|
Azərbaycan Respublikası Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da Zəngilan şəhəri erməni silahlı dəstələri tərəfindən işğal olunub. Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Rayon 30 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. Azərbaycan Respublikasının bu rayonunun inzibati mərkəzi Zəngilan şəhəridir. Zəngilan 1967-ci ildə şəhər statusu almışdır. Zəngilan rayonu Kiçik Qafqazın cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Şimaldan Qubadlı rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 707 km², əhalisi 42 707 nəfərdir. Rayonun ərazisi həm Araz çayı boyunca şərqdən qərbə, həm də Həkəri, Bərgüşad və Oxçu çayları boyunca cənubdan şimala və əksinə uzanan tarixi ticarət yolları üzərində yerləşir. Rayonun tarixçəsi — Zəngilan rayonunun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı dövründə, 1828-ci ilə qədər rayon ərazisinin Bəsitçaydan qərbə doğru olan hissəsi Naxçıvan xanlığının, şərqə doğru olan hissəsi isə Qarabağ xanlığının tərkibində idi. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni inzibati-ərazi bölgüsü aparıldı. 1868-ci ildə Yelizavetpol quberniyası yaradıldı. Quberniyanın tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları təşkil olundu və yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edildi. 1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzasının tərkibində göstərilir. Həmin dövrün xəritəsində Zəngilandan Genlik, Aladin və Dəlləkli kəndləri qeyd olunur. 1929-cu ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud və Ernəzir kəndləri Azərbaycan SSR-dən alınaraq Ermənistana verildi. Son iki yüz ildə vahid sərhədə malik olmayan Zəngilan 1930-cu il avqustun 8-də müstəqil rayon kimi formalaşdı və dəqiq müəyyən olunmuş əraziyə sahib oldu. 1930-cu illərdə Zəngilanın nüfuzlu sakinlərinin bir qismi Sibir, Orta Asiya və Qazaxıstana sürgün edildi, bir qismi isə güllələnərək xəndəklərə atıldı. Güllələnənlər arasında dərhal ölməyən insanların inilti səsləri günlərlə eşidilirdi. Sürgün dövrü bitdikdən sonra geri qayıdan insanların öz doğma yurdlarına qayıtmasına icazə verilmirdi. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin arxiv fondunda mühafizə edilən sənədlərdə göstərilir ki, Zəngilan rayonu Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə təşkil olunmuş və 1-ci kateqoriyalı rayonların siyahısına daxil edilmişdir. Sovet hakimiyyətinin mövcud olduğu 70 il ərzində rayonun inzibati ərazisində bir neçə dəfə dəyişiklik baş vermişdir. Bütün hallarda bu dəyişikliklər qonşu Qubadlı rayonunun Zəngilanın tərkibinə qatılması və yenidən ayrılması ilə bağlı olmuşdur. Belə ki, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 24 noyabr 1931-ci il tarixli qərarı ilə Qubadlı rayonu 18 kənd sovetliyi ilə birlikdə Zəngilan rayonunun ərazisinə daxil edilmişdir. 14 mart 1933-cü il tarixli qərarla Qubadlı rayonu yenidən bərpa edilmiş və həmin 18 kənd sovetliyi Zəngilan rayonundan Qubadlı rayonuna qaytarılmışdır. İlk adı Pirçivan olan rayon mərkəzi yalnız 1957-ci ildən Zəngilan adlandırılmışdır. 1946-cı ildə isə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının qərarı ilə Zəngilan rayonunun 4 min hektar meşə sahəsi yenidən Azərbaycan SSR-dən alınaraq Ermənistana verildi. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli qərarı əsasında Qubadlı rayonu bir daha ləğv edilmiş və ərazisi Zəngilan rayonunun tərkibinə verilmişdir. Lakin bu ləğvolmadan qısa müddət sonra Qubadlı rayonu yenidən bərpa olunmuşdur. Hər iki rayon müstəqil inzibati ərazi vahidləri kimi bu günə qədər mövcuddur. 1967-ci ildə Zəngilana şəhər statusu verildi. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur. Kəndləri bunlardır: Beşdəli, Genlik, Keçikli, Malatkeşin, Sarıqışlaq, Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Birinci Alıbəyli, Xumarlı, İkinci Alıbəyli, Sarıl, Bartaz, Qarqulu, Tatar, Tiri, Şəfibəyli, Məşədi İsmayıllı, Şərikan, Bürünlü, Yuxarı Yeməzli, Rəbənd, Yenikənd, Zəngilankənd, Cahangirbəyli, Turabad, Vəliqulubəyli, Canbar, Ağkənd, Dərəli, Günqışlaq, Qazançı, Pirveys, Yuxarı Çöpdərə, Baharlı, Dəlləkli, Sobu, Böyük Gilətağ, Aladin, Dərə Gilətağ, Mirzəhəsənli, Üdgün, Şamlı, Vənədli, Hacallı, Seyidlər, Vejnəli, Ağbənd, Əmirxanlı, Qıraq Müşlan, Məlikli, Muğanlı, Xurama, Şərifan, İsgəndərbəyli, Ağakişilər, Ağbis, Məmmədbəyli, Babaylı, Ördəkli, Qaradərə, Qaragöz, Rəzdərə, Kolluqışlaq, Şatarız, Şayıflı, Aşağı Gəyəli, Qaragöl, İçəri Müşlan, Tağlı, Yusiflər, Aşağı Yeməzli, Orta Yeməzli, Quyudərə Xəştab, Sarılı Xəştab, Zərnəli, Havalı, Nəcəflər. Öz mövcudluğunun son illərində bu bölgə 1992-ci ilin dekabrında baş verən Şayıflı qırğınını və 1993-cü ilin oktyabr hadisələrini yaşadı. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində erməni silahlı dəstələri ilə vuruşdular. 1993-cü il oktyabrın 25-29-da Zəngilan rayonunun əhalisi son anadək müqavimət göstərərək 235 nəfər şəhid və itkin verdi. Əhali Araz çayını keçərək İran İslam Respublikasının ərazisi vasitəsilə Azərbaycanın müxtəlif rayonlarında məskunlaşdı. Rayon kimi mövcud olduğu 63 il ərzində, işğala qədər bu bölgə bir çox çətinliklərlə üzləşdi. Bu dövrdə bölgə əhalisi zorla aparılan kollektivləşməni, 1937-ci il repressiya həbslərini və 1941-1945-ci illər müharibəsini yaşadı. Rayon əhalisinin bir qisminin qohumları Araz çayının digər sahilində qalmış və əlaqələri kəsilmişdi. Ailələr, qardaşlar, ana və övladlar bir-birindən ayrı düşmüşdü. Zəngilan rayonundan 13 nəfər Sovet İttifaqının ən yüksək dövlət mükafatına — Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. Bu uğur geniş əks-səda doğurmuşdu. Buna görə bölgə "Qızıl Zəngilan" adı ilə tarixə düşmüşdü. İşğaldan əvvəl rayonda 10453 yaşayış evi, 28200 yardımçı bina, 195 inzibati bina, 870 təsərrüfat yardımçı binası, 128 mədəniyyət müəssisəsi, 123 təhsil müəssisəsi, texniki peşə məktəbi, 64 səhiyyə müəssisəsi, Qotursu sağlamlıq zonası, 80 rabitə müəssisəsi, 7 səyyar avtoklub, 21 kinoqurğu, 2 diyarşünaslıq muzeyi, 142 ticarət obyekti və 49 ictimai-iaşə obyekti olmuşdur. Rayonda həmçinin 2 şərab zavodu, konserv zavodu, toxuculuq sexi, kərpic zavodu, çörəkbişirmə zavodu, çınqıl zavodu, 2 asfalt zavodu, Yazı düzü su nasos stansiyası kompleksi, 3 su nasos stansiyası, 8 dəmir yolu vağzalı, Mincivan deposu, quşçuluq fabriki, mal-qara kökəltmə kompleksi, 3400 hektar üzüm bağı və 6 süni su anbarı fəaliyyət göstərmişdir. Bundan əlavə, rayonda 66 ümumtəhsil məktəbi, 4 yeddiillik musiqi məktəbi, Tarix-Diyarşünaslıq, Daş Abidələr və Xalqlar Dostluğu muzeyləri, mərkəzi kitabxana, uşaq kitabxanası, 65 kənd kitabxanası, mərkəzi rayon xəstəxanası, 4 kənd sahə xəstəxanası, 46 feldşer-mama məntəqəsi, 6 həkim ambulatoriyası, Mincivan dəmir yolu xəstəxanası və digər müəssisələr fəaliyyət göstərmişdir. Rayon mərkəzində yerləşən muzeydə yüzlərlə eksponat saxlanılırdı. Bu eksponatlar xalqımızın qədim keçmişindən müasir dövrə qədər olan həyat tərzini, məişətini və mədəniyyətini əks etdirirdi. Zəngilan rayonu Kiçik Qafqazın cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Rayon Azərbaycan Respublikasının cənub-qərbində — Ermənistan və İranla sərhəddə, Bakı–Culfa–Naxçıvan magistral dəmir və avtomobil yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət daşıyan bir mövqedə yerləşir. Rayona Zəngilan şəhəri, Üzümçülər, Beşdəli, Genlik, Keçikli, Malatkeşin, Sarıqışlaq, Mincivan qəsəbələri və Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Birinci Alıbəyli, Xumarlı, Sarıl, İkinci Alıbəyli, Zəngilankənd, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Hacallı, Həkəri dayanacağı, Xurama, Muğanlı, Şərifan, İsgəndərbəyli, Ağakişilər, Ağbis, Bartaz, Bartaz dayanacağı, Qarqulu, Məmmədbəyli, Babaylı, Cahangirbəyli, Tatar, Tiri, Turabad, Vəliqulubəyli, Ördəkli, Qaradərə, Qaragöz, Rəzdərə, Kolluqışlaq, Şatarız, Şayıflı, Aşağı Gəyəli, Qaragöl, Nəcəflər, Tağlı, Yusiflər, Canbar, Ağkənd, Dərəli, Günqışlaq, Qazançı, Pirveys, Yuxarı Gəyəli, Çöpədərə, Baharlı, Dəlləkli, Sobu, Böyük Gilətağ, Aladin, Dərə Gilətağ, Mirzəhəsənli, Şamlı, Vənədli, Şərikan, Bürünlü, Seyidlər, Şəfibəyli, Məşədi İsmayıllı, Vejnəli, Ağbənd, Əmirxanlı, Orta Yeməzli, Aşağı Yeməzli, Yuxarı Yeməzli, Quyudərə Xəştab, Sarallı Xəştab, Zərnəli, Havalı, Yenikənd, Rəbənd kəndləri daxildir. XX əsrin əvvəllərində rayon mərkəzinin yerləşdiyi ərazi əsasən bəylərin çəltik zəmilərindən və onlara məxsus yaşayış evlərindən ibarət idi. Zəngilan şəhəri Oxçuçayın sağ sahilində, Çeşməgözlü adlanan yerdən cənuba doğru əhəng quyularına qədər olan 4 kilometrlik ərazidə salınmışdı. Şəhərin bir çox məhəllələri vardır: Çeşməgözlü, Köhnə Pirçivan, MTS məhəlləsi, Məscid düzü, Şaftalı dərəsi, Kirdəzir dərəsi, Bağırsaq dərə, Muncuqlu dərə, “Rayşelk” (ipək idarəsi yerləşən ərazi), Pavilyon məhəlləsi, Çala dərə, Üst məhəllə və s. İşğala qədər rayon əhalisi əsasən tütünçülük və üzümçülüklə məşğul idi. Bundan əlavə, heyvandarlıq, ipəkçilik və taxılçılıq da inkişaf etmişdi. Rayonun inzibati ərazi vahidi kimi iqtisadi inkişafı sovet hakimiyyəti illərində genişlənmişdir. Eyni zamanda, məhz bu dövrdə rayona ciddi mənəvi zərbə vurulmuşdur. Memarlıq abidələri Dairəvi qüllə: Hacıalılar kəndi; Səkkizguşəli türbə: 1304–1305-ci illər (Məmmədbəyli kəndi); Qız qalası: XII əsr (Əmirxanlı kəndi); Sərdabələr: XIV əsr (Yenikənd kəndi), XIII əsr (Şərifan kəndi); Məscidlər: XIX əsr (Zəngilankənd, Malatkeşin kəndi, Qıraq Müşlan kəndi, İçəri Müşlan kəndi); Körpü: XIX əsr (Hacıalılar kəndi); Dairəvi bürc: XIII–XIV əsrlər (Hacıalılar kəndi). Arxeoloji abidələr Şəhri-Şərifan yaşayış yeri, XIII–XIV əsrlər (Şərifan kəndi); Ağca Aşıq yaşayış yeri, orta əsrlər (Havalı kəndi); Qız qalası, orta əsrlər (Havalı kəndi); Qəsr qalası, orta əsrlər (Oxçuçayın Araz çayına töküldüyü yerdə). 1960–1970-ci illərdə Zəngilan rayonunda təsərrüfat işləri görülən zaman xeyli küp qəbir tapılmışdır. Bu küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur. E.ə. IV–II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığını göstərir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulmuşdur. Bu ərazi ibtidai insanların ilk məskənlərindən biri olmuşdur. Bunu rayonun müxtəlif yerlərindəki tarixi abidələr, o cümlədən Yeməzli kəndi ilə Yuxarı Yeməzli kəndi arasında yerləşən və "Şəhid Məhəmməd" adlanan ərazidən tapılan pul və əşya qalıqları sübut edir. Şərqlə Qərbin qovuşduğu yerdə yerləşən bu bölgə ticarətdə əsas əlaqələndirici məntəqələrdən biri olmuşdur. 1960-cı illərdə burada aparılan əkin və yol çəkilişi işləri zamanı xeyli küp qəbir aşkar edilmişdir. Bu qəbirlərdən tapılan müxtəlif əşyalar ərazinin çox qədim tarixə malik olduğunu sübut edir. Kişilərin dəfn olunduğu qəbirlərdən tapılan bülöv daşı, qadınların dəfn olunduğu qəbirlərdən tapılan muncuq və qolbaqlar, həmçinin müxtəlif saxsı qablar, silahlar, nizə və oxların metal və bürünc ucluqları, sikkələr və digər əşyaların bir qismi qorunub saxlanılmışdır. Rayon ərazisinin qədimliyini qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları təsdiq edir. Tarixi-memarlıq abidələrindən dairəvi bürc (XIV əsr), türbə (1304–1305-ci illər), sərdabələr (XII–XIV əsrlər) və digərləri qeydə alınmışdır. 