|
Azərbaycan Respublikası Şuşa rayonu 1992-ci il may ayının 8-də Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunub. Şuşa rayonu Kiçik Qafqazda, Qarabağ silsiləsi ərazisində və dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşir. Rayonun ərazisi 289 km²-dir. Əhalisi 1 yanvar 2016-cı il tarixinə olan məlumata görə 32,8 min nəfər olub. Şuşa rayonunun ərazisinə 1 şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir. İri yaşayış məntəqələri Şuşa şəhəri, Malıbəyli və Daşaltı kəndləridir. Şuşa şəhəri erməni silahlı dəstələri tərəfindən işğal edilmiş və vəhşicəsinə dağıdılmışdır. Şəhərin adının tarixçəsi — Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Qay Korneli Tasit (Gaius Cornelius Tacitus) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində «ş» səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün şəhəri "Şuşa" ("şüşə") adlandırmışlar. Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. Qədim dövrlərdən mövcud olmuş bu şəhər XIII əsrdə monqollar tərəfindən dağıdılmışdır. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunmuşdur. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının, Midiya dövlətinin, Qafqaz Albaniyasının və Qarabağ xanlığının ayrılmaz hissəsidir. Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli iqtisadi, siyasi və mədəni mərkəzi kimi yaranmış və inkişaf etmişdir. Qarabağ xanı Pənahəli xanın hakimiyyəti illərində, 1757-ci ilə qədər burada çoxlu abidələr tikilmişdir. Onun oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyümüş, müdafiə bəndləri və qalalar inşa edilmişdir. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlmişdir. Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınmışdır. İlk vaxtlarda Şuşa adı ilə yanaşı, şəhəri xanın şərəfinə Pənahabad da adlandırırdılar. Şuşanın bir şəhər kimi formalaşması 3 əsas mərhələdən keçmişdir. Pənahəli xanın hakimiyyət dövrünü (1748–1763-cü illər) əhatə edən birinci mərhələdə şəhərin ən qədim və ilk böyük məhəlləsi olan Təbrizli məhəlləsi salınmış, sonralar isə şəhərin relyefinə uyğun olaraq "Aşağı məhəllə" adlandırılmışdır. 1763-cü ilə qədər qeyri-sabit şəraitdə davam edən bu mərhələdə tikinti işləri bir qədər tələsik aparılmış və şəhərin şərq hissəsində doqquz məhəllə salınmışdır. Əhalisinin əksəriyyətini vaxtilə Təbriz və Ərdəbildən Bayat qalasına köçürülmüş sənətkarlar təşkil edən bu məhəllədə Çuxur, Qurdlar, Culfalar, Seyidli, Quyular, Hacı Yusifli, Qazançalı, Dördlər qurdu, Merdinli və Dördçinar adlı kiçik məhəllələr yerləşirdi. Şuşanın şəhər kimi formalaşmasının İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763–1806-cı illər) təsadüf edən ikinci mərhələsində aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olmuşdur. Bu mərhələdə 8 kiçik məhəllədən ibarət olan və "Yuxarı məhəllə" adlanan ikinci böyük məhəllə formalaşmışdır. Şəhərsalma üçün əlverişli olan "Aşağı məhəllə"nin ərazisindən fərqli olaraq, buranın ərazisi nisbətən dağlıq idi və sıx meşə ilə örtülmüşdü. Buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan "Yuxarı məhəllə"də 8 yeni küçə salınmışdır: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı və Təzə. XIX əsri əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq olan qərb hissəsində yeni məhəllələr salınmış və bununla da Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatmışdır. Şəhərin dağlıq ərazisində yerləşən "Qazançalı" adlı üçüncü məhəlləsinin tikintisinə 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra başlanılmış və bu proses bütün XIX əsr ərzində davam etmişdir. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdur. Mirzə Yusif Qarabaği bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir. XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdir. Onun ətrafında böyük və güclü sədd çəkilmiş, çoxsaylı sənətkar məhəllələri yaranmışdır. