|
Azərbaycan Respublikası Sədərək rayonu Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Kərki kəndi Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidinə daxil olan kənddir. 1990-cı il yanvar ayının 15-də Sədərək rayonunun Kərki kəndi erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir. Həmin gün axşam saat 18:00–19:00 radələrində sovet hərbçiləri Kərki kəndinin müdafiəçilərinə "daha sizi erməni silahlı dəstələrindən qorumaq imkanımız yoxdur, əgər qalsanız, hamınızı girov götürəcəklər" deyərək kəndi tərk etməyi təkidlə tələb etdilər. Kəndin müdafiəçiləri bu tələbdən sonra Kərkini tərk etməyə məcbur oldular. Beləliklə, 1990-cı il yanvarın 15-də Kərki kəndi sovet hərbçiləri tərəfindən yerli sakinlərdən alınaraq erməni silahlı dəstələrinə verildi. Kərki kəndi işğal olunan zaman hələ Qarabağ işğal edilməmişdi, Xocalı faciəsi baş verməmişdi, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları erməni silahlı dəstələri tərəfindən ələ keçirilməmişdi. Həmçinin həmin dövrdə Sədərək rayonuna da erməni silahlı dəstələrinin hücumları hələ başlamamışdı. Kərki kəndinin işğalı 20 Yanvar Bakı qırğınının, Xocalı faciəsinin, Azərbaycanın digər rayonlarının işğalının və erməni silahlı dəstələrinin Sədərək rayonuna silahlı basqınlarının başlanğıcı oldu. Kərki kəndinin işğalı Naxçıvanda və Azərbaycanın bir çox bölgələrində birmənalı qarşılanmadı. Hətta 1988-ci ildən etibarən böyük çətinliklərlə kəndi müdafiə edən, son güllələrinə qədər döyüşən və 1990-cı il yanvarın 15-də kəndi silahsız tərk edən insanları günahlandıranlar, onlara qarşı əsassız ittihamlar irəli sürənlər və "torpağı qoruya bilmədiniz" deyənlər də oldu. “Beynəlxalq İnformasiya” qəzeti redaksiyasının digər saytlardan əldə etdiyi məlumatlara əsasən, 1990–1993-cü illərdə baş verən müharibə tarixə Sədərək döyüşləri kimi düşmüşdür. 12–14 kilometrlik döyüş zolağına malik Sədərək rayonunun Kərki kəndi Naxçıvanın erməni silahlı dəstələri tərəfindən işğal olunmuş yeganə kəndidir. Kəndin ərazisindəki şəhidlikdə XX əsrin əvvəllərində burada gedən döyüşlərdə həlak olmuş türk əsgərinin türbəsi yerləşir. Yerli sakinlərin müharibə ilə bağlı danışdıqları hadisələr olduqca sarsıdıcıdır. Sakinlər bu günə qədər düşmən mövqelərinə çox yaxın məsafədə yaşayır və üz-üzə fəaliyyət göstərirlər. Kərki kəndinin tam işğal olunduğu gün 1990-cı il yanvarın 15-dir. Bəzi məqalə və kitablarda bu tarix səhvən 19 yanvar kimi qeyd edilmişdir, lakin əslində kəndin son müdafiəçiləri ərazini 15 yanvarda tərk etmişlər. Kərkidə hansı hadisələrin baş verdiyi, kəndin son müdafiəçilərinin kimlər olduğu, onların hansı şəraitdə döyüşdüyü və kəndin necə işğal edildiyi barədə çoxlarının məlumatı yox idi. Həmin günün faciəvi tarixi o dövrün şahidlərinin və son döyüşün iştirakçılarının xatirələri əsasında qələmə alınmışdır. Rayonun adının tarixçəsi — Sədərək tarix boyu bölgənin ən mühüm yaşayış məntəqələrindən biri olmuş və özünəməxsus inzibati statuslara malik olmuşdur. Tədqiqatçı E.Kəlbizadənin "Naxçıvanın