1962-ci ildə burada saxsı qabın içərisində tapılan əşyalardan bir neçəsini əldə edən filologiya elmləri namizədi A. Həsənovun tədqiqatları və araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, bu sikkələr eramızdan əvvəl IV–II əsrlərə aiddir. Məlum olmuşdur ki, bunlar bürünc ellin-yunan sikkələridir. Rayonun "Şəhid Məhəmməd" adlanan ərazisində tapılan sikkələr də bunu təsdiq edir. Sikkələr tədqiq edilib oxunduqdan sonra müəyyən edilmişdir ki, onların üz tərəfində hökmdarın başının təsviri həkk olunmuşdur. Arxa tərəfdə isə qədim yunan tanrıları Zevs, Poseydon və Dionisin tam boyda təsviri verilmişdir. Təsvirlərin yan tərəflərində yunanca "Bazilevs" (hökmdar) sözü, daha sonra isə hökmdarın adı və ona verilən fəxri titullar (epitetlər) həkk olunmuşdur. Həmin dövrdə ellin hökmdarlarını ilahiləşdirmək üçün onların adlarına bu cür epitetlər əlavə edilirdi. Qədim Şərifan şəhəri — Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq 1974 və 1979-cu illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Arxeologiya şöbəsi tədqiqatlar aparmışdır. Arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, ərazi arxeoloji və memarlıq abidələri ilə zəngindir. Burada "Şəhri-Şərifan" və ya "Şəhri-Xəlifan" adı ilə tanınan orta əsr şəhərinin xarabalıqları aşkar olunmuşdur. Şəhər qalıqlarının ərazisi 9 hektara yaxındır. Şəhər təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşmiş, qərb tərəfdən dağ silsiləsi, şərqdən isə Həkəri çayının sıldırım sahili ilə əhatə olunmuşdur. Məlum olmuşdur ki, bu şəhər Cənubi Qafqazdan keçən əsas ticarət yolunun üzərində yerləşirdi. İlk qazıntılar burada qədim mədəni təbəqənin olduğunu üzə çıxarmışdır. Bu tapıntılar ərazidə IX əsrdən insan yaşadığını deməyə əsas verir. Şəhərin də məhz bu dövrdə, yəni IX əsrdə formalaşdığı və əsasının qoyulduğu görünür. Şəhər XIV–XVII əsrlərə kimi mövcud olmuşdur. Qazıntılar və tapılan arxeoloji materiallar şəhərdə dulusçuluq və metalişləmə sənətinin inkişaf etdiyini göstərir. Şəhərin iqtisadiyyatında çəltikçilik xüsusi yer tuturdu. Bunu şəhərdə aşkar edilən düyü anbarı sübut edir. Memarlıq abidələrindən biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkəri çayının selləri uçurub dağıtmış və yuyub aparmışdır. Abidənin yalnız sərdabə hissəsi dövrümüzə qədər gəlib çatmışdır. Azərbaycan orta əsr memarlığının ən qiymətli nümunələrindən olan bu kompleks XII–XIII əsrlərə aid edilir. Onun yeraltı hissəsi plana görə çıxıntılara malik kvadrat şəklindədir və ölçüləri 5,4 x 5,4 metrdir. Sərdabənin 3 qolu çatmatağla, dördüncü tərəfi isə müstəvi tavanla örtülmüşdür. Giriş yolu, mehrabı və divarları nisbətən yaxşı vəziyyətdə qalmışdır. Maraqlıdır ki, giriş və mehrab yerləşən tağ naxışlanmışdır, digər tağlarda isə belə naxış yoxdur. Abidə içəridən və çöldən dördkünc formalıdır. Üst hissəsindəki uçuntudan məlum olur ki, künclərdə boşluqları doldurmaq üçün saxsı qablardan istifadə olunmuşdur. Bu üsul içəridə dua oxunan zaman səsin ahəngdar və təsirli səslənməsinə şərait yaradırdı. Abidənin cənub divarında dördbucaqlı taxçaya oxşar, çox da dərin olmayan mehrab vardır. Mehrabın yan tərəfləri nazik tilli sütunlarla bəzədilmişdir. Abidənin tağının arxivoltu prizmatik çıxıntılı formadadır və üstü üçbucaqşəkilli xonçalarla bəzədilmişdir. Divarlar yaxşı cilalanmış daş plitələrdən hörülmüşdür. Onun şərq qolu çatmatağla örtülmüşdür. Həmin qolun sonunda üstü kəsilmiş tağşəkilli qapı yeri vardır. Bu qapı müstəvi tağtavanla örtülü dəhlizə açılır. Tikilinin mərkəzi hissəsi günbəzlə örtülmüşdür. Abidənin yerüstü qalıqları onun bürcvari türbələrə oxşarlığını sübut edir. Burada aparılan tədqiqatlar zamanı şəhər ətrafında iki qəbiristanlığın olduğu müəyyən edilmişdir. Onlardan biri şəhərin varlı əhalisinə məxsus sərdabə tipli qəbirlərdən ibarətdir. Bu qəbiristanlıq şəhərdən təqribən 1 kilometr şimalda, yüksək dağın yamacında salınmışdır. Sərdabələr ağ daşla inşa edilmiş, əksər hallarda qapıüstü və ya mehrabvari hissələri həndəsi və nəbati naxışlarla bəzədilmişdir. İkinci qəbiristanlıq isə şəhərin cənub-qərbində yerləşir və üstü daş plitələrlə örtülən qəbirlərdən ibarətdir. Hər iki qəbiristanlıqda dəfn mərasimləri İslam adətləri üzrə aparılmışdır. 