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayırdılar. Burada "Pənahabad" adlanan gümüş sikkə zərb edilirdi. Tədricən qalanın ətrafında yaşayış məhəllələri salındı və Şuşa qalası tez bir zamanda Qarabağ xanlığının paytaxtına çevrilərək 1756-cı ildən 1823-cü ilədək bu statusu daşımışdır. Şuşa qalası qədim yaşayış yerinin üzərində inşa edilmişdir. Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloqları Şuşa qalasının yerində qədim yaşayış məskəni olduğunu və həmin şəhərin XIII əsrdə monqolların basqını nəticəsində dağıdıldığını müəyyən etmişlər. Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olmuş və inkişaf etmişdir. 1891-ci ildə almaniyalı kartoqraf Adolf Ştiler (Adolf Stieler) 95 xəritədən ibarət "Ştilerin Əl Atlası" ("Stieler's Hand-Atlas") adlı atlas dərc etdirmişdir. Bu atlasda Şimali Azərbaycan "Rusiya və Skandinaviya" deyil, "İran və Turan" başlıqlı xəritədə göstərilir və burada Şuşa şəhəri (1121 m) Qarabağın mərkəzi kimi qeyd olunub. Azərbaycan Demokratik Respublikası — 1918-ci ilin dekabrında Cəbrayıl qəzasının azərbaycanlı kəndlərinə ermənilərin hücumları genişlənmiş, 1919-cu ilin əvvəllərində isə daha dağıdıcı xarakter almışdır. Şuşa qəzasında və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin törətdiyi vəhşiliklər daha amansız şəkil almışdır. Azərbaycan Demokratik Respublikası dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də, Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Həmin vaxt erməni separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə xəyanət edən ermənilərin Qarabağda törətdiyi separatçı qiyamlar və soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin — Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi. Şuşa rayonu — Şuşa rayonu 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Stepanakert rayonuna (1978-ci ildən Əsgəran rayonu) verilmiş, 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur. Sahəsi 289 km²-dir. Əhalisi 1 yanvar 1987-ci il tarixinə olan məlumata görə 19,0 min nəfər olmuşdur. Mərkəzi Şuşa şəhəridir. Rayonda 1 şəhər, 30 kənd və digər yaşayış məntəqələri vardır. Sovet İttifaqının tərkibində — 1988-ci ilin fevral ayında Xankəndində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycanın tərkibindən çıxıb Ermənistana birləşdirilməsi tələbi ilə mitinq və tətillər başlandı. İrəvanda (Yerevanda) da eyni tələblərlə çıxışlar oldu. Həmin il sentyabrın 18-də ermənilər Xankəndində yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxararaq onları Şuşa və ətraf rayonlara köçməyə məcbur etdilər. İşğal əməliyyatı — 8 may 1992-ci il tarixində Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə erməni silahlı dəstələrinin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanmışdı. Arkadi Ter-Tadevosyanın bu əmri cəbhə boyu hücumları rəsmiləşdirməklə bərabər, onların daha da intensivləşməsinə səbəb oldu. Şuşa istiqamətində bütün cəbhə boyu erməni silahlı dəstələri üstünlüyü ələ almışdılar və bütün imkanlarını səfərbər edərək Şuşanın süqutuna doğru irəliləyirdilər. Onlar aldadıcı manevrlərlə Şuşa şəhərinin mühasirəsini daraltmağa çalışırdılar. Belə ki, 1992-ci il may ayının 6-da Yura Ovanesyan Canhəsən istiqamətindəki Azərbaycan mövqelərinə bir neçə sarsıdıcı zərbə endirərək döyüş mövqeyini dəyişdi və Şuşa şəhərinə doğru istiqamətləndi. Yura Ovanesyanın Canhəsən–Kosalar istiqamətində başladığı döyüşün davam etdirilməsi tapşırığını 26-cı bölmə öz üzərinə götürdü. Burada erməni silahlı dəstələrinin əsas məqsədi Azərbaycan döyüşçülərinin diqqətini Canhəsən–Kosalar istiqamətinə cəlb etməklə Şuşa şəhərini mühasirəyə salmaq idi. Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Şuşa ətrafındakı erməni təmas xəttinə zərbələr endirdi. Bundan bir neçə dəqiqə sonra Su-25 döyüş təyyarəsi havaya qalxaraq Xankəndi şəhərinə bir neçə bomba atıb Ağdam istiqamətində uçdu. Bu, Azərbaycan tərəfinin Şuşanın süqutuna qədər sonuncu həmlələri oldu. Şuşanın işğalını müşahidə etmək üçün may ayının 6-da bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 metr yüksəklikdə yerləşən Şuşakəndə toplaşmışdılar. Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan, Ermənistanın müdafiə naziri Vazgen Sərkisyan, general Qurgen Dalıbaltayan, Ermənistanın hərbi qərargah rəisi Feliks Qozoryan, Robert Koçaryan, Serj Sərkisyan, Leonid Martirosyan, Oleq Yesayan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semyonov, Yelena Bonner, Baronessa Koks, eləcə də "Ümumdünya Xristian Həmrəyliyi" və "Daşnaksütyun" terror təşkilatının rəhbərləri xüsusi yer almışdılar. Onlar buradan bütün cinahlar boyu hücum xəttini izləyir və öz döyüşçülərinə göstərişlər verirdilər. Erməni silahlı dəstələrinin birinci və ikinci cinahlarla irəliləyən bölmələrinin döyüş tapşırığı Şuşaya istiqamətlənən yollardakı azərbaycanlıların bütün atəş nöqtələrini susduraraq qala divarlarına yaxınlaşmaq idi. Üçüncü cinahın döyüşçüləri isə Şuşa–Laçın yolunu atəş altında saxlayaraq Şuşanı mühasirəyə almaq, Laçın–Qubadlı istiqamətindən Şuşaya köməyə gələn azərbaycanlı döyüşçülərin hərəkətinə mane olmaq və Zarıslı kəndini işğal edərək orada möhkəmlənməklə Laçınla Şuşanın əlaqəsini tamamilə kəsmək əmri almışdılar. Canhəsən–Kosalar istiqamətindəki döyüşçülərə çoxlu sayda aldadıcı manevrlər etmək və azərbaycanlı döyüşçülərin diqqətini bu manevrlərə cəlb etmək tapşırılmışdı. Məhz bundan sonra süni yaradılmış vəziyyətdən istifadə edərək Şuşanın mühasirəsini getdikcə daraltmaq və şəhəri təslim etmək planlaşdırılırdı. Kərkicahan kəndindən və Xankəndindəki Rusiya hərbi bazalarından Şuşa şəhərinin yaşayış məntəqələrinə və ictimai iaşə obyektlərinə fasiləsiz raket zərbələri endirilirdi. Bundan vahiməyə düşən Şuşanın mülki əhalisi keçilməz meşələrlə Laçın istiqamətində qaçmağa məcbur olurdu. Nə səbəbdənsə Şuşanın mühasirəsindən əvvəl Azərbaycanın hərbi komandanlığı Şuşadakı azərbaycanlı döyüşçülərin bir qismini cəbhə xəttindən geri çəkmiş, digər bir qismini isə məzuniyyətə buraxmışdı. Cəbhə xəttində pərakəndəlik və özbaşınalıq hökm sürdüyündən döyüşçülər arasında mövqelərini özbaşına tərk edənlər də var idi. Komandanlıq tərəfindən hücum tapşırığı verilmədiyindən döyüşçülərimiz yalnız müdafiə mövqeyində dayanırdılar. Onsuz da erməni silahlı dəstələrinin mühasirəsini yarmaq və ya hücumlarının qarşısını almaq üçün canlı qüvvə və texnika çatışmırdı. Bütün bu qeyri-bərabər ölüm-dirim savaşında öz mövqelərini müvəqqəti də olsa qoruya bilən azərbaycanlı döyüşçülər Şuşaya daxil olmaq istəyən 422 nömrəli tankı vurmağa nail oldular. Tankın komandiri Qaqik Avşaryan, sürücü-mexanik Aşot Avanesyan və atıcı-artillerist Serj Sərkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə öldülər. Xocalı üzərinə hücum zamanı xüsusi fəallıq göstərmiş bu tanka və onun heyətinə Şuşa qalasına taxmaq üçün Ermənistan bayrağını aparmaq həvalə edilmişdi. Odur ki, hələ Xocalı ağrısını yaşayan əsgərlərimiz üçün bu tankın vurulması xüsusi əhəmiyyət daşıyırdı. Bu hadisəni gözləməyən erməni silahlı dəstələri mərkəz istiqamətində döyüşü dayandıraraq cinahlardan hücumlarını gücləndirdilər. Onlar qala divarları üzərindən Şuşa həbsxanasına daxil olmağa qərar vermişdilər. Fasiləsiz raket zərbələri Şuşanın cənubuna və qala divarlarına istiqamətlənmişdi. Bu raket zərbələri qala divarları üzərindəki bütün müşahidə qüllələrini dağıtdı və həmin gün bütün şəhər od tutub yanırdı. Bu həmlədən sonra Şuşanın mühasirəsi başa çatdı və erməni silahlı dəstələri qala divarları üzərindən şəhərə daxil olmağa başladılar. Üçüncü cinahdakı erməni silahlı dəstələri Laçın–Şuşa yoluna çıxdılar və Şuşanın Laçınla əlaqəsi tamamilə kəsildi. Bununla da Şuşa, Canhəsən, Kosalar və Qaraqaya erməni işğalı altına düşdü. May ayının 7-dən Şuşaya daxil olmuş erməni silahlı dəstələri küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət, may ayının 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar. Lakin bu işğal erməni silahlı dəstələrinə o qədər də asan başa gəlməmişdi. 