tarixi-coğrafiyası (XII–XVIII əsrin I yarısı)" adlı kitabında qeyd edilir ki, bu ərazi XIII–XIV əsrlərdə Naxçıvan tüməninin tərkibində olmuşdur. Qaraqoyunlu və Ağqoyunlu dövlətləri dövründə Sədərəyin adı Çuxursəd əyalətinin səkkiz hakimliyindən biri kimi çəkilmişdir. XVI əsr mənbələrində isə Sədərək sultanlıq kimi göstərilir. Fransız səyyahı Jan Şarden də təsdiqləyir ki, həmin dövrdə Sədərək ayrıca bir hakimlik, yəni sultanlıq olmuşdur. Şarden öz qeydlərində belə yazır: “Çox düzən və məhsuldar bir ərazi ilə beş lyö yol getdik. Ərazi dağlarla əhatə olunmuşdu. Sağ tərəfdəki dağları Nuh dağı adlandırırlar. Biz Qaynar adlı kiçik bir şəhərdə dayandıq. Sonra həmin yolla gedib səkkiz lyö məsafə qət etdik. Yolun yarısında, sol tərəfdə Sədərək adlı şəhərciyin yanından keçdik. Mahalın sultanı da bu şəhərcikdə yaşayır”. Səfəvilər dövründə kiçik inzibati vahidlərin hakimləri sultan titulunu daşıyırdılar və yerli hakimiyyət orqanlarını müstəqil şəkildə yaradırdılar. Sultanlar müvafiq vilayətin qolbəyilərinə və bəzən birbaşa bəylərbəyisinə tabe idilər. XVIII əsrin əvvəllərində də Naxçıvan tüməni, Maku, Zaruzəbil, Şadili, Dünbülü və Mağzaberd hakimlikləri kimi Sədərək hakimliyi də Çuxursəd bəylərbəyliyinin tabeliyində olmuşdur. 1728-ci ilə aid “İrəvan əyalətinin icmal dəftəri”ndəki məlumatlardan aydın olur ki, həmin vaxt Sədərək nahiyəsinə 24 yaşayış məntəqəsi daxil idi. Nadir şah Əfşarın hakimiyyəti dövründə Sədərək Naxçıvan ölkəsinin 11 mahalından biri olmuşdur. Bir çoxları üçün Sədərəyin rayon kimi tarixi 1990-cı il avqustun 28-dən başlayır. Lakin arxiv sənədləri sübut edir ki, Sədərəyin rayon kimi tarixi XX əsrin əvvəllərinə, konkret olaraq 1921-ci ilə təsadüf edir. Naxçıvan Dövlət Arxivində mühafizə olunan və surəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin elmi arxivində (fond 8, siyahı 4, iş 5) saxlanılan “Naxçıvan MSSR-in inzibati-ərazi bölgüsünün sxemi” adlı 16 mart 1921-ci il tarixli sənəddə Naxçıvan ərazisində həmin dövrdə 3 qəzanın (Naxçıvan, Şərur və Ordubad) və 9 rayonun adı çəkilir. Bu rayonlardan biri də Sədərəkdir. Həmin sənəd Baş Ştab Akademiyasının dinləyicisi M.Pereşin tərəfindən Azərbaycan SSR-in fövqəladə komissarına və Naxçıvan SSR-in xalq hərbi komissarına məruzə şəklində hazırlanmışdır. Sənəddə Naxçıvan qəzasının tərkibində Tumbul, Cəhri və Şahbuz rayonlarının olduğu göstərilir. Ordubad qəzasının tərkibində Yaycı, Əbrəqunus və Çənənəb rayonları, Şərur qəzasının tərkibində isə Baş Noraşen (Cəlilkənd), Şahtaxtı və Sədərək rayonları qeyd edilmişdir. Sənəddəki məlumatlardan aydın olur ki, o zaman yaradılmış Sədərək rayonu bugünkü Sədərək rayonuna nisbətən daha geniş əraziləri əhatə etmişdir. Sonralar əsassız olaraq Ermənistan SSR-ə verilmiş bir sıra yaşayış məntəqələri də həmin dövrdə bu rayonun tərkibinə daxil olmuşdur. Məruzənin “Naxçıvan SSR-in şəhər və kəndləri: yerləşdikləri qəza və rayonlar üzrə” adlı hissəsində o zamankı Sədərək rayonunun tərkibində 37 yaşayış məntəqəsinin adı çəkilmişdir: Sədərək, Kürkənd, Qaraburc, Maxta, Ortulu