, Əsgəran istiqamətində isə xocalıların meyitləri səpələnmişdi və həmin ərazilər ermənilərin nəzarəti altında idi. 

Xocalı sakinlərinin cəsədləri əsasən şəhərin özündə və ermənilərin nəzarəti altında olan Əsgəran, Kətük və Naxçıvanik yaşayış məntəqələrinin yaxınlığında idi. Orada qalan onlarla xocalının meyitinin götürülməsi Ağdam batalyonunun komandirlərindən biri Allahverdi Bağırov ilə Əsgəran batalyonunun komandiri Vitali Balasanyanın danışıqları nəticəsində baş tutmuşdur. Belə ki, faciədən iki gün sonra Allahverdi Bağırov Əsgəran yolundakı keçid məntəqəsinə yollandı. Düşmən tərəflə aparılan danışıqlardan sonra o, ermənilərin Əsgərandakı batalyonunun komandiri Vitali Balasanyanla görüşdü və bildirdi ki, Azərbaycan tərəfi həm meyitləri götürməli, həm də çəkiliş aparmalıdır. Həmin vaxt Bağırovla birlikdə o dövrdə Müdafiə Nazirliyinin hərbi operatoru olan Seyidağa Mövsümov da getmişdi. 

Vitali Balasanyan əvvəlcə çəkiliş aparılmasına razı deyildi, lakin Allahverdi Bağırovun təkidindən sonra bir şərtlə razılaşdı: iki erməni silahlısı azərbaycanlıları axıra qədər izləyəcək və onların icazəsi olmadan heç bir çəkiliş aparılmayacaq. Razılaşmadan sonra onlar ermənilərin maşınlarına minərək Xocalıya doğru irəlilədilər. Onlarla birlikdə iki yük maşını da yola düşdü. Maşınlarda meyitləri yığmaq üçün Xocalı özünümüdafiə batalyonunun bir qrup döyüşçüsü də var idi. 

Əsgəran qalasının yaxınlığında yerləşən Əsgəran körpüsünə çatanda məlum oldu ki, körpünün altı və ətrafı insan cəsədləri ilə doludur. Meyitlərin əksəriyyətinin başı kəsilmiş, gözləri çıxarılmış, üzlərinin dərisi soyulmuşdu. İnsanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdilər. Seyidağa Mövsümov nə qədər cəhd göstərsə də, burada çəkiliş aparmağa imkan vermədilər. Azərbaycan döyüşçüləri meyitləri yığmağa başladılar. Öldürülənlər arasında körpə uşaqlar, qızlar və qocalar çoxluq təşkil edirdi. Bəzi meyitlərin ayaqlarına kəndir və məftil bağlayaraq maşının arxasınca sürümüşdülər. 

Bir qədər irəli getdikdə xeyli sayda Azərbaycan döyüşçüsünün cəsədi göründü. Onlar döyüş vəziyyətində həlak olmuşdular. Onların arasında Əlif Hacıyevin də meyiti var idi. Əlifin sırıqlısının ətəyi üzünə düşdüyünə görə ermənilər onu tanımadılar, əks halda cəsədi aparmağa imkan verməyəcəkdilər. Ermənilər də meyitlərin arasında bəzi tanınmış şəxsləri, o cümlədən Aqil Quliyevin cəsədini axtarırdılar. Ermənilər Seyidağa Mövsümova Aqil Quliyevin cəsədini göstərərək onun Aqil Quliyev olub-olmadığını soruşduqda, Mövsümov onun Aqil Quliyev olduğunu bildiyi halda "xeyr, o deyil" cavabını verdi. 

Əlif Hacıyevin meyitindən bir qədər irəlidə qulaqları kəsilmiş yaşlı bir kişinin meyiti var idi. Başqa bir yerdə bir ailənin uşaqdan böyüyə qədər bütün üzvləri qətlə yetirilmişdi. Yol kənarında yaşlı ər-arvadı bir-birinə məftillə bağlamışdılar; kişinin kəllə qapağı çıxarılaraq əzilmiş, qadının isə qulaqları və burnu kəsilmişdi. Seyidağa Mövsümov gördüklərinin hamısını lentə köçürməyə çalışırdı. Meyitlər Qarqarçayın sahilindən dağlara qədər səpələnmişdi. Döyüşçülər Qarqarçaya çatanda ermənilər bir yük maşını dolu meyiti körpüdən çayın kənarına tökdülər. 