11 min nəfərlik erməni silahlı dəstələrinə çox az sayda azərbaycanlı müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralandı, 480 nəfər həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 azərbaycanlının taleyi barədə isə bu günə qədər məlumat yoxdur. Üçüncü Respublika dövrü — 8 may 1992-ci ildə Şuşa erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir. Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdılar. Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 uşaq yetim qalmış, 22 minə yaxın insan məcburi köçkün düşmüşdür. Həmçinin 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev-muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat məktəbi və digər obyektlər dağıdılmışdır. Rusiyanın rolu — Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran dövlət başçısının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdılar. Ekspertlərə istinadən yayılan məlumatlara görə, Şuşanın işğalı Rusiyanın hərbi-siyasi dairələrinin iştirakı ilə təşkil olunmuşdu. Məqsəd Azərbaycanın Rusiyadan uzaqlaşmasına yol verməmək idi. İşğalın ilk günlərində Rusiya generalları və müxtəlif səviyyəli siyasətçilər işarə ilə bildirirdilər ki, Bakı öz silahlı qüvvələrini vahid MDB komandanlığına tabe etməyə razı olsa, həmçinin rusiyapərəst xarici və daxili siyasi kurs aparsa, şəhər qaytarıla bilər. 1992-ci il mayın 14-də hakimiyyətə qayıdan prezident Ayaz Mütəllibov Şuşanın işğalını "hərbi dövrün şıltaqlığı" adlandırmış və şəhərin azad olunacağına işarə etmişdi. Lakin bir sutkadan da az vaxt ərzində Ayaz Mütəllibov hakimiyyətdən devrildi. Mədəniyyət — Şuşada rəsmən qeydə alınmış 170 memarlıq və 160 incəsənət abidəsi var idi. Şəhərdə Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Xan qızı Natəvanın evi, Üzeyir Hacıbəyovun ev-muzeyi və Vaqif türbəsi yerləşirdi. Qarabağ müharibəsi zamanı Hacı Quluların mülkü, Şuşa Realnı məktəbi, Süleyman Vəzirovun evi və digər abidələr ermənilər tərəfindən məhv edilmişdir. Şəhərin kənarında, dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda "Qırx pilləkən" adlanan dik pilləli yol Daşaltı çayına aparır. "Xəzinə qala" mağarası da orada yerləşirdi. Firidun bəy Köçərli Şuşanı "Zaqafqaziyanın Şirazı" adlandıraraq "Azərbaycan ədəbiyyatı" kitabında yazmışdır: "Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çoxlu ziyalılar, ədiblər və şairlər yetişmişdir. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsində olub, zövq və səfa əhlinin, incə ruhlu sənətkarların məskəni hesab olunur". Şuşanın inzibati mərkəz olmasına, iqtisadi cəhətdən yaxşı inkişaf etməsinə, şəhərin füsunkar təbiətinə, coğrafi mövqeyinə və uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzi olmasına əsaslanaraq xalq şairi Səməd Vurğun yazırdı: "Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət tapmışdır". Azərbaycanın ilk peşəkar pedaqoqu olan görkəmli maarifçi, "Vətən dili" dərsliyinin (II hissə) həmmüllifi Səfərəli bəy Vəlibəyov, böyük ədəbiyyatşünas və pedaqoq Firidun bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltaraş Cəlal Qaryağdı və başqaları bu şəhərdə doğulmuşlar. XIX əsrdə Şuşa Azərbaycanın musiqi mədəniyyəti mərkəzi kimi məşhurlaşmışdır. Məhz bu dövrdə Qarabağ muğam məktəbi yaranmağa başlamışdır. Xalq arasında "Kim oxumağı bacarmırsa, deməli, şuşalı deyil", "Şuşada bələkdəki körpələr də muğam üstündə ağlayar" deyimləri zərb-məsələ çevrilmişdi. Azərbaycanda ilk "Şərq konserti" də 1901-ci ildə Şuşada keçirilmişdir. O dövrdə muğam ifaçılığı əsasən toy şənlikləri və ziyafətlərlə bağlı olmuşdur. XIX əsrin ikinci yarısında Şuşada poeziya və musiqi məclisləri təşkil olunmağa başlamışdır. Şuşanı "Şərqin konservatoriyası" və "Azərbaycanın musiqi beşiyi" adlandırırlar. Bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarlarının və dirijorlarının vətənidir: Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov və Süleyman Ələsgərov. Şuşada ilk teatr tamaşası 1848-ci ildə səhnələşdirilmişdir. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə, Bakıda və Şuşada tamaşaya qoyulmağa başladı. 1870-ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcılarından olan Mirzə Muxtar Məmmədov tərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O dövrdə gənc müəllimlərdən Firidun bəy Köçərli, Bədəl bəy Bədəlbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Mir Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qaryağdıoğlu bu tamaşada iştirak etmişdilər. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması əsasında "Məcnun Leylinin qəbri üstündə" səhnəsini musiqili tamaşa kimi 1897-ci ildə Şuşada Cabbar Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev tamaşaya qoymuşdur. Dini-tarixi abidələri: Hacı Yusifli məscidi (XVIII əsr); "Çöl Qala" məscidi (XVIII əsr); Xoca Mərcanlı məscidi (XVIII əsr); Quyuluq məscidi (XVIII əsr); Seyidli məscidi (XVIII əsr); Məscid (XVIII əsr); Mərdinli məscidi (XIX əsr); Aşağı Gövhər Ağa məscidi (1874–1875); Culfalar məscidi (XIX əsr); Yuxarı Gövhər Ağa məscidi (XIX əsr); Mamay məscidi (XIX əsr); Köçərli məscidi (XIX əsr); Malıbəyli məscidi; Alban kilsəsi; Qaybalı məscidi; Şırlan məscidi. Tarixi memarlıq abidələri: Qala divarı (uzunluğu 8 kilometr); Qala divarı üzərində tikilmiş bürclər (17 ədəd); Qədim üslubda salınmış 17 məhəllə; Molla Pənah Vaqifin poeziya evi; Molla Pənah Vaqifin məqbərəsi; Molla Pənah Vaqifin müəllimlik etdiyi bina; Molla Pənah Vaqifin büstü; Molla Pənah Vaqifin evi; Mir Möhsün Nəvvabın mülkü; Mir Möhsün Nəvvabın abidə kompleksi; Üzeyir Hacıbəyovun ev-muzeyi; Üzeyir Hacıbəyovun heykəli; Hacıbəyovun büstü; Bülbülün ev-muzeyi; Bülbülün büstü; Rəsm qalereyası; Gəncə qapısı; Şor bulaq; Nəcəfqulu ağanın mülkü; Azərbaycanda ilk realnı məktəbin (realnı uçilişin) binası; Xan qızı Xurşudbanu Natəvanın sarayı; Xan qızı Xurşudbanu Natəvanın bulaq kompleksi; Xurşudbanu Natəvanın büstü; Xurşudbanu Natəvanın tikdirdiyi "Qaradam" ("Qarama"); Xurşudbanu Natəvanın tikdirdiyi həbsxana; Qasım bəy Zakirin yaşadığı ev; Qasım bəy Zakirin qəbirüstü abidəsi; Külli miqdarda gümüş və mis qablar; Məhəmməd Həsən ağanın imarəti; Bayat qalası (1748-ci il); Şahbulaq qalası; "Pənahabad" Şuşa qalası (1750–1757-ci illər); İkimərtəbəli karvansara (1888–1889-cu illər); Tarixin yaddaşı olan Daş kitabələr; Qarabağ xanının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi; İbrahimxəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi (Gövhər Ağa məscidinin həyətində); 17 məscid, 17 bulaq, 17 hamam; Meydan bulağı; İsa bulağı; Saxsı bulaq; Turşsu qalereyası; Karvansara (4 ədəd); Şahlıq körpüsü; Mirzə Həsən qəbiristanlığı; Mirfəseh qəbiristanlığı; Rasta bazar; Torpaq meydan; Zarıslıda Korun karvansarası; Təzə məhəllədə körpü; Cıdır düzü; Topxana meşəsi; Ağaböyük xanımın bürcü; Malıbəylidə"Qızlar məktəbi"; Un dəyirmanı; Kəlbə Şəhriyarın bağı; Mirfəseh bağı; "Həzrət Əli" kahası; "Qızıl qaya"; Səkili bulağı; Qotur bulağı; Şəmilin bağı; Hacıyevlərin armud bağı; Ağabəyim ağanın