|
Azərbaycan Respublikası Şuşa rayonu Təbiəti — Rayonun səthi dağlıqdır (Qarabağ silsiləsi). Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m). Keçəldağ aşırımı Şuşa rayonundadır. Ərazidə əsasən Yura və Tabaşir dövrü çöküntüləri yayılmışdır. Müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var. Ərazisinin əksər hissəsi qışı quraq keçən mülayim-isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda mənfi 4 dərəcədən mənfi 10 dərəcəyə qədər, iyulda isə müsbət 16–19 dərəcədir. İllik yağıntının miqdarı 700–800 millimetrdir. Rayondan Qarqar çayı axır. Torpaqları əsasən qəhvəyi dağ-meşə, qonur dağ-meşə və çimli dağ-çəməndir. Ərazinin 20 faizə qədəri meşədir (fıstıq və digər ağaclar). Yüksək dağlıq sahələr subalp və alp çəmənləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanları ayı, canavar, tülkü, boz dovşan, cüyür və digərləridir. Quşlardan kəklik və göyərçin var. Təsərrüfatı — Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tutur. Rayonda 5 sovxoz var. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min hektardır (1986). Bunun 3,8 min hektarı şum yeri, 0,1 min hektarı çoxillik bitkilər, 0,3 min hektarı biçənəklər, 16,7 min hektarı otlaqlardır. Suvarılan torpaqlar 0,1 min hektardır. 3,4 min hektar əkin sahəsinin 41 faizində dənli və dənli-paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6 faizində tərəvəz-bostan bitkiləri və kartof, 53 faizində yem bitkiləri əkilir. Rayonda meyvəçiliklə məşğul olunur. 1986-cı ilin məlumatına görə 5,2 min qaramal və 15,2 min davar var. Quşçuluqla məşğul olunur. Rayonda Şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, Bakı "Radioqayırma" birliyinin 1 nömrəli istehsalat sahəsi, Qarabağ ipək kombinatının sexi, elektrik şəbəkəsi, kənd təsərrüfatı texnikası təmiri müəssisəsi və digər müəssisələr var. Kurort təsərrüfatı inkişaf etmişdir. Yevlax–Naxçıvan avtomobil yolu və qaz kəməri Şuşa rayonundan keçir. Yuxarı Gövhər Ağa məscidi — Yuxarı Gövhər Ağa məscidini 1883–1884-cü illərdə, yəni Aşağı Gövhər Ağa məscidindən təxminən səkkiz il sonra Gövhər Ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikib. Planı təqribən kvadrat formada olan (21,30 x 26,20 metr) bu məscid ümumən Ağdam Cümə və Aşağı Gövhər Ağa məscidlərinin konstruksiya ideyasını saxlayır. Zalın yan divarları boyu quraşdırılmış ikinci mərtəbədəki qadınlar üçün eyvan və mehrabla üzbəüz tərəfdəki şüşəbənd də memarın əsas tikinti meyarlarındandır. Yuxarı Gövhər Ağa məscidinin minarə kürsülüyü əvvəlki məscidlərdə olduğu kimi təbii əhəngdaşından olsa da, onun gövdəsində işlədilmiş həndəsi ornamentlər Aşağı Gövhər Ağa məscidinin minarə bəzəklərindən fərqlənir. Onlar əsasən Ağdam Cümə məscidinin minarələrindəki həndəsi ornamentlərin bədii ideyasını davam etdirir. Minarələrin çardaq örtüyü ağac materiallarından quraşdırılıb. Onun son ucluğunu aypara şəkilli fiqur bəzəyir. 1969-cu ildən tarix muzeyi kimi istifadə edilən bu məscid 1992-ci ilin mayında Şuşa şəhərinin işğalından sonra erməni vandalları tərəfindən dağıdılmışdır. Ziyarətgahlar: Həzrət Əli kahası (Nəzir kahası); Həzrət Abbas şəfa ocağı; Saqqaxana və Pirgah pirləri; Seyid Mirfəsih türbəsi; Ağadədəli məhəlləsində Mir Mehdi ağanın ocağı; Çuxur məhəllədə iki minarəli şəfa ocağı; Qasım ağanın ocağı; Seyidli məhəlləsində Seyid Xəlil Seyid Əli oğlunun ocağı; Heydər türbəsi. Şuşanın məhəllələri — "Qədim" və "Yeni Şuşa"dan ibarət olan şəhərin ən qədim hissəsində əvvəllər yalnız azərbaycanlılar yaşamışlar. Tarixçi