Seyidağa Mövsümov və meyitləri yığan döyüşçülər artıq yüksəklikdə olan zaman Çingiz Mustafayevin helikopterlə (vertolyotla) əraziyə gəlişinin şahidi oldular. Ermənilər helikopteri atəşə tutdular və uçuş heyəti ərazidən uzaqlaşdı. Çingiz Mustafayev isə döyüş meydanında düşmənlə üz-üzə tək qalaraq Naxçıvanik tərəfdə çəkiliş aparırdı. Mustafayevdən başqa Mövsümov orada digər müxbirləri də görmüşdü. Onlardan biri “Səhər” qəzetinin müxbiri Şamil Sabiroğlu, digəri isə xarici jurnalist idi. 

Çingiz Mustafayevin sözlərinə görə, o, ilk dəfə fevralın 28-də əraziyə helikopterlə gələndə havadan təxminən 500 metr radiusunda cəsədlərlə dolu meydança görmüşdü. Mustafayev göydən cəsədləri yığan Azərbaycan döyüşçülərini də müşahidə etmişdi. Ərazi erməni silahlılarının nəzarəti altında olduğu üçün pilotlar əvvəlcə eniş etmirdilər. Nəhayət helikopter yerə endikdə atəş səsləri eşidildi və helikopterlər yenidən havaya qalxdı. Mustafayevlə birlikdə gələn polis (milis) əməkdaşları isə cəmi dörd cəsəd götürməyə macal tapdılar. Çingiz Mustafayev və onunla olan daha beş nəfər həmin ərazidə (Əsgəran–Naxçıvanik yolundan 25 metr aralıda, donuz fermasının yanında) qalaraq çəkiliş apardılar. Mustafayevin dediklərinə görə, onların yanından hətta ermənilərlə dolu iki maşın da keçmişdi. Mustafayev bildirirdi ki, onunla birlikdə olan iki nəfər çox sayda ölü və eybəcər hala salınmış insan cəsədi gördüyündən huşunu itirmiş, əksəriyyətinin isə ürəyi bulanmışdı. Daha sonra helikopter geri qayıdaraq Çingiz Mustafayevi və yanındakıları ərazidən aparmışdı. 

Allahverdi Bağırovun döyüşçüləri həmin gün 85 şəhidin cəsədinin çıxarılmasında iştirak etmişdilər. Sonradan Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Əlif Hacıyev və Aqil Quliyevin meyitləri də onların arasında idi. Həmin meyitləri axşam saatlarında Ağdam yaxınlığında iki yük maşınından boşaldan zaman orada olan "Reuters" agentliyinin fotomüxbiri Frederika Langen də lentə almışdı. 

Frederika Langen "The New York Times" qəzetinə verdiyi müsahibəsində gördüklərini belə təsvir etmişdir: 

“Birinci yük maşınında mən 35 cəsəd saydım və göründüyü kimi, ikincisində də təxminən o qədər var idi. Bəzilərinin başı kəsilmiş, əksəriyyəti isə yandırılmış halda idi. Onların hamısı kişi idi və bəzilərinin əynində hərbi rəngdə forma var idi.”  

Ümumilikdə, Allahverdi Bağırovun döyüşçüləri Kətük, Naxçıvanik, Əsgəran və Xocalıdan 180-ə yaxın cəsəd toplayaraq Ağdam məscidinə gətirmişdilər. Cəsədlərin xeyli hissəsi tanınmaz hala salınmışdı. Martın 2-də Çingiz Mustafayev bir qrup xarici jurnalistlə birlikdə hadisə yerinə çatanda cəsədlərin əksəriyyəti daha da eybəcər hala salınmış vəziyyətdə idi. Mustafayevin "İzvestiya" qəzetinə bildirdiyinə görə, cəsədləri bir neçə gün ərzində ardıcıl olaraq eybəcər hala salırmışlar. 