3 metr dərinlikdə aşkar edilmiş hamam kompleksi xüsusi maraq doğurur. Əsasən bişmiş kərpicdən, Naxçıvan–Təbriz memarlıq üslubunda inşa edilən bu kompleksin su qızdırılan otağı, buxarxanası, yuyunma yeri və hovuzları salamat qalmışdır. Məmmədbəyli türbəsi — Rayonun Məmmədbəyli kəndində yerləşən bu türbə dövrümüzə qədər salamat gəlib çatan abidələrdəndir. Günbəzin yuxarı hissəsi azca dağılmışdır. Türbə piramidal günbəzlə örtülmüş səkkizguşəli prizmadan ibarətdir. Türbənin əsas qapısı şimal-qərb tərəfdədir və onun üzü çox sadə işlənmişdir. Üz müstəvilərinin əsas hissələri batıq olduğu üçün türbənin küncləri bir qədər çıxıntılı görünür. Türbənin qapısı yerdən 1,8 metr hündürlükdədir. Abidədə yeraltı sərdabə də mövcuddur. Məmmədbəyli türbəsi Azərbaycanın bürcvari türbələrinə bənzəyir. Abidənin qara rəngli daşdan işlənmiş karnizi xüsusi diqqət cəlb edir. Konstruktiv elementlərin mütənasibliyi və gözəl memarlıq kompozisiyası türbəyə monumental görünüş verir. Abidənin inşasında əsas tikinti materialı kimi daşdan istifadə edilmişdir. Kərpic tikililərdə olduğu kimi bu türbənin divarı yükdaşıyıcı kütləyə və üzlüyə bölünmür, üzlük eyni zamanda divarın əsas hissəsini təşkil edir. Üst kamera divarının qalınlığı 86 santimetr olub iki cərgədən ibarətdir. Divar daxili və xarici üzlük daşlardan hörülmüş, onların arası boş saxlanılaraq sonradan məhlulla doldurulmuşdur. Bu cür tikinti üsuluna Azərbaycanın digər türbələrində də rast gəlinir. Türbənin üst günbəzi tikilərkən də eyni texnikadan istifadə olunmuşdur. Burada günbəz ikiqatdır: daxili günbəz sferik, xarici günbəz isə piramidal formadadır və onların arası da məhlulla doldurulmuşdur. 1975-ci ildə ilk dəfə yeraltı sahə təmizlənmiş və türbənin sərdabəsi üzə çıxarılmışdır. Sərdabə 2,95 x 3,30 metr ölçülü düzbucaqlı plana malikdir. O, 190 santimetr hündürlükdə çatmatağla örtülmüşdür. Sərdabəyə giriş qərb tərəfdəndir. Qapının eni 76 santimetr, hündürlüyü isə 88 santimetrdir. İslam qaydalarına görə türbəyə və sərdabəyə girişin hündürlüyü 120 santimetrdən artıq ola bilməz. Çünki içəri daxil olan şəxs bir qədər əyilməli və mərhuma ehtiramını bildirməlidir. Sərdabənin döşəməsi yaxşı cilalanmış daşlarla döşənmişdir. Orta əsrlərdə belə türbələr adətən feodal əyanlarının, maddi durumu yaxşı olan və tanınmış şəxslərin qəbri üstündə ucaldılırdı. Türbənin girişi üzərində nəsx xətti ilə yazılmış bir kitabə vardır. Kitabədə qeyd olunur ki, bu türbə hicri 704-cü ilin Ramazan ayında (miladi 1305-ci il) Yəhya ibn Məhəmməd əl-Xacənin qəbri üstündə tikilmişdir. Hacallı dairəvi bürcü — Hacallı kəndində yerləşən XIV əsrə aid dairəvi bürc də tarixi memarlıq abidəsi kimi qorunurdu. Təəssüf ki, bu abidə haqqında nə fotoşəkil, nə də ətraflı məlumat qalmışdır. Abidə dairəvi formada olmuşdur. Bürcün dəqiq tikilmə tarixi məlum deyil. Bunun səbəbi vaxtında mütəxəssis rəyinin verilməməsi və arxeoloji tədqiqatların aparılmamasıdır. Bu kənddə orta əsrlərə aid kəhriz, karvansara qalığı və məscid də mövcud olmuşdur. Yenikənd sərdabəsi — Həkəri çayının sağ sahilində yerləşən Yenikənd kəndində XIV əsrə aid sərdabə mövcud idi. Onun üst hissəsi uçmuş, yalnız alt hissəsi dövrümüzə qədər gəlib çatmışdır. Bu abidə də vaxtında tədqiq olunmadığından onun haqqında ətraflı məlumat yoxdur. Zəngilan şəhərində məscid — Rayon mərkəzində yerləşən bu məscid XVII–XVIII əsrlərə aid edilir. Məscidin Səfəvilər dövründə tikildiyi güman olunur. Onun