Təzəkənd, Kərimbəyli, Quşçu-Dəmirli, Saraclu, Volçovarotskiy (Qurd qapısı) qəsəbəsi, Dəvə-Ölən, Cərarlı-Banut, Günnüt-Cəfərli, Kərki, Arazdəyən stansiyası, Karvansaray, Calavan, Kərxmiz, Kiqayu qışlağı, Yanığ, Qaraburun, Yuxarı Başki, Aşağı Başki, Urmiya, İsfahan, Yaycı, Gümbəz, Ovçarı (Əfşarı), Asnı, Səfərəli-din, Smo, Şərqi, Məngi, Sərxan, İraq qışlağı və Düdəngə. Kərki kənd sakini Abbas Əhmədovun xatirələri: Kərkinin son günü haqqında danışmazdan əvvəl həmin vaxta qədər yaranmış gərginlik və narahatlıq barədə məlumat vermək istəyirəm. 70-dən artıq ailənin, təxminən 350 nəfər əhalinin yaşadığı kiçik bir kənddə 1988–1990-cı illərdə hansı çətinliklərlə üzləşdiyimizi yalnız Kərki əhalisi bilir. Düzdür, Sədərəkdən, Şərurdan və Naxçıvan şəhərindən bir çox könüllülər köməyimizə gəlib həftələrlə, aylarla bizə dəstək oldular. Lakin Sədərəkdən 12 kilometr aralıda, İrəvan–Cermuk yolunun 20–30 metrliyində yerləşən kiçik bir kənddə yaşamaq çox çətin idi. Həmin yoldan gün ərzində keçən ən azı 400–500 erməni avtomobilinin hər birindən təhqiramiz və kinayəli sözlər eşidərək Kərki kəndində dözümlə yaşayırdıq. 1988-ci ildən başlayaraq asfalt yoldan keçən erməni avtomobillərindən kəndə atəş açılır, əhali daim təhlükə və qorxu içində yaşamağa məcbur edilirdi. 1988-ci ilin ortalarından etibarən kənddə ağsaqqalların iştirakı ilə xüsusi məsləhət qrupları yaradılmışdı. İsgəndər Əliyev ilə Əziz müəllim işlərə ümumi rəhbərlik edir və rayon təşkilatları ilə əlaqə saxlayırdılar. Abbas Vəliyev ilə İsmayıl Əhmədov kəndin təchizat məsələlərinə və ərzaq normalarının bölünməsinə nəzarət edirdilər. Uzun illər kənddə həkim işləyən İslam İsmayılov erməni silahlı dəstələrinin təhlükəsi altında olan və rayon mərkəzindən təcrid edilmiş kənddə səhiyyə xidmətini təşkil edir, sakinlərə tibbi yardım göstərirdi. Həmin vaxtlar kənddəki yeməkxanada işləyən Əli Orucov ilə Əli Əliyevə yalnız sovet hərbçilərinə xidmət göstərmək tapşırılmışdı. Məqsəd o idi ki, sovet hərbçiləri kəndi erməni silahlı dəstələrindən yaxşı qorusunlar. Kərki rayon mərkəzindən tamamilə təcrid olunmuş vəziyyətdə idi. 1988-ci ildən özümüz kənd əhalisinin dəqiq siyahısını hazırlayıb silah tuta bilən 45 nəfəri qeydiyyata almışdıq. Hər birində 15 nəfər olmaqla kəndin üç yerində müdafiə postu yaratmışdıq. Sədərəkdən, Şərurdan və Naxçıvanın müxtəlif bölgələrindən gələn könüllülər də daxil olmaqla, Kərki kəndini 2–3 il bu vəziyyətdə müdafiə etdik. Lakin 1990-cı il yanvarın 15-i doğma torpağımızı son müdafiə günümüz oldu. Yanvarın 15-də səhər saat 04:00-da güllə səsinə oyandım. Pəncərədən baxanda güclü qar yağdığını gördüm. Postdan xəbər almaq üçün həyətə çıxmaq istəyirdim ki, “motor damı” adlanan tərəfdən bir güllə atıldı. Bu atəşdən sonra asfalt yol tərəfdən erməni silahlı dəstələri həyətimizə aramsız atəş açmağa başladılar. Ötən gecəni postda keçirmiş və həmin vaxt bizim evdə dincələn Xəlili çağırıb həyətə erməni silahlı dəstələrinin dolduğunu və mühasirədə qaldığımızı bildirdim. Səhər saat 