Soyqırımın qurbanları — 1992-ci il fevralın 26-da XX əsrin ən faciəli hadisələrindən biri törədildi. Dağlıq Qarabağda 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı alayının köməyi ilə erməni silahlı dəstələri tərəfindən bir gecədə darmadağın edildi. Hadisə zamanı 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq və 70 qoca öldürüldü. Bundan başqa, 1000 nəfərdən artıq insan əlil oldu (şikəst edildi), 1275 nəfər əsir alındı və 8 ailə bütövlüklə məhv edildi. Həmçinin 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başları kəsildi və gözləri çıxarıldı. 

Əksər Azərbaycan və beynəlxalq kütləvi informasiya vasitələrində (KİV) qeyd olunur ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insan olmaqla ümumilikdə 613 Xocalı sakini qətlə yetirilmişdir. Nəticədə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanmışdır. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 

Azərbaycan parlamentinin hüquq, qanunçuluq və müdafiə məsələləri idarəsinə rəhbərlik edən və Xocalı hadisələrinin istintaqını aparan parlament qrupunun üzvü Namiq Əliyev aprelin 23-də "Helsinki Watch" təşkilatına bildirdiyinə görə, Ağdamda 213 Xocalı qurbanı dəfn olunmuşdur. Ağdamda müvəqqəti yaradılmış hospitala qəbul edilmiş bəzi cəsədlər döyüşçü (kombatant) kimi müəyyən edilmişdir. "Helsinki Watch" təşkilatı 180 Xocalı sakininin itkin düşdüyünü qeyd edir. 

"Qara bağ" kitabının müəllifi Tomas de Vaalın fikrincə, faciə nəticəsində 485 insan (donvurma nəticəsində həlak olanlar da daxil olmaqla) həyatını itirmişdir. Azərbaycan hakimiyyətinin rəsmi hesablamasına görə isə 25–26 fevral hadisələri zamanı həlak olanların sayı 613 nəfər olmuşdur ki, onlardan da 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl yaşlı insanlardır. 

İşğaldan əvvəl rayonda aşağıdakı sosial və mədəni obyektlər fəaliyyət göstərirdi: 

11 orta məktəb və 1 ibtidai məktəb; 

Uşaq yaradıcılıq mərkəzi və 3 musiqi məktəbi; 

Tarix-diyarşünaslıq muzeyi, 20 klub və 29 kitabxana; 

Mərkəzi rayon xəstəxanası, 13 tibb məntəqəsi və 4 həkim ambulatoriyası. 

Xocalı sakinlərinin əmlakı — Şəhərdən çıxan Xocalı sakinləri hətta ən zəruri əşyalarını belə götürə bilməmişdilər. Erməni silahlı dəstələrinin Xocalıdan çıxardıqları sakinlərə əşyalarının bir hissəsini belə götürməyə imkan verilmədi. "Memorial" müşahidəçiləri şəhərdə heç nə ilə qarşısı alınmayan kütləvi soyğunçuluğun şahidi olmuşlar. 

Şəhərdə qalan əmlak Xankəndi və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Bir çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdı. Qondarma "DQR" Ali Sovetinin qərarına əsasən, ehtiyacı olan ermənilər Xocalıdakı evlərə köçürülür və bunun üçün onlara xüsusi nömrələr verilirdi. 

 

 

Davamı, növbəti səhifədə →   

Bölmə: Xocalı | Əlavə etdi: Beynəlxalq_İnformasiya (26/02/2017) | Müəllif: Baş redaktor: Kamran Ələkbərli
Baxılıb: 1651 | Etiketlər: azərbaycan, 26 fevral, Əsgəran, Xocalı soyqırımı, Xocalı | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar
Logo
Beynəlxalq İnformasiya - Xəbərlər | International Information - News
Reuters & BBC Editorial Standard — Real-time AI Translation LIVE NEON
⚡ Status: Ready to translate with Google Gemini AI...
Translated News
Neural AI is translating and refining the press release in real-time...
Open in External AI Portals:
inter-info.ucoz.org