ölçüləri 12 x 20 metr idi. İçərisində mehrab və taxça var idi. Tikintidə əsasən yerli əhəngdaşından istifadə olunmuş, divarları isə üzlənməmişdir. Məscidin tağformalı qapısı şərq tərəfə açılırdı. Qapının üst hissəsində kitabə var idi. Rayonun Bartaz, Sobu, Baharlı, Qıraq Müşlan, Malatkeşin, Şəfibəyli kəndlərində və Mincivan qəsəbəsində də məscidlər mövcud idi. Bundan əlavə, rayon ərazisində tapılmış daş qoç və at fiqurları da qədim tarixdən xəbər verirdi. Bartaz Qız qalası — Rayonun Bartaz və Vejnəli kəndləri arasında yerləşən hündür bir dağın üstündə xalq arasında "Qız qalası" adlanan qala var idi. Qala əsasən müşahidə məntəqəsi rolunu oynamışdır. Çünki yoldan xeyli aralı, yüksəklikdə yerləşən və o qədər də böyük olmayan bu tikili nə sığınacaq, nə də müdafiə istehkamı olmuşdur. Orta əsr müdafiə qalaları və sığınacaqları hündür və geniş ərazidə inşa edilir, ətrafı ya təbii maneələrlə qorunur, ya da ətrafına müəyyən məsafələrdən bir bürcləri olan hündür divarlar çəkilirdi. Burada isə belə müdafiə qurğularına rast gəlinmir. Buna əsasən demək olar ki, Bartaz Qız qalası müşahidə məntəqəsi funksiyasını daşımışdır. Həmçinin rayonun Yeməzli və Bartaz kəndlərində qədim alban kilsələri mövcud idi. Muzeylər — Tarix-Diyarşünaslıq Muzeyi rayon mərkəzində yerləşirdi. Muzeydə yüzlərlə eksponat saxlanılırdı. Bu eksponatlar xalqımızın qədim keçmişindən müasir dövrə qədər olan həyat tərzini, məişətini və mədəniyyətini əks etdirirdi. Daş Heykəllər Muzeyi isə Ağ oyuq adlanan ərazidə yerləşirdi və burada müxtəlif dövrlərə aid daş abidələr toplanmışdı. Koroğlu daşı — Xalq qəhrəmanı Koroğlunun adı ilə əlaqələndirilən bu daş əslində onun yaşadığı dövrdən xeyli əvvəl mövcud olmuşdur. Daş ağ rəngdədir və onun yuxarı tərəfində bir oyuq vardır. Daşın yerləşdiyi ərazi məhz bu xüsusiyyətinə görə "Ağ oyuq" adlanır. "Ağ" (daşın rəngi) və "oyuq" (daşın üzərindəki çuxur) sözləri ərazinin adının yaranma səbəbini göstərir. Daşın üzərindəki oyuqda qədim türklər və atəşpərəstlər od qalayardılar. Çox güman ki, bu oyuqda şam yandırılır və müxtəlif dini ayinlər icra edilirdi. Daşın üzərində qədim türk əlifbasına bənzəyən yazılar da vardır. Güman edilir ki, bunlar Orxon–Yenisey yazılarıdır. Bu əraziyə bəzən "Yazı düzü" də deyilir. Bu ad da həmin daşın üzərindəki yazılarla ("yazı" sözü ilə) əlaqədar yaranmışdır. Həmin ərazi rayon mərkəzindən Bakıya gedən yolun kənarında, hündür bir yerdə yerləşir. Yonulmuş formada olan daşın ölçüləri təxminən 90 x 40 x 20 santimetrdir. Əsrlər boyu günəşin və yağışın təsirinə məruz qalmasına baxmayaraq, daş öz möhkəmliyini və keyfiyyətini itirməmişdir. "İmam Hüseyn" məscidi — Zəngilan şəhərində yerləşən "İmam Hüseyn" məscidi XVII–XVIII əsrlərə aid edilir. Məscidin Səfəvilər dövründə tikildiyi ehtimal olunur. Onun ölçüləri 12 x 20 metr idi. İçərisində mehrab və taxça var idi. Tikintidə əsasən yerli əhəngdaşından istifadə olunmuş, divarları isə üzlənməmişdir. Məscidin tağformalı qapısı şərq tərəfə açılırdı və qapının üst hissəsində kitabə var idi. "İmam Hüseyn" məscidi erməni vandalları tərəfindən dağıdılmışdır. Məmmədbəyli türbəsi — Zəngilan rayonunun Məmmədbəyli kəndindəki türbə piramidal günbəzlə örtülmüş səkkizguşəli prizmadan ibarətdir. Türbənin qapısı yerdən 1,8 metr hündürlükdədir. Abidədə yeraltı sərdabə də mövcuddur. Məmmədbəyli türbəsi Azərbaycanın bürcvari türbələrinə bənzəyir. Sərdabənin döşəməsi yaxşı cilalanmış daşlarla döşənmişdir. Türbənin girişi üzərində nəsx xətti ilə yazılmış kitabə vardır. Kitabənin dörd sətrində "Qurani-Kərim"dən ayələr əks olunmuşdur. İki sətrində isə türbənin Məhəmməd əl-Xacənin oğlu Yəhyanın şərəfinə hicri təqvimi ilə 704-cü ildə (miladi 1305-ci il) tikildiyi göstərilmişdir. Binanın memarı və bənnası Əli