08:00-a qədər evdən çıxmağımız mümkün olmadı. Evimiz dərədə yerləşdiyi üçün sağ sahildəki asfalt yoldan erməni silahlı dəstələri, sol sahildən isə bizim müdafiəçilər atəş açırdılar və biz güclü atəş altında qalmışdıq. Səhər saat 08:00-a qədər evin arxasından həyətə dolan erməni silahlı dəstələrinə atəş açsaq da, onları həyətdən çıxara bilmirdik. Yalnız motor damı tərəfdən Rzanın beşaçılan tüfənginin fasiləsiz atəşləri erməni silahlı dəstələrinin diqqətini yayındıra bildi və biz çətinliklə həyətdən çıxa bildik. Saat 12:00-a yaxın kəndi erməni silahlı dəstələrindən təmizlədik. Kərki kənd sakini Rza Cabbarovun xatirələri: Yanvarın 14-dən 15-nə keçən gecə mən əsas post sayılan motor damında növbədə idim. Telefon xətti erməni silahlı dəstələri tərəfindən kəsildiyinə görə, bir neçə gün əvvəl Şərur Rayon Rabitə Şöbəsində işləyən həmkəndlimiz Samilin köməyi ilə qərargahda radiotelefon quraşdırılmışdı. Axşamüstü zəng edib soruşdular ki, Ermənistan tərəfdən Cermuk yolu ilə gedən avtomobil karvanı barədə nə məlumatınız var? Bizdə əvvəlcədən heç bir məlumat yox idi, lakin kəndin ən hündür yerində yerləşən ehtiyat növbətçilərin köməyi ilə həmin karvanda gedən avtomobilləri sayırdıq. Yoldan 115 erməni avtomobili keçdi. Bu vəziyyət bizdə şübhə yaratdığı üçün axşam postlara ayıq-sayıq olmaq barədə xüsusi tapşırıqlar verdik. Səhər saat 04:00 radələrində 2000–3000 nəfərlik erməni silahlı dəstələri kəndi mühasirəyə alanda anladıq ki, yuxarı istiqamətə gedən avtomobillər gecə Kərkiyə hücum etmək üçün toplanırmış. Həmin gecə mənimlə birlikdə motor damında Abbas Əhmədov, Elşad Məmmədov, Elxan Abbasov və Xəlil Xəlilov da növbədə idi. Gecə saat 03:00-a qədər sakitlik olduğu və Xəlil çox yuxusuz qaldığı üçün mən Abbas ilə Xəlili məcbur etdim ki, gedib Abbasın evində 1–2 saat dincəlsinlər. Onlar yenicə getmişdilər ki, erməni silahlı dəstələrinin hücumu başladı. Biz həmin postda cəmi 3–4 nəfər olsaq da, səhərə qədər tez-tez yerimizi 2–3 metr dəyişib müxtəlif istiqamətlərdən atəş açırdıq. Bununla həm erməni silahlı dəstələrinin kəndə daxil olmasının qarşısını aldıq, həm də Abbas ilə Xəlilin dərədəki evdən çıxmalarına kömək etdik. Kərkinin son müdafiə günündə Ağoşun təmir etdiyi topdan istifadə edirdik. Ehtimal ki, erməni silahlı dəstələrinə qarşı Naxçıvanda ilk top atəşini məhz Ağoş açmışdır. Kərki kənd sakini Ağoşun xatirələri: 1960-cı illərin sonlarında ermənilər Kərki dağlarında bədii film çəkirdilər. Filmin çəkilişi başa çatdıqdan sonra ərazidə onların atıb getdikləri, üzərində ay-ulduz olan türk bayraqlarını və türk hərbi geyimlərinin nişanələrini tapdıq. Bundan sonra bizə aydın oldu ki, onlar guya türklərin erməniləri qırması barədə saxta film çəkirmişlər. Həmin filmin çəkiliş meydanında həmçinin yararsız vəziyyətdə olan köhnə türk topu qalmışdı. Mən böyük maraqla kənd cavanlarını toplayıb həmin topun lüləsini dartıb həyətimizə gətirdim. Sanki nə vaxtsa lazım olacağını hiss etmişdim. Buna görə də bir neçə il o topun üzərində işləyib bacardığım şəkildə