Baharlı şəhərin məhəllələri haqqında "Əhvalati-Qarabağ" adlı əsərində məlumat verir. Müəllif yazır: "Belə ki, yuxarı məhəllələrdən birincisi Xanlıq aradır. Bu məhəllənin əsl adına Mir deyilirdi. İbrahim xanın imarətinin yanında yerləşdiyi üçün Xanlıq ara adlanır". Yuxarı məhəllələrin adları bunlardır: ikinci məhəllə Saatlı məhəlləsi, üçüncü məhəllə Köçərli məhəlləsi, dördüncü məhəllə Mamayı məhəlləsi, beşinci məhəllə Xoca Mərcanlı məhəlləsi, altıncı məhəllə Dəmirçi məhəlləsi, yeddinci məhəllə Hamam qabağı, səkkizinci məhəllə isə Təzə məhəllədir. Aşağı məhəllələrin adları bunlardır: birinci məhəllə Qurdlar, ikinci məhəllə Seyidli, üçüncü məhəllə Culfalar, beşinci məhəllə Çuxur, altıncı məhəllə Dördlər qurdu, yeddinci məhəllə Hacı Yusifli, səkkizinci məhəllə Dörd çinar, doqquzuncu məhəllə isə Çöl-qaladır (bu məhəllənin bir adı da "Cuhudlar"dır). Tarixçi Mirzə Yusif Qarabaği Şuşa şəhərinin məhəllələrini belə sadalamışdır: Mehrili, Qazançılı, Əylisli, Ciləbörd, Dərə, Aşağı məhəllə, Qurdlar, Culfa, Quyuluq, Çuxur məhəllə, Hacı Yusifli, Mərdinli, Cuhudlar, Saatlı, Mamayı, Xoca Mərcanlı, Çölqala və Hamamarası. Şair və pedaqoq Mirzə Xosrov Şaiq Axundov Şuşa şəhərinin məhəllələrindən bəhs etmişdir: "Qarabağ xanı qalanın ətrafına möhkəm hasar çəkdirib bürclər tikdirmişdi. Şəhərin iki darvazası olmuşdur: biri Gəncə qapısı, ikincisi isə İrəvan qapısı adlanmışdır. Bununla da Qarabağ kəndlərindən xalq şəhərə yığışmağa başladı. Bu qayda üzrə Şuşada 17 məhəllə təşkil olundu: Böyük Qurdlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamam qabağı, Dəmirçilər, Quyuluq, Xoca Əmircanlı, Mamayı, Saatlı, Köçərli, Mərdinli, Çölqala, Hacı Yusifli, Çuxur məhəllə, Balaca Qurdlar və Ağadədəli. Bu məhəllələrin adı ilə hazırda Qarabağda bir çox kənd vardır". Şuşa şəhərinin məhəllələri haqqında yazılara müasir ədəbi nümunələrdə də rast gəlinir. Lətif Qarabağlı doğma şəhərindən danışarkən məhəllələrdən də bəhs etmişdir: "Şuşanın gözəlliyi, ab-havasının bəzi xəstəliklərə müalicə əhəmiyyəti, onun məşhur ticarət mərkəzinə çevrilməsi bura köçüb gələn ailələrin sayını artırırdı. Şəhərə sonradan gələnlər qala divarının yaxınlığında məskən salaraq məhəllələrinin adını Çölqala və digər adlarla adlandırmışdılar. Beləliklə, Şuşada yaranan 17 məhəllənin doqquzu — Qurdlar (Urudlar), Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Hacı Yusifli, Dördlər qurdu, Dörd çinar və Çölqala aşağı məhəllə, qalan səkkiz məhəllə — Köçərli, Mamayı, Mərdinli, Saatlı, Dəmirçilər, Hamamqabağı, Təzə məhəllə və Xocamircanlı isə yuxarı məhəllələr sayılırdı". Azərbaycanın digər bölgələri kimi, şəhərdə ən geniş yayılmış din islam idi. Qarabağ müharibəsindən əvvəl şəhərdə Aşağı Gövhər Ağa məscidi, Culfalar məscidi, Hacı Yusifli məscidi, Köçərli məscidi, Mamayı məscidi, Çöl Qala məscidi, Xoca Mərcanlı məscidi, Təzə məhəllə məscidi, Seyidli məscidi, Mərdinli məscidi, Quyuluq məscidi və Saatlı məscidi fəaliyyət göstərmişdir. Şuşa rayonunun ərazisindən Qarqar çayı axır. Torpaqları qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanat aləminə ayı, canavar, tülkü, boz dovşan, cüyür, kəklik, göyərçin və digər canlı növləri aiddir.
Bu məqalənin hazırlanmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarından, "Vikipediya" ("Wikipedia") ensiklopediyasından, Qarabağ və erməni vandalizmi ilə bağlı mənbələrdən, eləcə də "tarix.info" internet resurslarından istifadə edilmişdir.
K. Ələkbərli |
|
|
| |
| Baxılıb: 1269 | | |
| Ümumi Şərhlər: 0 | |