Məcdəddindir. Rayon işğal edildikdən sonra türbə erməni vandalları tərəfindən dağıntılara məruz qalmışdır (və ya orijinal mətnə sadiq qalaraq: Rayon erməni silahlı dəstələri tərəfindən işğal edildikdən sonra türbənin vəziyyəti barədə məlumat olmamışdır). Şərifan məqbərəsi — Zəngilan rayonunun Şərifan kəndində, Həkəri çayının sağ sahilində qədim bir türbənin alt hissəsinin — sərdabəsinin qalıqları aşkar edilmişdir. Sərdabənin plan forması çıxıntıları olan kvadratdır (5,4 x 5,4 metr). Sərdabənin cənub divarında dayaz düzbucaqlı mehrab taxçası vardır. Onun üst hissəsi stalaktitlə, yanları isə incə sütuncuqlarla bəzədilmişdir. Sərdabənin çıxıntıları tağbəndlə, mərkəzi hissəsi isə sferik günbəzlə örtülmüşdür. Divar və tağlarının yaxşı yonulub cilalanmış daşlarla üzlənməsi, mehrab taxçasında və tağın arxivoltunda oyma naxışlı bəzək zolağının işlənməsi vaxtilə həmin sərdabənin yüksək memarlıq və bədii həlli olan qülləvari türbəyə aid olduğunu deməyə əsas verir. Şərifan sərdabəsi XIII–XIV əsrlərin qovşağında tikilmiş abidə hesab edilir. Coğrafi şəraiti — Rayonun relyefi qərbdə dağlıq, şərqdə isə düzənlikdir. Ərazisində Yura, Təbaşir və Neogen-Antropogen dövrlərinə aid çöküntülər yayılmışdır. Rayon orta və alçaq dağlıq sahədə yerləşir, mürəkkəb və parçalanmış səth quruluşuna malikdir. Ərazisinin əksər hissəsində qışı quraq keçən mülayim-isti iqlim hakimdir. Rayon ərazisindən 4 çay axır: Araz, Oxçuçay, Həkəri və Bəsitçay. Şimal-qərbdən əraziyə daxil olan Bərgüşad silsiləsi (Süsən dağı — dəniz səviyyəsindən 1304 metr yüksəklikdədir) Bazarçayla Oxçuçay arasında "Ağ oyuq" maili düzünü (dəniz səviyyəsindən 400–600 metr yüksəklikdədir) əmələ gətirir. Şimal-şərqdə Qarabağ silsiləsinin Araz və Həkəri çaylarına tərəf alçalan yamacları təpəli Gəyən çölünə keçir. Qərbdə Mehri (Mehri-Güney) silsiləsinin şərq kənarı olan Şükrətaz (Bartaz) dağı (dəniz səviyyəsindən 2270 metr yüksəklikdədir) yerləşir. Rayonda çökmə süxurlardan başqa vulkanik materiallar — Yura və Təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar — tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı və susuzlaşdırılmış soda istehsalı üçün əhəngdaşı mövcuddur. Rayonun bitki örtüyü Araz palıdının bitdiyi kserofit meşələrdən, mərkəzi hissədə və şimalda isə kolluqlardan ibarətdir. Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətlərinə görə zəngin təbiətə malikdir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, işğaldan əvvəl 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Zəngilanın Bəsitçay hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Əsrlər boyu qorunub saxlanılmış bu nadir çinar meşəsi sahəsinə görə dünyada ikinci, Avropada isə birinci yeri tutur. Zəngilan respublikada ərazisindən dörd daimi axarlı çay keçən yeganə inzibati ərazi vahididir. "Ağ oyuq" düzünün üzüm bağlarında yay istisinin hökm sürdüyü vaxtda buz bulaqlı Şükrətaz yaylağında sərin hava müşahidə olunur. Zəngin təbii iqliminə, yeraltı qızıl və mərmər yataqlarına, münbit torpaqlarına və təbiətinə görə bu bölgə yaxın keçmişdə “Qızıl Zəngilan” adlandırılmışdır. Təbiəti — Rayonun ərazisi Kiçik Qafqaz dağlarının cənub hissəsində, Araz çayı boyu yerləşir. Ərazinin sıldırımlı qayaları, laləli düzləri, meşələri və kolluqları vardır. Rayon mürəkkəb səth quruluşuna malikdir və çay dərələri ilə parçalanaraq dərin dərələr əmələ gətirir. Ərazidə əsasən Mezozoy dövrünün gilli şistləri, Yura və Təbaşir yaşlı əhəng və qumdaşları, eləcə də bir çox yerlərdə çökmə və vulkanik mənşəli süxurlar yayılmışdır. Dağlıq ərazilərdə yayılmış Yura və Təbaşir dövrü süxurları 150–200 min il əvvələ aiddir. Ərazidə Bazarçay silsiləsinin Barbar və Sələfir zirvələri (2 270 metr yüksəklikdə) yerləşir və bu silsilə Ağbənd və Vejnəli kəndləri