onu işlək vəziyyətə gətirdim. Həmin vaxt sakitlik dövrü olsa da, qaranlıq gecələrdə o topu bir neçə dəfə ataraq sınaqdan keçirmişdik. İllərlə çəkdiyimiz zəhmət 1990-cı il yanvarın 15-də, çətin günümüzdə köməyimizə çatdı. Sübh tezdən 2000–3000 nəfərlik erməni silahlı dəstələri kəndi bir neçə istiqamətdən mühasirəyə almışdı. Şırran körpüsü, O tay, Köhnə Kərki və Sənəm zağası tərəfdən irəliləyən erməni silahlı dəstələri Kərkini tamamilə mühasirəyə almışdılar. Vəziyyət getdikcə ağırlaşırdı. Fasiləsiz atəş açdığımız tüfənglər həddindən artıq qızdığı üçün onları qarda soyudaraq atəş açsaq da, güllələrimiz də tükənmək üzrə idi. Kənddə güclü atışma səsləri eşidilirdi. Şırran körpüsü tərəfdən kəndə daxil olan erməni silahlı dəstələri evləri yandırmağa başladılar. İlk yandırılan tikililər Nadirin evi və kənd yeməkxanası oldu. Onlar həmçinin Vəlinin və Zeynalın evlərinə, eləcə də Manafın ot tayasına od vurdular. Kəndi bürüyən qara tüstünün yaratdığı vahimə içində könüllü müdafiəçilərin hamısı nisbətən hündürdə yerləşən bizim həyətə toplaşırdı. Erməni silahlı dəstələri isə aşağıda, asfalt yolun üzərində toplaşıb sevinirdilər. Belə bir vaxtda topun lüləsini aşağıya, erməni silahlı dəstələrinin toplandığı yerə tuşladıq, yerə bağlanmış zəncirləri bərkitdik və ilk atəşi açdıq. İlk atəşdən sonra dağılışan erməni silahlı dəstələri qışqıraraq qaçmağa başlayanda, ehtiyatda saxladığımız 7 mərminin hamısını atdıq. Yaralıları və ölənləri yük avtomobilləri ilə ərazidən aparan erməni silahlı dəstələri bir neçə saat hücumu dayandırdılar. Kərkidən top atəşinin açılması onları tamamilə çaşdırmışdı. Haşiyə — Ağoşun top atəşindən sonra erməni silahlı dəstələri atəşi dayandırmışdı. Kərkinin müdafiəçiləri də bu sakitlikdən istifadə edərək məktəbin binasına toplaşmış və vəziyyətdən çıxış yolu axtarırdılar. Sübh tezdən onları narahat edən Nadirin girov götürülməsi və ya öldürülməsi xəbərinin yalan olduğu məlum olduqda müdafiəçilər bir qədər rahatladılar. Müdafiəçilərdən biri imkan tapıb Nadirin həyətinə daxil olmuş və qar üzərində evdən çıxan ayaq izlərinin Həsən Kazımovun və oğlu Vaqifin həyətinə doğru getdiyini görmüşdü. Həsən Kazımov, Mahir İsmayılov, Şahin Kazımov və Vaqif gecə vaxtı kənd qadınlarını Şurut–Cəhənnəmdərə yolu ilə Sədərəyə endirmişdilər. Məlum oldu ki, Nadir də həmin günə qədər Kərkidə qalan 75 yaşlı Nazlı Bağırovanı, 50–52 yaşlı Xavər Həsənovanı və Sona Məmmədovanı səhərə yaxın qarlı dağ yolları ilə piyada Sədərəyə aparan Həsən Kazımova, Mahir İsmayılova, Şahin Kazımova, həmçinin həyat yoldaşı Xavəri, oğlu Çingizi və 7 yaşlı qızı Fəxrəntacı aparan Vaqifə qoşularaq onların Sədərəyə çatdırılmasına kömək etmişdir. Sübh tezdən başlayan döyüşlər zamanı başından yaralanan Bəxtiyarın da yarasının ağır və təhlükəli olmaması müdafiəçiləri sevindirirdi. Lakin axşam düşürdü və kənddə yenidən tək-tək atəş səsləri eşidilirdi. Rus hərbçiləri top atəşlərindən sonra xeyli narahat olmuş və Kərkinin müdafiəçilərini çağıraraq son sözlərini demişdilər: “Artıq