qəsri; Bəhmən Mirzə Qacarın saray kompleksi; Bəhmən Mirzənin hərəmxanası; Bəhmən Mirzə Qacarın tikdirdiyi "Bab" hamamı; Qacarların məqbərə kompleksi; Qulam şahın malikanəsi; Əsəd bəyin malikanəsi; Mamay bəyin malikanəsi; Şeytan bazar; Əfsanəvi Leyli qalası; Çuxur məhəllədə 2 minarəli "Şəfa ocağı"; Qarabağ xanlığının Divan kompleksi; "Həzrət Abbas" şəfa ocağı; "Dəlik-daş" pilləkən kompleksi; Qarabağ qazisinin mülkü; Şuşa Ovdan bulağı; Aşağı Gövhər Ağa məscidi; Yuxarı Gövhər Ağa məscidi; Malıbəyli məscidi; Qaybalı məscidi; Şırlan məscidi; Alban kilsəsi; Rus kilsəsi; Hacı Qulamın mülkü; Ağa Əbdürrəhim ağanın evi; Hacı Bəşirin mülkü; Cabbar Qaryağdıoğlunun mülkü; Mirzə Hüseynin mülkü; Mirəli bəyin mülkü; Seyid Məcidin mülkü; Kəlbə Şirinin mülkü; Öpənnik Qara Zeynalın mülkü; Fərzalı bəyin mülkü; Allahverənli Kəlbə Şirinin mülkü; Çuxur məhəllədə Kal Həsənin evi; Təzə məhəllədə Xəyyatlılar Mehdinin evi; Çuxur məhəllədə Kürd uşağının evi; Məşədi Qəhrəmanın mülkü; Quyuluq məhəlləsində Məşədi Teymurun evi; Mehmandarovların ev kompleksi; Səməd bəy Mehmandarovun Şuşadakı mülkü; Zöhrabbəyovların evi; İbrahim xanın mülkü; Sadıqcanın qəsri; Uluq bəyin evi; Quyuluq məhəlləsində Sadıq bəyin mülkü; Cəlal bəyin evi; Nəcəf bəy Vəzirovun mülkü; Firidun bəy Köçərlinin mülkü; Süleyman Sani Axundovun mülkü; İsmayıl bəyin evi; Məşədi Şirinin mülkü; Qraf Əsgərovun mülkü; Ağamirovların mülkü; Hüsü Hacıyevin mülkü; Hüsü Hacıyevin büstü; Kəlbə Hüseynin evi; Yusif Vəzir Çəmənzəminlinin mülkü; Mir Həsən Vəzirovun mülkü; Qaraşovların mülkü; Hüseyn Qayıbovun mülkü; Hacı Dadaşın mülkü; Əbdürrəhim bəy Haqverdiyevin evi; Hacı Şükürün imarəti; Qədimovların mülkü; Xalça muzeyi; Tarix-Diyarşünaslıq muzeyi; Qarabağ Dövlət Tarix Muzeyi; Yaşıl aptek; Mədəniyyət evi. Aşağı Gövhər Ağa məscidi — Qarabağın sonuncu xanı İbrahim xanın qızı Gövhər Ağa (əsl adı Gövhərnisə) həm də öz dövrünün məşhur xeyriyyəçilərindən olmuşdur. Onun vəsaiti hesabına tikilən Aşağı Gövhər Ağa məscidi Şuşa şəhərində 1874–1875-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilmişdir. Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilib. 1992-ci ilin mayında Şuşanın işğalı zamanı Aşağı Gövhər Ağa məscidinin binası və minarələri zirehli texnikanın atəşlərinə məruz qalaraq ciddi zədələnmişdir. Bülbülün ev-muzeyi — SSRİ Xalq artisti Bülbülün 1992-ci ilə qədər Şuşada yerləşən ev-muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı idi. Ev-muzey kiçik həyət, iki otaq və eyvandan ibarətdir. Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji və ictimai fəaliyyəti haqqında nadir və çox qiymətli sənədlər burada nümayiş olunurdu. Muzeyin fasadında Bülbülün heykəltəraş Xanlar Əhmədov tərəfindən bürüncdən hazırlanmış və uşaqlıq illərinin portretini əks etdirən memorial lövhə vurulmuşdur. Erməni silahlı dəstələrinin Şuşa şəhərini işğal etməsi nəticəsində muzeyin 6 mindən artıq eksponatı məhv edilmiş, aparılması mümkün olanlar isə Ermənistana daşınmışdır. Bülbülün ermənilər tərəfindən güllələnmiş heykəli hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirilib. Hacı Quluların mülkü — Hacı Qulunun Xoca Mərcanlı məhəlləsindəki imarəti 1851-ci ildə tikilmişdir. Milli üslubda tikilmiş üçmərtəbəli sarayda 46 otaq və 2 böyük zal var idi. 1865-ci ildə Şuşada olmuş rus rəssamı Vasili Vereşşaginin (V.V.Vereşşagin) əsərində bu zallardan biri təsvir olunub. 1992-ci ildə Şuşa şəhərinin ermənilər tərəfindən işğalı zamanı Hacı Quluların mülkü top atəşinə tutularaq divarları dağıdılmışdır. Xurşudbanu Natəvanın evi — Görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvana məxsus ikimərtəbəli ev Şuşa şəhərində yerləşən XVIII–XIX əsrlərə aid tarixi yaşayış binalarından biri hesab olunurdu. Hazırda bu ev yarıuçuq vəziyyətdədir. Mamayı məscidi — XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmiş eyniadlı məscidin memarı Kərbəlayı Səfixan Qarabaği olmuşdur. Şuşanın adi dördbucaqlı yaşayış binalarının dam örtüyünü xatırladan Mamayı məscidinin dam örtüyündə azançı üçün "güldəstə" quraşdırılmışdır. Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi fəaliyyət göstərmişdir. Məscid ikimərtəbəlidir. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi — Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin inşasına memarlar Əbdülvahab Salamzadə (A.V.Salamzadə) və Eldar Kanukovun (E.İ.Kanukov) layihəsi əsasında 1977-ci ildə başlanılmışdır. Kompleksin açılışı 1982-ci ilin yanvar ayında olmuşdur. Kompleks Şuşa şəhərinin görkəmli yeri olan Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdir. Burada Molla Pənah Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid 80-ə yaxın eksponat da sərgilənirdi. Kompleksin açılışında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak etmişdilər. 1992-ci ilin may ayında erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarca eksponat məhv edilmiş, aparılması mümkün olan eksponatlar isə Ermənistana daşınmışdır. Saatlı məscidi — Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən Pənahəli xanın 1759-cu ildə Şuşada tikdirdiyi məscid və mədrəsənin yerində inşa edilib. Məscid tikildiyi məhəllənin adı ilə Saatlı məscidi adlandırılıb. Məscidin minarələrinin ümumi quruluşu Yuxarı Gövhər Ağa məscidinin və Ağdam Cümə məscidinin minarələrinə bənzəyir. Şuşanın məhəllə məscidləri sırasında kompozisiya həllinə və xüsusilə minarəsinin olması ilə seçilən Saatlı məscidi Kərbəlayı Səfixanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncusu hesab olunur. 1992-ci ilin mayında Şuşanın erməni silahlı dəstələri tərəfindən işğalı zamanı məscidin minarəsi top atəşləri nəticəsində dağıdılmışdır. Şuşa qalası — Şuşa qalası Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır. Qala şəhəri xarici müdaxilələrdən qorumuş və uzun müddət alınmazlıq simvolu olmuşdur. Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşü zamanı qala uzun müddət mühasirədə saxlanılsa da, onu ələ keçirmək mümkün olmamışdır. Ərazi strateji baxımdan olduqca əlverişlidir. Belə ki, Şuşa qalası yüksək dağlıq ərazidə yerləşir. Şuşa yaylasının dəniz səviyyəsindən ən hündür yeri 1600 metr, ən alçaq yeri isə 1300 metrə yaxındır. Bu yüksək dağlıq yaylanın ətrafı Daşaltı və Xəlfəli çaylarının yataqlarına enən dərin uçurumlarla əhatə olunub. Qarabağ xanı Pənahəli xan əvvəllər tikdirdiyi Bayat qalasının və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılıb. Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində əsasən yerli daşlardan və əhənglə yumurta sarısının qarışığından istifadə edilib. Qalanın dörd qapısı olub. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında onu xarici aləmlə əlaqələndirən və yüksək memarlıq keyfiyyətlərinə malik olan körpü də inşa edilib ki, bu körpü də Qala körpüsü kimi tanınır. Şuşanın xarici aləmlə əlaqəsini təmin edən qapılardan üçünün — Gəncə, Ağoğlan və İrəvan qapılarının adları bizim dövrümüzədək gəlib çatmışdır. Dördüncü qapının isə nə adını, nə də yerini indiyədək müəyyənləşdirmək mümkün olmamışdır. Ola bilsin ki, qala divarları İbrahimxəlil xan tərəfindən yenidən tikilərkən həmin qapı ləğv edilmişdir. Şuşa Musiqi məktəbi — 10 oktyabr 1932-ci ildə yaradılan Şuşa Musiqi məktəbi görkəmli Azərbaycan şairəsi Xan qızı Natəvanın evində yerləşmişdir. Bu məktəb həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi. Musiqi məktəbinin açılması təşəbbüsü məşhur şuşalı xanəndə Bülbülə məxsus olub. 1992-ci ilin may ayında Şuşa şəhərinin erməni silahlı dəstələri tərəfindən işğalından sonra Şuşa Musiqi məktəbi dağıdılmışdır. Şuşa Realnı məktəbi — 1881-ci il sentyabrın 20-də Şuşada ilk orta məktəbin — 6 sinifli Realnı məktəbin əsası qoyulmuşdur. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil edilən bu məktəbə ilk dəfə 159 şagird qəbul edilmişdi. Şuşa Realnı məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Bu məktəbdə dinin qoyduğu qadağalara baxmayaraq, başqa xalqların dilləri öyrənilir və digər xalqların ədəbiyyatının tədrisinə xüsusi diqqət yetirilirdi. Məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunu olmuşlar. 1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları Realnı məktəbini yandıraraq xarabazara çevirmişlər. Şuşa şəhər tarix muzeyi — Şuşa şəhər tarix muzeyi tarix-diyarşünaslıq profilli idi. Muzeydə Şuşa şəhərinin tarixini əks etdirən nadir fotoşəkillər, XIX–XX əsrin əvvəllərinə aid sənədlər, Şuşada XVIII–XIX əsrlərdə inşa edilmiş və tarixi əhəmiyyət daşıyan yaşayış evlərinin sxemləri, maketləri və fotoşəkilləri nümayiş etdirilirdi. Burada Şuşa şəhərindən olan tanınmış Azərbaycan ziyalıları, maarifçilər, xanəndələr, musiqişünaslar və yazıçılar haqqında maraqlı stendlər və eksponatlar var idi. Dekorativ-tətbiqi sənət bölməsində qiymətli incəsənət əşyaları, dolçalar, qazan dəstləri, dulusçuluq məmulatları, Şuşada və ətraf kəndlərdə toxunmuş xalçalar, gəbələr və bədii toxuculuq nümunələri saxlanılırdı. Muzey 1992-ci ilin may ayına qədər fəaliyyətini davam etdirmiş, Şuşa şəhəri erməni silahlı dəstələri tərəfindən zəbt olunduqdan sonra dağıdılmışdır. Eksponatların xeyli hissəsini xilas etmək mümkün olmamışdır. Üzeyir Hacıbəyovun ev-muzeyi — Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Şuşadakı ev-muzeyi 1959-cu ildə yaradılmışdır. Ev-muzeyi 1992-ci ildə Şuşanın erməni qəsbkarları tərəfindən işğalına kimi fəaliyyət göstərmişdir. Muzeyin ekspozisiyasında Hacıbəyovlar ailəsinə məxsus ev əşyaları ilə yanaşı, Üzeyir bəyin şəxsi əşyaları, şəkilləri, kitabları, ona həsr olunmuş və muzeyə bağışlanmış kitablar mühüm yer tuturdu. Üzeyir Hacıbəyovun anadan olmasının ildönümləri və yubileyləri muzeydə mütəmadi surətdə dövlət səviyyəsində qeyd olunmuşdur. 1985-ci ildə Üzeyir Hacıbəyovun 100 illik yubileyi YUNESKO tərəfindən geniş qeyd olunmuş, dünyanın bir çox ölkəsindən gəlmiş qonaqlar Üzeyir Hacıbəyovun Şuşadakı ev-muzeyini ziyarət etmiş və burada böyük yubiley tədbirləri keçirilmişdir. 1992-ci ilin may ayının 8-də Şuşa şəhərinin erməni təcavüzkarları tərəfindən işğalından sonra muzey fəaliyyətini dayandırmışdır. Muzey rəhbərliyinin səyləri nəticəsində muzeyin eksponatlarının ələ keçirilməsinə yol verilməmişdir. Muzeyin eksponatları hazırda Üzeyir Hacıbəyovun Bakıdakı ev-muzeyinin fondlarında saxlanılır. Şuşa qəzası — Şuşa qəzası çar hökumətinin Qafqazda 1840-cı il 10 aprel tarixli inzibati islahatına əsasən Kaspi vilayətinin tərkibində 1 yanvar 1841-ci ildə yaradılmışdır. Cavanşir, Göyçay, Cavad, Cəbrayıl və Zəngəzur qəzaları ilə həmsərhəd idi. Mərkəzi Şuşa şəhəri idi. 1846-cı ildən Bakı quberniyasına, 1867-ci ildən isə Yelizavetpol quberniyasına daxil edilmişdi. Şuşa qəzası Mığrı, Kəbirli, Zəngəzur, Cavanşir, Ciləbörd və Vərəndə məntəqələrinə bölünürdü. 1867-ci il dekabr tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir məntəqələri Şuşa qəzasından ayrılıb müstəqil qəzalara çevrildilər. Qəzanı qəza rəisi, onun müavini, xəzinədar, məntəqə iclasçıları və şəhər polisi idarə edirdi. Qəzada məhkəmə yaradılmışdı. 1897-ci ilin məlumatına görə, qəzanın sahəsi 4911 km², əhalisi isə 140 740 nəfər olmuşdur. Təsərrüfatında əkinçilik, maldarlıq, ipəkçilik, üzümçülük və bağçılıq əsas yer tuturdu. Toxuculuq (xalça, ip, mahud və digər məmulatlar) geniş yayılmışdı.
|
|
|
| |
| Baxılıb: 1953 | | |
| Ümumi Şərhlər: 0 | |