yaxınlığında Araz dərəsinə enir. Burada zəngin qızıl yataqları (Vejnəli) mövcuddur. Şükrətaz yüksəkliyindən başlanan digər dağ qolu isə Sobu, Top və Dəlləkli kəndləri istiqamətində Araz çayına doğru enir. Oxçuçay və Bərgüşad çayları arasında yerləşən Süsən dağı silsiləsi cənub-şərqə doğru enərək Ağ oyuq düzünü əmələ gətirir. Bu ərazi Təbaşir dövrünün çökmə süxurlarından ibarətdir. Oxçuçayın hər iki sahilində karst mağaraları vardır. Rayonun şimal-şərq hissəsində Qarabağ silsiləsi yerləşir və bu silsilə getdikcə alçalaraq Gəyən çölünü əmələ gətirir. Rayonun dağlıq hissələrində sıx meşələr yayılmışdır. 1800–2000 metr hündürlükdə olan enliyarpaqlı meşələr yuxarıya doğru subalp və alp çəmənliklərinə keçir. Zəngilan rayonunda sahəsinə görə dünyada ikinci, Avropada isə birinci olan nadir təbii çinar meşəsi mövcuddur. Rayonun ərazisi müalicə əhəmiyyətli bitkilər və bulaqlarla, eləcə də tikinti daşı, gil, mərmər və digər təbii materiallarla zəngindir. Rayonun təbii şəraiti və mürəkkəb relyefi burada özünəməxsus iqlim formalaşdırmışdır. Arazboyu ərazilərdə qışı quraq keçən yarımsəhra və quru çöl iqlimi, nisbətən yüksək hissələrdə isə qışı quraq keçən mülayim-isti iqlim hakimdir. Rayon ərazisindən sürətli dağ çayları olan Həkəri, Oxçuçay, Bəsitçay və Araz çayları keçir. Mənbəyi dağ silsilələrindən başlayan yerli çayların hamısı Araz çayına tökülür. Zəngilan rayonunun cənubunda oxlu kirpi, cənub-şərqində isə çöl qabanı, ayı və cüyür yaşayır. Bundan əlavə, ərazidə dağ keçisi, tülkü, boz dovşan, canavar kimi heyvanlar, eləcə də qırqovul, kəklik, meşə xoruzu, sərçə, qarğa, sağsağan, qumru, vəhşi göyərçin kimi quşlar və gəlincik geniş yayılmışdır. Mədəniyyət, təhsil və səhiyyə müəssisələri — İşğaldan əvvəl Zəngilan rayonunda ümumtəhsil məktəblərinin sayı 66 olmuşdur: Orta məktəblər: 39; Əsas (8 illik) məktəblər: 15; İbtidai məktəblər: 12; Şagirdlərin sayı: 5836; Müəllimlərin sayı: 1115. İşğaldan sonrakı dövr (məcburi köçkünlük illəri) — 2008–2009-cu tədris ili üzrə rayona aid ümumtəhsil məktəblərinin sayı 37 olmuşdur: Orta məktəblər: 34; Əsas məktəblər: 2; İbtidai məktəblər: 1; Şagirdlərin sayı: 3960; Müəllimlərin sayı: 821. Təhsil sahəsində nailiyyətlər 2008–2009-cu tədris ilində 2 şagird Prezident təqaüdçüsü olmuşdur; 1993-cü ildən sonra 3 müəllim "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür; 2 müəllim “Tərəqqi” medalı, 2 müəllim isə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. İdman — XX əsrin 80-ci illərində rayonun mərkəzi stadionu dahi Azərbaycan şairi Səməd Vurğunun adını daşıyırdı və rayonun futbol komandasının adı “Süsən” idi. Əhalinin müqaviməti və işğal nəticəsində dağıntılar — Zəngilan qədim adət-ənənələrin qorunub saxlandığı, qonaqpərvər, zəhmətkeş, qanunsevər və dövlətçiliyə sədaqətli insanların məskəni olmuşdur. Bu bölgə aramsız düşmən hücumlarına və məhrumiyyətlərə mərdliklə sinə gərərək iki ay mühasirədə qalan, doğma torpağını sonuncu olaraq döyüşə-döyüşə tərk edən mətin və dəyanətli insanların yurdudur. Rayon işğal olunmazdan əvvəl erməni silahlı dəstələri tərəfindən tamamilə mühasirəyə alınmışdı və on minlərlə insan məhv edilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olmuşdular. Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun əraziləri, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri tamamilə dağıdılmış, zəngin təbii sərvətləri isə talan edilmişdir.
Bu məqalənin hazırlanmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarından, "Qarabağ yaddaşı" kitabından (Bakı, 2010, "MHS-Poliqraf"), eləcə də Vikipediya ("Qarabağ"), "Kayzen", "Erməni vandalizmi", "Virtual Qarabağ" və "Zəngilan" internet resurslarından istifadə edilmişdir.
K. Ələkbərli |
|
|
| |
| Baxılıb: 1410 | | |
| Ümumi Şərhlər: 0 | |