bizim cəmi 2 gülləmiz qalıb. Erməni silahlı dəstələri sizi girov götürsələr, kömək edə bilməyəcəyik. Bu gecə baş verəcək hadisələrə biz cavabdeh deyilik”. Artıq tam mühasirə vəziyyətində olan Kərkidə 15–20 nəfərin müdafiəni davam etdirməsi mümkün deyildi. Kənddən çıxmaq üçün yeganə yol Şurut yolu ola bilərdi. Lakin bu dərədə də erməni silahlı dəstələrinin olub-olmadığı məlum deyildi. Bu dərəyə yeganə ümid yolu kimi baxan müdafiəçilərdən biri həmin istiqamətdən bir nəfərin, arxasınca isə 2–3 nəfərin gəldiyini görəndə sevincini gizlədə bilmədi və ucadan qışqıraraq: “Şurut yolu açıqdır, Yavər gəlir”, – dedi. Kərki kənd sakini Yavər Ələkbərovun xatirələri: Həmin gecə Sədərəkdə idim. Kərkiyə erməni silahlı dəstələrinin hücum etdiyini eşidəndə gedib sədərəkli qohumum Əli Səfərovun tüfəngini götürdüm. Sədərəkdən bir neçə nəfər – Məhərrəm Bağırov, Məmməd Cəfərov, Xudu Orucov və Mikayıl Həsənov da mənə qoşuldu. Bəhmanın avtomobili ilə Qaraağacın yaxınlığına qədər gəlib “camışçılıq” adlanan fermaya çatdıq. Orada vəziyyətdən xəbərdar olan çoxlu insan toplaşmışdı. Bizə Kərkiyə getməyin mümkün olmadığını desələr də, qərarımızdan dönmədik. Qısa dağ yolu ilə hərəkət edib axşamüstü Kərkiyə çatdıq. Həmin gün döyüşlərdə iştirak etməsək də, bizim gəldiyimiz yolun açıq olduğunu öyrənən Kərkinin son müdafiəçiləri həmin yolla Sədərəyə enə bildilər. Sonrakı vəziyyət — 1990-cı il yanvarın 15-də səhər saat 04:00 radələrindən axşam saat 18:00–19:00-a qədər Kərki kəndində şiddətli döyüşlər getdi. Həmin gecə növbədə olan Elxan Abbasov motor damındakı radiotelefon ilə güclü atəş altında yerə uzanmış vəziyyətdə mümkün olan bütün yerlərə xəbər versə də, əraziyə kömək göndərilməsi mümkün olmadı. 20–30 nəfər Kərki sakini və 2–3 nəfər Şərur Rayon Polis Şöbəsinin əməkdaşı 2000–3000 nəfərlik erməni silahlı dəstələrinə qarşı döyüşsə də, qüvvələrin qeyri-bərabər olması onların müdafiəni davam etdirməsinə imkan vermədi. Axşamüstü onlar bir neçə saatlıq fasilədən sonra yenidən başlayan güclü atəş altında Ədalətin həyətindən kiçik qruplarla Şurut tərəfə keçdilər və Şurut dərəsindən Sədərəyə enən qarlı dağ yolu ilə kəndi tərk etdilər. Beləliklə, Kərki kəndi erməni silahlı dəstələri tərəfindən işğal olundu. Çoxəsrlik tarixə malik olan bu qədim yaşayış məntəqəsi digər işğal olunmuş tarixi mahallarımız – Zəngəzur, Göyçə, Basarkeçər, Vedibasar, eləcə də Qarabağ, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Ağdam, Füzuli və Cəbrayıl rayonları kimi erməni silahlı dəstələrinin nəzarətinə keçdi. Qeyd edək ki, tarixi sənədlərdə adı çəkilən kəndlərdən Kürkənd, Qaraburc, Maxta, Kərimbəyli və Düdəngə kəndləri bu gün Şərur rayonunun tərkibindədir. Ovçarı (Əfşarı), Ortulu-Təzəkənd və Arazdəyən stansiyasının isə Ermənistan Respublikası ərazisində olduğu müəyyənləşdirilmişdir. Rayonun yaşayış məntəqələrindən biri kimi qeyd edilmiş Günnüt-Cəfərli toponiminin birinci hissəsi olan Günnüt bu gün də rayon ərazisində qalmaqdadır. Sədərək rayonu ərazisində bu gün də mövcud olan Günnüt (Küngüt) toponimi, ehtimal ki, monqolların tərkibində Azərbaycana gəlmiş konqorat tayfalarının adı ilə bağlıdır. Bu toponimin monqol mənşəli olması fikrini tədqiqatçılar A.Axundov və A.Bağırov da təsdiqləmişlər. A.Axundov küngüt sözünü monqol və monqolların tərkibində Azərbaycana gələn türkdilli küngüt tayfasının adı ilə əlaqələndirmişdir. Sədərək rayonu ərazisində maraq doğuran yer adlarından biri də “Karvansaray” olmuşdur. Araşdırmalar zamanı müəyyən edilmişdir ki, bu ərazi indiki Sədərək kəndinin cənubunda yerləşmişdir. Tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev İpək Yolu üzərindəki Naxçıvan karvansaraylarından bəhs edərkən Sədərək kəndinin cənubunda bir karvansarayın olduğunu və həmin karvansarayın XX əsrin əvvəllərinə qədər fəaliyyət göstərdiyini qeyd etmişdir. Bütün bunlar göstərir ki, 1990-cı ilin avqustunda Şərur rayonunun bir neçə kəndi hesabına yaradılmış rayonun məhz Sədərək adlandırılması və ayrıca rayon kimi təşkili təsadüfi deyil və tarixi ənənələrə əsaslanır. Bu tarixin dərindən bilicisi və Sədərəyin yenidən rayon kimi formalaşmasının təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur. Ümummilli lider Heydər Əliyev 2002-ci il avqustun 14-də Sədərək rayonunun sakinləri ilə görüşdəki çıxışında demişdir: “Sədərək həmişə Azərbaycanın ən kənar nöqtəsində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm. Yəqin ki, xatirinizdədir, vaxtilə, 1977-ci ildə mən Azərbaycana rəhbərlik etdiyim zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, bu bizimdir, o bizimdir deyirdilər. Mənim yadımdadır, burada Həsənqulu bağı adlı bir yer var idi, guya ki, o bağ onlarındır. Sonra mən 1990-cı ildə buraya gələndə də bu məsələlərlə məşğul olmuşam. O vaxt mən bu təhlükəni hiss edirdim. Ona görə də belə qərara gəldim ki, Azərbaycana Naxçıvan tərəfdən giriş yerində müasirtipli evlər tikək. Çünki o vaxt Ermənistan ərazisindən buraya gediş-gəliş çox idi, turistlər və sovet dövründə digər qonaqlar gəlib-gedirdilər və onlar görməli idilər ki, Azərbaycan torpağında yaşayış necədir. Məhz buna görə mən o vaxt burada bu qəsəbənin salınması barədə göstəriş verdim”. Sədərək rayonu bu gün öz inkişafının yeni mərhələsindədir. Son illərdə rayonda aparılan tikinti və quruculuq işləri bu bölgəni xeyli abadlaşdırmışdır. Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki kəndi 1990-cı ildə erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir. Bundan sonra kəndin məcburi köçkün düşmüş əhalisini yerləşdirmək üçün Kəngərli rayonunda yeni qəsəbə salınmışdır. Hazırda məcburi köçkünlər Yeni Kərki qəsəbəsində məskunlaşmışlar. Kərki kəndi isə hələ də erməni silahlı dəstələrinin işğalı altındadır.
Bu məqalənin hazırlanmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarından, tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Məmmədovun yazısından, eləcə də “Şərq qapısı” qəzetinin və Vikipediyanın Qarabağ bölməsinin internet resurslarından istifadə edilmişdir.
K. Ələkbərli |
|
|
| |
| Baxılıb: 1269 | | |
| Ümumi Şərhlər: 0 | |